07 Mart 2021, Bazar

Şahbuz rayonu sosial-iqtisadi inkişafın yeni mərhələsində

Əlverişli təbii-coğrafi şəraitə və turizm potensialına malik olan Şahbuz rayonu böyük inkişaf yolu keçmişdir. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi islahatlar, aparılan kompleks quruculuq işləri Şahbuz rayonunu da əhatə etmişdir. Bu gün istər Şahbuz şəhəri, istərsə də rayonun qəsəbə və kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, eləcə də turizm obyektlərinin, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Şahbuzda məskunlaşmanı daha da artırmışdır.

Şahbuz şəhərində yeni yaşayış binası
istifadəyə verilib, şəhid ailəsi mənzillə təmin olunub

Son illər muxtar respublikada istifadəyə verilən yaşayış binaları vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, həm də məskunlaşmanın və yüksək rifahın göstəricisidir. Muxtar respublikada şəhid ailələrinin mənzillə təmin olunması da daim diqqətdə saxlanılır.
Yanvarın 19-da Şahbuz şəhərində yeni yaşayış binası istifadəyə verilmiş, binada şəhid Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Şahbuz rayonunda istifadəyə verilən 40 mənzilli yaşayış binasında ilk mənzil şəhid ailəsinə verilir. 1992-ci ildə Sədərək rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş Mehman Orucovun ailəsinə 2 otaqlı mənzil təqdim olunur. Ötən illər ərzində muxtar respublikada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi uğrunda həyatlarını qurban vermiş 42 şəhid ailəsinə mənzil verilmiş, onlar hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuşlar. Şəhidlər, qazilər olmadan Vətən torpağı qorunmaz, suverenlik, dövlət müstəqilliyi möhkəmləndirilə bilməz. Ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə Azərbaycan əsgəri daim qəhrəmanlıq göstərmişdir. 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İstər Vətən müharibəsində, istərsə də Birinci Qarabağ müharibəsində şəhid və qazilərimiz olmuşdur. Sabah isə 20 Yanvar faciəsinin ildönümüdür. Bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizin tezliklə sağalmasını, şəhid ailələrinə isə səbr diləyirəm.

Ali Məclisin Sədri şəhid ailəsinə yeni mənzillərində rahat və firavan həyat arzulamış, mənzilin orderini şəhidin anası Çəməngül Orucovaya təqdim etmişdir.
Şəhid anası Çəməngül Orucova ailə üzvləri adından minnətdarlıq edərək demişdir: "Mənim oğlum Mehman Orucov Birinci Qarabağ müharibəsində Sədərəyin nankor ermənilərin hücumlarından müdafiəsi zamanı qəhrəmancasına şəhid olub. Bir ana kimi qürur duyuram ki, övladım Vətən uğrunda həlak olub. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun qazandığı qələbə bütün şəhid anaları kimi, mənə də böyük təsəllidir. Çünki işğal altında olan torpaqlarımız azad edilməklə, həm də şəhid balalarımızın qisası alındı. Şəhid ailəsi kimi dövlətimizin qayğısını daim hiss etmişik. Bu gün bizə verilən mənzil isə həmin qayğının davamıdır. Dövlətimizin bu qayğısını bütün ailə üzvlərim böyük minnətdarlıqla qarşılayır".
Şəhid ailəsinə verilən mənzildə yaşayış üçün bütün şərait yaradılmış, təmir olunmuş, xalça hədiyyə edilmişdir.

Sonra binaya baxış olmuşdur. Məlumat verilmişdir ki, ümumi sahəsi 5 min 388 kvadratmetr olan binanın tikintisinə 2018-ci ilin avqust ayında başlanılmışdır. Zirzəmi ilə birlikdə 6 mərtəbədən ibarət olan bina 40 mənzillidir. Mənzillərdən 20-si üçotaqlı, 20-si isə ikiotaqlıdır. İkiotaqlı mənzillərin hər birinin ümumi sahəsi 63 və 64, üçotaqlı mənzillərin ümumi sahəsi isə 83 və 88 kvadratmetrdir. Müasir kommunal şəraitlə təmin olunmuş mənzillər fərdi istilik sistemi ilə qızdırılacaqdır. Həmçinin binada mərkəzləşdirilmiş antena sistemi quraşdırılmışdır.
Yaşayış binasının zirzəmisində yerləşən xidmət mərkəzində qadın gözəllik salonu, bərbərxana, dərzi, elektrik cihazlarının təmiri, ərzaq və təsərrüfat malları mağazaları vardır.
Binanın həyətində geniş abadlıq işləri aparılmış, yaşıllıq sahəsi salınmışdır.

Şahbuz Rayon Gigiyena və Epidemiologiya
Şöbəsi üçün müasir iş şəraiti yaradılıb


Əhalinin sağlamlığının qorunması və yoluxucu xəstəliklərin qarşısının alınması səhiyyə sisteminin əsasını təşkil edir. Muxtar respublikada bu sahədə görülən işlər, xüsusilə gigiyena və epidemiologiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, mütəmadi dezinfeksiya işlərinin aparılması və təmizliyə diqqətin artırılması yoluxucu xəstəliklərin yayılmasının qarşısını almışdır. Dünyada pandemiya halını almış virusun muxtar respublikada geniş yayılmaması və epidemioloji vəziyyətin sabit olması da görülən işlərin nəticəsidir.
Yanvarın 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün yaradılan yeni iş şəraiti ilə maraqlanmışdır.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva çıxış edərək demişdir: "Muxtar respublikada səhiyyə sahəsində həyata keçirilən tədbirlər epidemioloji vəziyyətin sabitləşməsinə zəmin yaratmış, insanların sağlamlığı daim diqqətdə saxlanılmışdır. Yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsində muxtar respublikada yoluxucu xəstəliklərin yayılmasının qarşısı alınmışdır. Bu sahədə əsas iş Gigiyena və Epidemiologiya Mərkəzinin və onun rayon şöbələrinin üzərinə düşür. Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən də bu sahədə işlər görülmüş, parazitoloji və bakterioloji müayinələr aparılmış, uşaqlar vaksinasiyaya cəlb edilmişdir. Bu da idarəolunan yoluxucu xəstəliklərlə mübarizədə əhəmiyyətli rol oynayır". Zeynəb Mustafayeva göstərilən diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Ötən il Ordubad rayon Gigiyena və Epidemiologiya Şöbəsinin istifadəyə verilməsi zamanı Ali Məclisin Sədri Naxçıvan Muxtar Respublikasının Epidemioloji Atlasının hazırlanması ilə bağlı tapşırıq vermişdir. Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva yeni nəşr olunmuş atlası Ali Məclisin Sədrinə təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş otaqları istifadəyə verilir. Şahbuz rayonu 1930-cu ildə yaradılıb. Bu illər ərzində rayon böyük inkişaf yolu keçib, təşkilatlar formalaşıb. Rayonun ötən illərdə inkişafına töhfə verən təşkilatlardan biri də Gigiyena və Epidemiologiya Şöbəsidir. Şöbənin kollektivi tərəfindən rayonda epidemioloji vəziyyətə daim nəzarət olunur, əhali arasında maarifləndirici tədbirlər aparılır. Şahbuz rayonunda 1 şəhər, 1 qəsəbə və 22 kənd vardır. Rayonda 25 mindən çox əhali yaşayır. Əhalinin gigiyenik qaydalara əməl etməsi ilə bağlı maarifləndirmə işlərinin aparılması, eyni zamanda ərazidə epidemioloji vəziyyətə nəzarət üçün şöbənin iş şəraitinin müasirləşdirilməsinə ciddi ehtiyac vardı. Dünyada baş vermiş epidemioloji vəziyyət gigiyena və epidemiologiya sahəsinin nə qədər vacib olduğunu göstərdi. Bütün bunlar nəzərə alınaraq 2020-ci ildə muxtar respublikada bu sahədə struktur dəyişikliyi edilərək Naxçıvan Muxtar Respublikasında Gigiyena və Epidemiologiya Mərkəzi, rayonlarda isə şöbələri yaradıldı. Şahbuz rayonundakı şöbə 26 ştat vahidi ilə fəaliyyətə başladı.
Ali Məclisin Sədri demişdir: Dünyadakı epidemioloji vəziyyətlə bağlı olaraq bu gün gigiyena və epidemiologiya sahəsinin üzərinə mühüm vəzifələr düşür. Adından da göründüyü kimi, gigiyena və epidemiologiya sahəsi bütün dövrlərdə vacibdir. Dünya Səhiyyə Təşkilatının tövsiyəsi də ondan ibarətdir ki, gigiyenik qaydalara əməl edilsin, təmizlik, sosial məsafə qorunsun, ərazilərin epidemioloji vəziyyətinə nəzarət olunması üçün dezinfeksiya işləri aparılsın və əhali daim maarifləndirilsin. Bu sahə daim diqqət mərkəzində olmalı, maddi-texniki bazası möhkəmləndirilməli, kadr potensialının təkmilləşdirilməsi nəzarətdə saxlanılmalı, maarifləndirici tədbirlər keçirilməlidir. Artıq muxtar respublikanın bir sıra rayonlarında Gigiyena və Epidemiologiya şöbələri müasir iş şəraiti ilə təmin olunmuşdur. Bu işlər cari ildə də davam etdiriləcəkdir. Gigiyena və epidemiologiya sahəsində vaxtında görülmüş işlərin nəticəsidir ki, muxtar respublikada epidemiya pandemiyaya çevrilmədi.

Ali Məclisin Sədri kollektivə fəaliyyətlərində uğurlar arzulamış, yaradılan şəraitdən səmərəli istifadə olunacağına əminliyini bildirmişdir.
Şahbuz rayon Gigiyena və Epidemiologiya Şöbəsinin həkim köməkçisi Mehriban İmanquliyeva rayonun səhiyyə işçiləri adından minnətdarlıq edərək demişdir: "Kollektivimiz əvvəllər uyğunlaşdırılmış binada fəaliyyət göstərirdi ki, bu da işin keyfiyyətinə təsir edirdi. Artıq bizim üçün müasir iş şəraiti yaradılmışdır. Bu, daha yaxşı işləməyimizə, əhalinin sağlamlığının və epidemioloji vəziyyətin qorunmasına təminat verir".
Gigiyena və Epidemiologiya Şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı məlumat verilmişdir ki, şöbədə müdir, epidemioloq, sterilizasiya və dezinfektor otaqları, epidemioloji, bakterioloji, parazitaloji, ümumi sanitariya laboratoriyaları, bufet və anbar vardır. Şöbə nitratometr, dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, avtoklav, distilyator, sentrifuqa, analitik tərəzi, quruducu və soyuducu şkaflar, həmçinin köməkçi tibbi ləvazimatlarla təmin edilmişdir. Ötən il Gigiyena və Epidemiologiya Şöbəsi tərəfindən rayonda 1620 obyektdə 813 min kvadratmetr sahədə dezinfeksiya, 167 obyektdə 172 min kvadratmetr sahədə isə dezinseksiya işləri aparılmışdır.
Ali Məclisin Sədri bölgədəki turistik ərazilərdə və yaylaqlarda dezinfeksiya işlərinin aparılması, su hövzələrindən nümunələrin götürülərək yoxlanılması, ailə təsərrüfatlarında istehsal olunan konservləşdirilmiş məhsullara nəzarət olunması barədə tapşırıqlar vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Mart 2021
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

MÜƏLLİFLƏR

KEÇİDLƏR