21 Noyabr 2019, Cümə axşamı

Məktəbdənkənar təhsil müəssisələri uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkilində mühüm əhəmiyyət daşıyır. Ona görə də muxtar respublikada məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təşkili həyata keçirilən təhsil islahatlarının əsas istiqamətlərindəndir. 

Oktyabrın 26-da Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlamışdır. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yaradıcılıq mərkəzində olmuş, dərnəklərin fəaliyyəti ilə maraqlanmışdır. 

Məlumat verilmişdir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 61 otaq, şahmat sinfi, kitabxana, idman, gimnastika və iclas zalları yerləşir. Bu il Ali Məclis Sədrinin tapşırığı ilə mərkəzdə Robotexnika, Memarlıq-dizayn, Mental aritmetik, Xalçaçılıq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma, Ebru sənəti, Qum sənəti, Dulusçuluq, Dram, Gimnastika və Sürətli oxu dərnəkləri yaradılmışdır. Hazırda mərkəzdə 121 dərnək fəaliyyət göstərir. Həmin dərnəklərə 35-i sağlamlıq imkanları məhdud uşaq olmaqla 2856 şagird cəlb olunmuşdur. 

Robotexnika dərnəyi üçün 11 kompüter, 10 robot və mebel dəsti, Xalçaçılıq dərnəyi üçün 5 hana, toxuma alətləri və iplər, Dulusçuluq dərnəyi üçün 6 dəzgah, Ebru sənəti üçün zəruri boya və xüsusi kağızlar, Metal üzərində bədii döymə, Ağac üzərində oyma dərnəyi üçün alətlər, Qum sənəti dərnəyi üçün stollar, Gimnastika dərnəyi üçün müvafiq idman alətləri alınmışdır. Memarlıq-dizayn dərnəyində 7 kompüter, rəqs otağında isə güzgü quraşdırılmışdır. Robotexnika və Mental aritmetik dərnəklərində elektron lövhələr quraşdırılmışdır. Bütün kompüter və elektron lövhələr internetə qoşulmuşdur. 

Baxış zamanı qeyd olunmuşdur ki, Mental aritmetik dərnəyi şagirdlərdə sürətli və dəqiq şəkildə hesablama bacarığının artmasını, onlarda riyazi təfəkkürün inkişafını, yaddaşın və qavramanın, həmçinin özünə inam və yaradıcılıq qabiliyyətinin güclənməsini formalaşdıracaqdır. Sürətli oxu dərnəyi isə uşaqlarda daha az zaman ərzində daha çox məlumat öyrənmək, oxunulan məlumatları uzun müddət yadda saxlaya bilmək vərdişlərini inkişaf etdirəcəkdir.  

Mərkəzin kitabxana fondunda 2820 kitab vardır. Burada şagirdlərin mütaliə vərdişlərinin formalaşdırılması üçün ardıcıl tədbirlər görülür, müzakirələr aparılır. 

Ali Məclisin Sədri mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxmışdır. Qeyd olunmuşdur ki, sərgidə 200-dən artıq əl işi nümayiş olunur. 

Robotexnika dərnəyinin yaradılmasında əsas məqsəd məktəblilərdə müasir biliklərə, yüksək texnologiyalara marağı artırmaqdır. Bu dərnək vasitəsilə şagirdlər dəqiqlik, analitik düşünmə, problem həlletmə, qərarvermə, komanda ilə işləmək kimi bacarıqlar, həmçinin təhsil müəssisələrində əldə etdikləri bilikləri real tətbiqetmə imkanı əldə edəcəklər. Onlarda mühəndisliyə maraq yaranacaq, informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadəetmə bacarığı formalaşacaq, proqramlaşma üzrə bilikləri artacaqdır. Memarlıq-dizayn dərnəyi isə dərnək üzvlərində mühəndislik bacarıqlarının formalaşmasına, onların düşüncə tərzləri əsasında ən son proqram təminatlarından istifadə etməklə müxtəlif layihələrin hazırlanmasına geniş imkanlar açacaqdır. 

Mərkəzdə Dulusçuluq, Metal üzərində bədii döymə, Ağac üzərində oyma və Xalçaçılıq dərnəklərinin yaradılması gənclərə xalq yaradıcılığı nümunələrini, dekorativ tətbiqi sənətin sirlərini öyrətmək və bunları yaşatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Gimnastika dərnəyi isə uşaqların bu idman növünün sirlərinə yiyələnməsi və fiziki cəhətdən sağlam formalaşmalarına töhfə verəcəkdir. 

"Gənc Heydərçilər" dərnəyinin üzvləri ümummilli liderimiz Heydər Əliyevə, Azərbaycana və Naxçıvana həsr olunmuş şeirləri bədii qiraət etmişlər. Rəqs dərnəyi üzvlərinin ifasında "Köçəri" yallısı təqdim olunmuşdur. Nağara, Vokal və Qarmon dərnəklərinin üzvləri isə milli musiqi nömrələri ilə çıxış etmişlər. Bildirilmişdir ki, Rəsm, Pianino, Bədii tikmə, Taxta üzərində yandırma, Şahmat, İngilis dili və digər dərnəklərə də uşaq və gənclərin böyük marağı vardır. 

Dərnək rəhbərlərindən Elvin Budaqov, Akif Həsənov, Həsən Şükürov, Mehdi Məmmədov, Vilayət Əmirov və Səyyad Bayramov yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişlər.  

Sonra mərkəzin kollektivi ilə görüş olmuşdur. 

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir ki, muxtar respublikada bütün sahələr kimi, təhsilin inkişafı da dövlət qayğısı ilə əhatə olunub. Uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün zəruri tədbirlər görülür. Hazırda muxtar respublikada 36 məktəbdən­kənar təhsil müəssisəsi vardır. Həmin müəssisələr arasında fəaliyyət imkanlarının genişliyi baxımından Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi xüsusilə seçilir. Ali Məclis Sədrinin tapşırığı əsasında yaradılan innovativ dərnəklər Heydər Əliyev Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyətini daha da gücləndirəcəkdir. Rəhman Məmmədov muxtar respublikada istedadlı şagirdlərin üzə çıxarılması və onların potensiallarının inkişaf etdirilməsi üçün yaradılan şəraitə görə təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir. 

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək rəhbəri Əfsanə Əmirova  minnətdarlıq edərək demişdir: “Uşaq və yeniyetmələrin asudə vaxtlarının mənalı təşkili üçün mərkəzdə nümunəvi tədris şəraiti yaradılmışdır. Uşaqların asudə vaxtının və tərbiyəsinin düzgün təşkili, onların intellektual inkişafı və istedadlarının üzə çıxarılması istiqamətində tədbirlər görülür, dərnək üzvlərinin sərgiləri təşkil olunur. Mərkəzdə innovativ dərnəklərin yaradılması da görülən işlərin davamıdır. Göstərilən diqqət müəllimləri daha da ruhlandırır. Əmin edirik ki, yaradılanları qoruyacaq, onlardan səmərəli istifadə edərək gənc nəslin təlim-tərbiyəsində səylə çalışacağıq”. 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin “Uşaqlar bizim gələcəyimizdir” fikirlərini xatırladaraq demişdir: Gələcəyimiz olan uşaqlar hərtərəfli böyüməli, yaxşı təhsil almalıdır. Bu gün ölkəmizdə sabitlik və inkişaf vardır. Bütün sahələrin, o cümlədən təhsilin inkişafına qayğı göstərilir.  Ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Azərbaycan savadlılıq səviyyəsinə görə dünyanın aparıcı ölkələri ilə bir sıradadır. 

Ali Məclisin Sədri demişdir: Muxtar respublikada gənclərin hərtərəfli təhsil almaları üçün lazımi tədbirlər görülür, müasir tədris avadanlıqları ilə təmin olunmuş məktəb binaları istifadəyə verilir. Bu gün Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzindəki dərnəklərdə fəaliyyət göstərən uşaqlar da ən müasir məktəblərdə təhsil alırlar. Uşaqların təhsili ilə yanaşı onların istedad və bacarıqlarının üzə çıxarılması da əsas məsələdir. Ona görə də məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinin təmin olunması diqqətdə saxlanılır, müxtəlif dərnəklər yaradılır. Uşaq və gənclərin öz maraq və bacarıqlarına uyğun sahələrə yönləndirilməsində, asudə vaxtlarının səmərəli təşkilində dərnəklərin mühüm rolu var. Vaxtilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi üçün müasir bina istifadəyə verilmiş, müxtəlif dərnəklərin fəaliyyəti təmin olunmuşdur. Lakin XXI əsr elm, təhsil və innovasiya əsridir. Ona görə də mərkəzdə bu sahələrə uyğun yeni dərnəklərin yaradılması qərara alındı. Yaradılan şəraitlə tanışlıq zamanı bir daha aydın oldu ki, dərnəklərə böyük maraq vardır. Eyni zamanda burada uşaqların maraqlarına uyğun hazırlanması səmərəli həyata keçirilir. 

Ali Məclisin Sədri uğurlu fəaliyyətlərinə görə kollektivə təşəkkür edərək demişdir: Gənclərin hərtərəfli hazırlanması qarşımızda duran mühüm vəzifədir. Ona görə də muxtar respublikada təhsilin bütün pillələri, eləcə də məktəbdənkənar təhsil üzrə müasir tədris şəraiti yaradılmışdır. Yaradılan şəraitdən düzgün istifadə etmək, uşaq və gəncləri vətənpərvər, təhsilli böyütmək, onlara peşə öyrətmək, istedadlarını üzə çıxarmaq etibarlı gələcəyimizə xidmət edir. Gənclər ali təhsil almaqla yanaşı, həm də maraqlarına uyğun bir sənət öyrənməli, yeni innovasiyaları mənimsəməlidirlər. Ona görə muxtar respublikanın rayonlarında da məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti gücləndirilməli, peşə məktəblərində və Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə yeni innovativ dərnəklər yaradılmalıdır. Bu sahədə görülən işlərin nəticəsi olaraq gələcəkdə dərnək üzvlərinin əl işləri və bacarıqlarını nümayiş etdirən festivallar keçirilməlidir. 

Ali Məclisin Sədri bundan sonra da mərkəzdə gənclərin hərtərəfli hazırlanacağına əminliyini bildirmiş, kollektivə gələcək işlərində uğurlar arzulamışdır. 

  Naxçıvan Muxtar Respublikası

 Ali  Məclisinin mətbuat xidməti

  

ARXİV

Noyabr 2019
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR