24 Oktyabr 2020, Şənbə

 

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək demişdir: “Bu gün müasir texnologiyalar olmadan heç bir dövlət normal inkişaf etməyə qadir deyildir”.
Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində yeni texnologiyalar geniş tətbiq olunur. Bu sahənin maddi-texniki bazasının gücləndirilməsi əhalinin informasiya-kommunikasiya texnologiyalarına çıxış imkanlarını yaxşılaşdırmış, bütün yaşayış məntəqələri fiber-optik xətt və sürətli internetlə təmin olunmuş, 4-cü nəsil mobil rabitə xidmətinin əhatə dairəsi genişlənmişdir.
Sentyabrın 18-də “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Ali Məclisin Sədri “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüşmüşdür.
“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin icraçı direktoru Kamil Yusifov çıxış edərək demişdir ki, Naxtel 4G mobil operatoru Ali Məclis Sədrinin iştirakı ilə 25 oktyabr 2016-cı ildə fəaliyyətə başlamışdır. 4 ilə yaxın müddətdə keyfiyyətli, sərfəli və kəsintisiz mobil telekommunikasiya həyata keçirilmişdir. Sahibkarlıq subyektlərinin uğurlarının təməlində ölkəmizdə bu sahənin inkişafına göstərilən dövlət qayğısı dayanır və bu qayğı muxtar respublikada da uğurla davam etdirilir. Naxtel mobil operatoru muxtar respublikanın yaşayış məntəqələrinin 98 faizini əhatə edir. Kamil Yusifov göstərilən diqqət və qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni ofis binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: "Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyəti Sahibkarlığın İnkişafına Dəstək Fondu tərəfindən ayrılmış kredit hesabına yaradılmışdır. Cəmiyyət yarandığı gündən işini düzgün qurmasının nəticəsidir ki, həm fəaliyyətini genişləndirə bilmiş, həm də götürdüyü krediti vaxtında qaytarmışdır.
Ali Məclisin Sədri uğurlu və səmərəli fəaliyyətinə görə "Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinin kollektivinə təşəkkür edərək demişdir: Dövlət zəmanəti ilə yaradılmış "Naxtel" 4G mobil operatoru muxtar respublikanın 105 mindən yuxarı sakininə xidmət edir. Cəmiyyətdə 60-a yaxın gənc mütəxəssis çalışır. Hər bir şirkətin fəaliyyətinin əsas məqsədi müştərilərə göstərilən xidmətlərin səviyyəsini yüksəltməkdən, onların razılığını qazanmaqdan ibarətdir. Fəaliyyəti genişləndirməyin əsas yolu da məhz budur. Hazırda muxtar respublikada müxtəlif mobil operatorlar rabitə xidməti göstərir. Bu da bazarda rəqabətin yaranmasını təmin edir.
Bildirilmişdir ki, "Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinin uğurlu fəaliyyət göstərməsinin bir səbəbi də müasir və keyfiyyətli avadanlıqlarla təmin olunmasıdır. Bu avadanlıqların istehsalçısı Çin Xalq Respublikasının "Huawei" şirkətidir. "Huawei" şirkəti ilə qarşılıqlı əlaqələr muxtar respublikaya yeniliklər gətirib.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinə səmərəli əməkdaşlığa görə təşəkkür etmişdir.
“Müasir iş şəraiti keyfiyyətli xidmət deməkdir”,- deyən Ali Məclisin Sədri bildirmişdir ki, cəmiyyət bu gün yeni ofislə təmin olunur. Qarşıda duran əsas vəzifə bundan sonra da abunəçilərə keyfiyyətli mobil rabitə xidməti göstərmək, müştəri məmnuniyyəti qazanmaqdan ibarətdir.
Ali Məclisin Sədri kollektivə işlərində uğurlar arzulamış, yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, binanın birinci mərtəbəsində satış və xidmət mərkəzi, anbar, ikinci mərtəbəsində isə iş otaqları və 40 yerlik iclas zalı yerləşir. "Naxtel" Məhdud Məsuliyyətli Cəmiyyətinə ötən dövrdə kəsintisiz internet və danışığı təmin etmək üçün 20 baza stansiyası, məlumat hesablama və internet paketlərini idarə edən sistemlər alınmışdır. Baza stansiyalarından 15-i istifadəyə verilmiş, 5-nin qurulması isə davam etdirilir. Hazırda cəmiyyət 113 baza stansiyası vasitəsilə abunəçilərə mobil telekommunikasiya – danışıq, SMS, toplu SMS, internet və GPS monitorinq xidmətləri göstərir. Şəbəkə keyfiyyətinin qorunması üçün optimizasiya işləri davam etdirilir. Sürətli abunəçi artımı nəzərə alınaraq ikinci alternativ proqram təminatı sistemi yaradılmışdır. Hazırda aktiv və ehtiyat olmaqla, 2 məlumat hesablama sistemi proqram təminatının fasiləsiz xidmətini təşkil edir.
Cəmiyyət şəbəkə təminatı üzrə Çin Xalq Respublikasının “Huawei”, mobil telekommunikasiyada billinq proqram təminatı üzrə Türkiyənin “Akgün Yazılım”, rominq xidmətləri təminatı üzrə isə “Azercell” şirkəti ilə əməkdaşlıq edir. Abonentlər ölkənin digər regionlarında milli, xarici ölkələrdə isə beynəlxalq rominq xidmətlərindən istifadə edirlər. 8 ölkədə - Gürcüstan, Ukrayna, Türkiyə, Rusiya, İran, Moldova, Birləşmiş Ərəb Əmirlikləri və Belarusda beynəlxalq rominq xidməti mövcuddur. Xidmətin aktivləşdirildiyi ölkə sayının 25-ə çatdırılması üçün işlər davam etdirilir.
Ali Məclisin Sədri Çin Xalq Respublikasının “Huawei” şirkətinin Naxçıvanda ofisinin yaradılmasının əhəmiyyətini diqqətə çatdırmışdır.
“Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin demişdir: “Şirkətimizə güvəndiyiniz və bizi seçdiyiniz üçün minnətdarlıq edirik. Bizim Naxçıvanla yalnız kommersiya deyil, həm də dostluq əlaqələrimiz vardır. Ümid edirəm ki, ən qısa zamanda Naxçıvanda şirkətin ofisi yaradılacaq”.
Ali Məclisin Sədri “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin Rabitə və Yeni Texnologiyalar Nazirliyi ilə birgə fəaliyyətin qurulması, mütəxəssis hazırlığı və xidmət keyfiyyətinin artırılması ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2020
Be Ça Ç Ca C Ş B
28 29 30 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31 1

MÜƏLLİFLƏR

KEÇİDLƏR