20 Aprel 2021, Çərşənbə axşamı

Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində geniş quruculuq işləri aparılıb

“Əsas məsələ Vətən sevgisidir. İqtisadi imkanlar böyük də ola bilər, o qədər böyük olmaya da bilər. Amma əgər Vətən sevgisi varsa, məhdud iqtisadi imkanlarla da çox iş görmək olar. Mən çox şadam ki, naxçıvanlıların Vətənə bağlılığı həmişə olduğu kimi, çox yüksək səviyyədədir”, _ deyən ölkə Prezidenti cənab İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttini ölkəmizdə uğurla həyata keçirməsi, xüsusilə sosial sahəyə göstərilən qayğı insan amilinə verilən dəyərin daha bir ifadəsidir. Naxçıvan Muxtar Respublikasında aparılan abadlıq-quruculuq işləri də şəhər, qəsəbə və kəndləri müasir inkişaf mərhələsinə çıxarmış, sakinlərin rahat yaşayışı təmin edilmişdir.
Fevralın 5-də Ordubad rayonunun Nüsnüs və Yuxarı Əndəmic kəndlərində yeni sosial obyektlər istifadəyə ­verilmişdir.

Nüsnüs kənd məktəbində müasir tədris şəraiti yaradılıb 

Fevralın 5-də Ordubad rayonunun Nüsnüs kənd tam orta məktəbi istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbin açılışını etmiş, yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olan 414 şagird yerlik məktəbdə 26 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 2 şahmat sinfi, 2 kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob, idman zalı, bufet və anbar vardır. Məktəbdə internetə çıxışı təmin edilmiş 41 kompüter və 4 elektron lövhə quraşdırılmışdır.
STEAM kabinəsi elektron lövhə, 2 kompüter, 3D printer, mikrobit və digər öyrədici STEAM qurğuları ilə təchiz edilmişdir. Kitabxanadakı 8788 ədəbiyyat və dərslik şagirdlər üçün geniş mütaliə imkanı yaradır. İdman zalında dərslərlə yanaşı, məktəbdaxili yarışların keçirilməsi üçün də lazımi şərait vardır. Hərbi kabinə isə şagirdlərin vətənpərvərlik tərbiyəsinin və hərb sənətinə maraqlarının artırılmasında mühüm rol oynayacaqdır.
Bildirilmişdir ki, məktəbin məzunlarından Heydər Əliyev adına Hərbi Liseyi bitirən 4 nəfər təhsillərini davam etdirərək bu sahədə fəaliyyət göstərirlər. Onlardan 2-si ölkəmizin ərazi bütövlüyünün bərpasında qəhrəmancasına iştirak etmişlər.

2020-2021-ci tədris ilində məktəbin birinci sinfinə 21 şagird qəbul olunmuşdur.
STEAM kabinəsində şagirdlərin 3D printerdə hazırladıqları külək turbinləri və Günəş panellərinin maketləri Ali Məclisin Sədrinə təqdim olunmuşdur. Ali Məclisin Sədri muxtar respublikada külək və Günəş elektrik stansiyalarının tikildiyini vurğulayaraq bu sahə üzrə mütəxəssislərin yetişməsinin əhəmiyyətini qeyd etmişdir.
Muxtar respublikanın ümumtəhsil məktəblərində dəqiq elmlərə marağın artırılmasında, ən əsası isə şagirdlərin əqli inkişafında şahmatın tədrisi mühüm vasitədir. Şahmat avadanlıqları və dərsliklərlə təmin olunmuş sinif otaqlarının istifadəyə verilməsi bu sahəyə marağı artıracaqdır.

Məktəbin müəllimi Natəvan Qarayeva şahmatın tədrisi üçün yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir: "Məktəbimizdə müxtəlif fənn kabinələri yaradılıb. Bunlardan biri də şahmat otağıdır. Şagirdlərin şahmata böyük marağı var. Muxtar respublikada şahmata göstərilən diqqət və qayğının nəticəsidir ki, məktəbimizin şagirdləri müxtəlif şahmat turnirlərində uğurlar qazanmışlar".
Elektron lövhəli sinifdə Dövlət Bayrağı Muzeyi ilə 200-dən artıq ümumtəhsil məktəbləri arasında "Naxçıvanın muxtariyyəti: tarix və müasirlik" mövzusunda keçirilən interaktiv dərs izlənilmişdir.
Ali Məclisin Sədri məktəbin pedaqoji kollektivi ilə görüşmüşdür.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək demişdir: Muxtar respublikada təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən il 1106 şagird yerlik 5 ümumtəhsil məktəbi, Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün binalar, 2021-ci ilin yanvar ayında isə Şərur rayon Şəhriyar kənd tam orta məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Təhsil quruculuğu ilə yanaşı, ötən il yeni təhsil müəssisələrinin və innovativ dərnəklərin yaradılması da diqqətdə saxlanılmışdır. 2020-2021-ci tədris ilindən Ali Məclis Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılmışdır. Müəllimlərin işə qəbulu, xüsusilə gənc kadrların ucqar dağ kəndlərindəki ümumtəhsil müəssisələrinə üstünlük vermələri rayon mərkəzləri ilə yanaşı, həmin kəndlərdə də müasir təhsil infrastrukturunun yaradılmasının və müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir. Bu gün Nüsnüs kənd tam orta məktəbi də müasir məktəblər sırasına qoşulur. Rəhman Məmmədov yaradılan şəraitə görə muxtar respublikanın təhsil işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq etmişdir.

Məktəbin müəllimi Kövsər Hümmətova kollektiv və valideynlər adından minnətdarlıq edərək demişdir: "Ali Məclis Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikanın bütün şəhər və rayonları, o cümlədən kəndləri simasını dəyişmiş və müasirləşmişdir. İndi ucqar dağ kəndinin infrastruktur təminatı baxımından paytaxt Naxçıvan şəhərindən heç də geridə qalmaması insan amilinə verilən dəyərin ifadəsidir. Bu gün Nüsnüs kəndi də müasir kəndlər sırasına qoşulur. Kənddə geniş quruculuq işləri aparılmışdır ki, onlardan biri də Nüsnüs kənd tam orta məktəbidir. Artıq şagirdlərimiz ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almaları ilə yanaşı, biz müəllimləri də səylə çalışmağa ruhlandıracaqdır".

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Nüsnüs kənd tam orta məktəbinin istifadəyə verilməsi və qazandıqları uğurlar münasibətilə kollektivi təbrik edərək demişdir: Bu gün Nüsnüs kənd tam orta məktəbi ölkəmizin nümunəvi məktəbləri sırasına daxil olur. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana hər iki rəhbərliyi dövründə təhsilə qayğı yüksək səviyyədə olmuşdur. Ötən əsrin 70-ci illərində ulu öndərimiz tərəfindən təhsilin inkişafına diqqətin artırılması, məktəb tikintisinin geniş vüsət alması və gənclərin Sovetlər Birliyinin ən yaxşı ali məktəblərində təhsil almağa göndərilməsi Azərbaycanın gələcək müstəqilliyinə hesablanmış tədbirlər idi. Azərbaycan müstəqillik əldə etdikdən və ulu öndərimiz ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsili əsas məsələlər sırasına çıxardı. Ümummilli lider deyirdi: "Dövlət haradan olursa-olsun, nədən olursa-olsun kəsib məktəb işinə sərf etməli, müəllim əməyinə qiymət verməlidir". Həmin dövrdə ölkəmiz müharibə şəraitində yaşayırdı, torpaqlarımız işğal olunmuşdu. Lakin məktəb tikintisinə diqqət göstərilir, müəllimlərin əməyi qiymətləndirilirdi. Ümummilli liderimizin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyev də təhsilə qayğının vacibliyini bildirərək demişdir: "Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir".

Ali Məclisin Sədri demişdir: Göstərilən qayğının nəticəsidir ki, Azərbaycan gəncləri bu gün dünyanın müxtəlif ali məktəblərində təhsil alır, ölkəmizin inkişafına töhfələrini verirlər. Bütün bunlar isə təhsilin Azərbaycan dövlətinin həyatında ən vacib sahələrdən biri olduğunu təsdiq edir. Bu gün gənclərimiz dövlət quruculuğunda fəal iştirak edir, müstəqilliyimizin möhkəmlənməsində mühüm rol oynayırlar. Nüsnüs kənd tam orta məktəbinin məzunları da həm dövlət quruculuğunda, həm ərazi bütövlüyümüzün müdafiəsində, həm də torpaqlarımızın işğaldan azad olunmasında iştirak edirlər. Məktəbin məzunlarından Prezident təqaüdünə və mükafatına layiq görülənlər var. Məktəbin ötən tədris ilindəki nəticələri göstərir ki, burada yaxşı təhsil ənənələri yaranıb. Məktəbdəki şərait həmin ənənələri daha da inkişaf etdirməyə imkan verəcəkdir. Bu gün Nüsnüs kənd tam orta məktəbinin təminatı inkişaf etmiş ölkələrdəki məktəblərlə eynidir. Ümumilikdə, ölkəmizdə, eləcə də muxtar respublikamızda tikilən bütün məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulur. Müəllimlərin peşələrinə bağlılığı, öz üzərlərində işləmələri, vəzifələrinə hörmətlə yanaşmaları ölkənin gələcəyinə xidmət edir. Buna görə də müəllim əməyi dövlətimiz tərəfindən qiymətləndirilir, fərqlənənlər dövlət mükafatları ilə təltif olunurlar.
Ali Məclisin Sədri demişdir: Məktəbdə yaradılan şərait imkan verəcək ki, şagirdlər dünyagörüşünü formalaşdırsın, müasir həyatın tələblərinə uyğun yetişərək gələcəkdə dünyanın istənilən ali məktəbində təhsil ala bilsinlər. Ona görə də kollektivin qarşısında duran əsas məsələ gəncləri vətənpərvər, yüksək təhsilli və dünyagörüşlü yetişdirməkdir.

Binanın həyətində fərdi qazanxana, açıq idman qurğusu tikilmiş, abadlıq işləri aparılmış, yaşıllıq salınmışdır.

Yeni kənd mərkəzi əhalinin vaxt itkisinin qarşısını alır

Dövlət qurumlarının eyni binada fəaliyyət göstərməsi səmərəli idarəetmə və insan amilinə verilən dəyərin ifadəsidir.
Fevralın 5-də Nüsnüsdə yeni kənd mərkəzinin açılışı olmuşdur.
Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal vardır. Kitabxanada 8062 kitab toplanmış, onlardan 1881-i latın, 6181-i kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Ayxan Hüseynli minnətdarlıq edərək demişdir ki, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 452 üzvü vardır ki, onlardan 170-i gənc, 255-i isə qadındır. Partiya üzvləri kəndin ictimai işlərində fəal iştirak edirlər.

Nüsnüs kəndində baytarlıq xidmətinin təşkilinə xüsusi diqqət yetirilir, mütəmadi olaraq baytarlıq müşahidələri aparılır, dezinfeksiya və dezinseksiya tədbirləri görülür. Kənddə maldarlıq və heyvandarlıqla yanaşı, əkinçilik də inkişaf etdirilir.
Ali Məclisin Sədri süni mayalandırma tədbirlərinin diqqətdə saxlanılması barədə tapşırıq vermişdir.
Rabitə evində 512 nömrə tutumlu yeni nəsil ATS qurulmuşdur. Kənddə 425 telefon və 336 internet istifadəçisi vardır.
Binada fərdi istilik sistemi quraşdırılmış, həyətdə abadlıq işləri aparılmışdır.

Sağlamlığın qorunması gələcəyə təminatdır

Fevralın 5-də Nüsnüs kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat və aptek otaqları vardır. Səhiyyə ocağı stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təchiz olunmuşdur.

Gənc stomotoloq Yasər Hüseynzadə minnətdarlıq edərək demişdir ki, həkim ambulatoriyaları əhalinin sağlamlığının keşiyində dayanan müasir səhiyyə ocaqlarıdır. Gənc kadrların tibb müəssisələrinə cəlb edilməsi onların təcrübələrini daha da təkmilləşdirir.

Ali Məclisin Sədri sakinlərin sağlamlığının daim diqqət mərkəzində saxlanılması, peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi barədə tapşırıqlar vermişdir.

Binada fərdi istilik sistemi quraşdırılmışdır.

Yeni xidmət mərkəzi ailə təsərrüfatları üçün də geniş imkanlar açır

Həmin gün Nüsnüs kəndində yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur. Mağazada, əsasən, yerli sənaye və ərzaq, o cümlədən ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilir.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Nüsnüs kəndi tamamilə abadlaşıb, yenidən qurularaq ölkəmizin müasir kəndləri sırasına daxil olub. Burada qurulanlar kəndin bütün sakinlərinin rahatlığına xidmət edəcəkdir. Bütün bunlar dövlətimizin vətəndaşına göstərdiyi qayğının nümunəsi, dövlət-xalq birliyinin, ölkənin iqtisadi inkişafının, sabitliyin, ən əsası isə ümummilli lider Heydər Əliyev siyasətinin, yolunun davam etdirilməsinin və bu yola sədaqətin göstəricisidir. Ölkəmiz uzun illər müharibə vəziyyətində, torpaqlarımız işğal altında idi. Lakin ölkəmizin iqtisadi gücü imkan verirdi ki, həm quruculuq işləri aparılsın, həm də ordu quruculuğu sahəsində tədbirlər həyata keçirilsin, torpaqlarımız işğaldan azad olunsun. Hər bir vətəndaş ölkənin möhkəmlənməsinə, iqtisadi inkişafına, sabitliyin qorunmasına töhfəsini verməlidir. Dövlət-xalq birliyi odur ki, vətəndaş dövləti üçün səy göstərir, çalışır, dövlət də vətəndaşı üçün lazım olan şəraiti yaradır. Nəticədə, insanların yaşayış səviyyəsi yaxşılaşır. Bu gün 2300-dən artıq sakinin yaşadığı Nüsnüs qəsəbə tipli kəndə çevrilib. Kənd sakinləri qurulub-yaradılanları qorumalı, kəndin abadlığı, təsərrüfatlar, xüsusilə ailə təsərrüfatları inkişaf etdirilməli və məskunlaşma artmalıdır. Kənd məktəbində hər il birinci sinfinə daxil olan şagirdlərinin sayı onu deməyə əsas verir ki, kənddə məskunlaşma yaxşıdır. Kəndin qurulmasında, abadlaşmasında, inkişafında sakinlərin də əməyi olmuşdur. Yaradılan şərait rahat yaşayışa imkan verəcəkdir. Ona görə də qurulanlar qorunmalı, hər bir sakin ölkəmizin inkişafına töhfəsini verməlidir.
Kənd ağsaqqalı Akif Cəlilov minnətdarlıq edərək demişdir: "Bu gün kəndimiz muxtar respublikamızın digər bölgələri kimi abadlaşıb, gözəlləşib. Buna bütün kənd sakinləri sevinir. Çünki bu yenilik insanların həyatında və yaşayışında da özünü göstərir. Yeni tikilən müasir məktəb, kənd və xidmət mərkəzləri, ambulatoriya, yenidən qurulan yol, qədim su dəyirmanının bərpası böyük qayğının ifadəsidir. Ordubadda ötən illərdə qurulan elektrik stansiyaları isə rayonun ümumi inkişafına öz müsbət təsirini göstərməkdədir. İndiyədək Naxçıvan şəhərinə gələndə gördüyümüz gözəlliyin eynisini bu gün kəndimizdə də görə bilirik. Ötən ildən bütün dünyada pandemiyanın geniş yayıldığı və ölkəmizin ağır müharibədən çıxdığı bir dövrdə belə geniş quruculuq işlərinin həyata keçirilməsi respublikamızın sosial-iqtisadi inkişafının göstəricisidir. Bunlar gənclərimizin vətənpərvərlik ruhunda böyüməsinə böyük təsir göstərir. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında Naxçıvandan olan hərbçilərin də göstərdiyi şücaət bunun bariz nümunəsidir. Əminəm ki, yaradılan bu şərait daha vətənpərvər və bütün sahələrdə nailiyyət əldə edəcək gənclərin yetişməsinə böyük töhfə olacaq".

Müasir kənd yolları inkişafın göstəricisidir

Fevralın 5-də Yuxarı Əndəmic-Nüsnüs kənd avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə maraqlanmışdır.

Bildirilmişdir ki, 11 kilometrlik yola asfalt örtük salınmışdır. Tikinti işləri aparılarkən yolun üzərində 228 su keçidi qoyulmuş, 2261 metr beton su kanalı çəkilmiş, 1 yeni körpü tikilmiş, 1-i isə təmir edilmişdir.

Qədim su dəyirmanı bərpa olunub


Muxtar respublikada tarixi-mədəni irsimiz kimi qorunub-yaşadılan su dəyirmanları bu torpaqda taxılçılığın inkişafından xəbər verir. Su dəyirmanlarının Naxçıvana məxsus adət-ənənələrin yaranmasında da böyük rolu vardır. Hazırda muxtar respublikada su dəyirmanlarının yenidən bərpa olunması tarixi mirasımıza, adət-ənənələrimizə göstərilən diqqətin davamı olmaqla yanaşı, həm də insanların sağlam həyat tərzinə hesablanıb.
Fevralın 5-də Ordubad rayonunun Nüsnüs kəndində su dəyirmanı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov kənd sakinləri ilə görüşərək demişdir: Dəyirmanlar tarixi abidələrimizdir. Bu gün yeni bir abidə də bərpa olundu. Bununla artıq muxtar respublikada altıncı su dəyirmanıdır ki, bərpa olunaraq istifadəyə verilir. Dəyirman uzun illər əhaliyə xidmət edib. Bundan sonra da əhalinin ehtiyaclarının ödənməsi üçün istifadə olunacaqdır.
Məlumat verilmişdir ki, sahəsi 69 kvadratmetr olan Nüsnüs su dəyirmanının gündəlik istehsal gücü 1 tondur. Dəyirmana 67 metr məsafədən su kanalı çəkilmiş, ətrafı abadlaşdırılmış, burada 1 nəfər işlə təmin olunmuşdur.

Yuxarı Əndəmic kəndində dövlət qurumları
müasir binada fəaliyyət göstərəcək

Fevralın 5-də Yuxarı Əndəmicdə yeni kənd mərkəzinin açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə maraqlanmışdır.

Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, mədəniyyət evi, statistika otağı, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv və 44 yerlik zal vardır. Kitabxanada 5183 kitab toplanmış, onlardan 2083-ü latın, 3100-ü kiril əlifbası ilə çap olunmuş ədəbiyyatlardır. Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 210 üzvü vardır ki, onlardan 79-u gənc, 104-ü qadındır.
Ali Məclisin Sədri 2021-ci ilin "Nizami Gəncəvi ili" olduğunu vurğulayaraq dahi şairin əsərlərinin müzakirələrinin keçirilməsi ilə bağlı tapşırıq vermişdir.
Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının sədri Gülüş Xəlilova minnətdarlıq edərək demişdir ki, rayon və kəndlərimizdə quruculuq işləri geniş vüsət almışdır. Muxtar respublikada bütün sahələrdə əldə olunan nailiyyətlər dinamik inkişafın göstəricisidir. Bu inkişafın təməlində ümummilli liderimiz Heydər Əliyevin quruculuq strategiyası durur. Göstərilən bu qayğıya qarşılıq olaraq çalışacağıq ki, fəaliyyətimizi günün tələbləri səviyyəsində quraq.
Rabitə evi Yuxarı Əndəmic və Aşağı Əndəmic kəndlərinə xidmət göstərir. 448 nömrə tutumlu yeni nəsil ATS, ümumilikdə, 336 abonentə xidmət edir. Hər iki kənddə 242 internet istifadəçisi vardır.

Yuxarı Əndəmic kənd həkim ambulatoriyası
müasir səhiyyə ocağına çevrilib


Bu gün ölkəmizdə səhiyyənin inkişafı dövlət siyasətinin əsas istiqamətini təşkil edir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələrini əhatə edir, yeni səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır.

Fevralın 5-də Yuxarı Əndəmic kənd həkim ambulatoriyasının açılışı olmuşdur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatoriyada səhiyyə xidmətinin təşkili ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, doğuş, manipulyasiya, peyvənd, qeydiyyat otaqları və aptek vardır. Müəssisə stomatoloji qurğu, doğuş masası, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təmin olunmuşdur.

Binada fərdi istilik sistemi quraşdırılmışdır.

Yuxarı Əndəmic kəndində xidmət
mərkəzi üçün lazımi şərait yaradılıb

Həmin gün yeni xidmət mərkəzinin də açılışı olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov xidmət mərkəzində yaradılan şəraitlə tanış olmuşdur.
Məlumat verilmişdir ki, mərkəzdə bərbərxana, gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, dərzi yeri və iki anbar vardır. Burada xidmət sahələrinin fəaliyyəti üçün nümunəvi şərait yaradılmış, 6 sakin işlə təmin olunmuşdur.
Dərzi Rəsmiyyə Zamanova yaradılan şəraitə görə minnətdarlıq edərək demişdir ki, 30 ildən artıqdır ki, bu sənətlə məşğul oluram. Əvvəllər şərait olmadığından evdə fəaliyyət göstərirdim. Bu gün isə müasir şəraiti olan binada dərzi otağı ayrılmışdır. Bu da kənd sakinlərinə bu sahədə yüksəkkeyfiyyətli xidmət göstərməyə imkan verəcəkdir.
Mərkəzlə tanışlıqdan sonra sakinlərlə görüş olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Bu gün Nüsnüs və Yuxarı Əndəmic müasir kəndlər sırasına qoşulur, yeni obyektlər istifadəyə verilir. Aşağı Əndəmic də daxil olmaqla, digər işlər də ilin sonuna qədər başa çadırılacaqdır. Abadlıq işlərinin aparılması ölkəmizdə dövlət siyasətinin tərkib hissəsidir. Ölkə Prezidenti cənab İlham Əliyev vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasını, sabit şəraitdə yaşayışın təmin olunmasını daim diqqətdə saxlayır. Bu siyasətin bəhrələri hər kənddə görünür. Burada ailə təsərrüfatları formalaşmışdır ki, bu da sakinlərin yaşayışını təmin etməklə bərabər, ölkənin inkişafına da töhfə verir. Bütün bunlar ona görə həyata keçirilir ki, insanlar rahat yaşasın, kəndlər abadlaşsın və məskunlaşma artsın, dövlət-xalq birliyi davam etdirilsin.

Ali Məclisin Sədri kənd sakinlərini təbrik etmiş, dövlət-xalq birliyinin nəticəsi olan birgə fəaliyyətin ölkənin gələcəyinə xidmət edəcəyinə əminliyini bildirmişdir.
Kənd ağsaqqalı Fərrux Nağızadə minnətdarlıq etmiş, fikirlərini müəllifi olduğu şeirlə çatdırmışdır:

Dağların qoynunda yatır kəndimiz, Havası təmizdir, suyu əvəzsiz.
Bu kənddə səliqə-sahman görərsiz,
Bu bölgənin incisidir Əndəmic.

Kəndimizdə görülən işlər böyük zəhmət tələb edən işlərdir. Kənd sakinləri bu işləri çox yüksək qiymətləndirir və dövlətimizin qayğısını razılıqla qarşılayırlar. Mən bu yaşıma qədər kəndimizdə heç vaxt belə şərait görməmişdim. Bu gün istifadəyə verilən sosial obyektlər təbiəti gözəl olan kəndimizə ikiqat gözəllik bəxş edir. Biz də yaradılan şəraitdən istifadə edərək kəndin inkişafında fəallıq göstərəcəyik.
Ali Məclisin Sədri xidmət mərkəzində ailə təsərrüfatı məhsullarının satışına üstünlük verilməsi ilə bağlı tapşırıq vermişdir.

* * *

Nüsnüs və Yuxarı Əndəmic kəndlərində abadlıq işləri də aparılmışdır. Yuxarı Əndəmicdə 100 metr fiber-optik, hər iki kənddə, ümumilikdə 2095 metr yeraltı rabitə xətləri çəkilmiş, 5350 metr uzunluğunda izolyasiyasız hava elektrik xətləri izolyasiyalı elektrik xətləri ilə əvəz olunmuşdur. 146 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilmiş, 11624 poqonometr qaz xəttində təmir-bərpa işləri aparılmışdır. Həmçinin kəndlərdə 1970 metrlik dəmir boru ilə çəkilmiş mövcud içməli su xətləri plastik borularla əvəz edilmişdir.

Ordubad Cümə məscidi bərpa olunur

Muxtar respublikada dini-mədəni dəyərlərimizə qayğı ilə yanaşılır, ziyarətgahlar və qədim məscidlər bərpa olunur. Ordubad şəhərindəki qədim Cümə məscidində də bərpa işləri aparılır.

Fevralın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ordubad şəhərindəki qədim Cümə məscidinin bərpası ilə maraqlanmışdır.

Məlumat verilmişdir ki, məscidin memarlıq görkəmi XVII-XVIII əsrlərə aid abidələrin başlıca cəhətlərini özündə əks etdirir. Bərpa zamanı milli memarlıq elementlərindən istifadə olunur.

Ali Məclisin Sədri məsciddə bərpa işlərinin mart ayından etibarən davam etdirilməsi barədə tapşırıq vermişdir.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR