21 Aprel 2021, Çərşənbə

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Turizm sahəsi həm regionların inkişafı, həm də ölkənin iqtisadi potensialının möhkəmlənməsi üçün, Azərbaycanın imici, dünyaya inteqrasiyası üçün çox mühüm bir vasitədir”. Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın bütün sahələrində olduğu kimi, turizm sektorunda da sürətli inkişafa nail olunub. Şahbuz rayonunun Ağbulaq kəndi ölkəmizdə kompleks turizm infrastrukturunun tətbiq olunduğu ilk kənddir. Əlverişli təbii-coğrafi şəraiti burada turizmin bir çox növünün inkişafına imkan verir. “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülmüş, Ali Məclis Sədrinin 2018-ci il 29 noyabr tarixli Sərəncamı ilə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılmışdır.
Fevralın 17-də Ağbulaq Xizək Mərkəzi istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak etmişdir.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev çıxış edərək demişdir: Muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması geniş sahibkarlar sinfini formalaşdırmışdır. Ekoloji təmiz havası, tarixi və təbiət abidələrinin mövcudluğu, unikal təbii müalicə mərkəzlərinin olması, müasir yol-nəqliyyat və mehmanxana infrastrukturunun yaradılması muxtar respublikada turizmin inkişafı üçün də əlverişli şərait yaratmışdır. Yeni investisiyaların cəlbi, xidmətlərin keyfiyyətinin daha da yaxşılaşdırılması turizmin inkişafına əlavə stimul vermişdir. Qədim diyarda turizmin mövsümiliyinin aradan qaldırılması, ilboyu turizm xidmətlərinin təqdim olunması və turist cəlbediciliyinin artırılması qış turizminin inkişafına da geniş imkanlar açır. Bu cəhətdən Ağbulaq Xizək Mərkəzinin yaradılması istər iqtisadi, istərsə də sosial cəhətdən böyük əhəmiyyətə malikdir. Tapdıq Əliyev muхtаr rеspublikаnın sоsiаl-iqtisаdi tərəqqisinə, sаhibkаrlıq fəаliyyətinin inkişаfınа, turizm potensialının və əhаli rifаhının yüksəldilməsinə göstərilən diqqət və qаyğıyа görə minnətdаrlıq etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Ağbulaq kəndində Xizək Mərkəzinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir: Ağbulaq kəndi Sovetlər Birliyi dövründə də havasına və təbiətinə görə mütəxəssislərin diqqətini cəlb etmiş, burada məktəblilərin yay düşərgələri təşkil olunmuşdu. Muxtar respublikanın müxtəlif məktəblərindən olan şagirdlər yay tətilini burada keçirib, kəndin təbiəti ilə tanış olurdular. Lakin 1990-cı illərin acı nəticələri muxtar respublikanın digər əraziləri kimi, kəndə də təsir etmiş, infrastruktur dağılmış, yaşayış çətinləşmiş, kənd əhalisi başqa yerlərə köçmək məcburiyyətində qalmışdı. Bir sözlə, kəndi yenidən qurmaq, inkişaf etdirmək zərurətə çevrilmişdi. Ağbulaqda bu tədbirlərə kənd inizbati ərazi dairəsi üzrə nümayəndəliyin yaradılması ilə başlandı. Daha sonra kəndin ehtiyacları öyrənildi və turizm istirahət bölgəsi kimi qurulmasına qərar verildi. 2013-cü ildə kənddə quruculuq işlərinə başlanılıb, məktəb, kənd və xidmət mərkəzləri tikilib, yol, elektrik, qaz və digər infrastruktur yenilənib, insanların rahat yaşayışı üçün lazımi şərait yaradılıb. 2018-ci ildə isə Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi yaradılıb. Turizmi daha da inkişaf etdirmək üçün kənddəki istirahət mərkəzinin yaxınlığında dağ-xizək mərkəzinin qurulması qərara alındı. Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşməsi, qış aylarında qar ehtiyatının çox olması və dağ-xizək mərkəzi üçün müvafiq landşafta malik olması bu ərazinin seçilməsinə əsas verdi.

Ali Məclisin Sədri demişdir: 2 il ərzində qurulan dağ-xizək mərkəzi bu gün muxtar respublika sakinlərinin istifadəsinə verilir. Bunun əhəmiyyəti ondan ibarətdir ki, birinci, vaxtilə bir o qədər də yararlı olmayan bu ərazilərdə muxtar respublikanın əhalisinə, turistlərə xidmət edəcək istirahət mərkəzi yaradılıb. Digər əhəmiyyəti ondan ibarətdir ki, burada yeni iş yerləri açılıb, ərazi muxtar respublikanın sərvətinə çevrilib. Bir sözlə, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması tək bir kəndin, muxtar respublikanın deyil, ümumilikdə ölkəmizin inkişafına xidmət edəcəkdir. Ağbulaq həm yerli, həm də xarici turistlər üçün cazibədar məkana çevrilib. Təmiz hava, təbii qida, yaradılan lazımi infrastruktur imkan verəcək ki, mərkəz muxtar respublikanın inkişafında xüsusi rol oynasın. Bura inkişaf etdikcə dövlət büdcəsinə vergilər ödəniləcək, bunun da hesabına yeni iş yerləri açılacaqdır. Həm Ağbulaq, həm də ətraf kəndlərdə yaşayan insanlar daimi işlə təmin olunacaqlar. Bunların hamısı isə inkişafın davamlı olmasının göstəriciləridir. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsində işlər bundan sonra da davam etdiriləcəkdir. Mərkəz qış aylarında dağ-xizək, yay aylarında isə dağ turizmini seçənlərə xidmət göstərəcək. Kəndin gözəl təbiəti, səfalı yerləri insanların bura axınına şərait yaradacaq.
"Ağbulağın turizm bölgəsinə çevrilməsi üçün 7 ilə yaxın vaxt sərf olunub. Ötən illər ərzində bu işləri həyata keçirmək üçün insanlar zəhmət çəkib, təşəbbüs göstəriblər", - deyən Ali Məclisin Sədri bu işdə əməyi olanlara təşəkkür etmişdir. Qeyd olunmuşdur ki, turizm bölgəsi muxtar respublika büdcəsi və özəl bölmədə fəaliyyət göstərən şirkətlərin vəsaiti hesabına yaradılmışdır. Ona görə də kollektiv və aid təşkilatlar tikilənləri, qurulanları qorumalı, mərkəz uzun illər muxtar respublikaya xidmət göstərməli, ərazinin təbiəti daha da zənginləşdirilməlidir. Mərkəz gələcəkdə muxtar respublikanın inkişafına töhfə olacaq bu cür bölgələrin yaradılmasına nümunə olacaqdır.

Ali Məclisin Sədri aidiyyəti üzrə tapşırıqlar verərək demişdir: Kəndin turizm bölgəsinə çevrilməsi üçün layihə həyata keçirildi, evlər yenidən quruldu, həyətlər abadlaşdırıldı. Digər layihəni isə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti həyata keçirəcək, kənddəki bütün evlər günəş panelləri, suqızdırıcıları ilə təmin olunacaqdır. Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi isə xizək mərkəzində təhlükəsizlik tədbirlərinə diqqəti artırmalıdır. Gənclər və İdman Nazirliyi Gənclər Fondu ilə birlikdə gəncləri buraya cəlb etməli, müxtəlif idman tədbirləri keçirilməli, xizəkçilik idman növünə maraq artırılmalıdır. Kənddə yay turizmi üçün də tədbirlər görülməli, kanatlardan istifadə etməklə zəngin təbiət turistlərə tanıdılmalıdır. Həmçinin kənddə arıçılıq da inkişaf etdirilməli, keyfiyyətli və təbii bal istehsal olunmalıdır. Burada bir gün keçirmək istirahətin ən gözəl formasıdır. Ona görə də daxili turizm inkişaf etdirilməlidir ki, əhali asudə vaxtını səmərəli keçirsin. Sağlam həyat üçün təbiətdə olmaq, açıq havada gəzmək, idman etmək lazımdır. Ərazi bütün bunlara imkan verir. Şahbuz Rayon İcra Hakimiyyəti tikilənlərin qeydiyyatını aparmalı, Ağbulaq Xizək Mərkəzinin saytı yaradılmalı, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin səhifəsində mərkəz təbliğ olunmalı, xizəksürmə zamanı təhlükəsizlik qaydalarına riayət edilməli, yerli mütəxəssislər bacarıqlarını təkmilləşdirməli, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaşıllıqları artırmalıdır.
Ali Məclisin Sədri demişdir: Kənddə ailə təsərrüfatları inkişaf etdirilməli, bu sahədə bacarığı olanlara dəstək göstərilməlidir. Onların istehsal etdikləri məhsullar yüksək səviyyədə qablaşdırılaraq turistlərə təqdim olunmalıdır. Turistik bölgənin əhalisinin gəlirləri əsasən turistlərə məhsullarını satmaqla xidmət göstərməklə əldə olunur. Mərkəzdə böyük yeməkxana fəaliyyət göstərir. Bura üçün də məhsullar kənd əhalisindən alınmalıdır. Ərazidə müvafiq istehsal sexlərinin yaradılması imkanı da araşdırılmalıdır.

Gənclər adından danışan Çimnaz Abbasova demişdir: "Muxtar respublikamızda uzun illərdir ki, geniş quruculuq işləri həyata keçirilir. Bu gün hara baxsaq, orada müasir məktəb, səhiyyə ocaqları, mədəniyyət obyektləri, gözəl yollar, parklarla qarşılaşırıq. Muxtar respublikada təhsilə çox böyük diqqət və qayğı göstərilir. Bütün bunlar isə gənclərin ictimai həyatda fəal olmasına stimul yaradır. Gənclərin asudə vaxtının səmərəli təşkili də diqqətdə saxlanılır. Onların Ağbulaq İstirahət Mərkəzinə ekskursiyaları asudə vaxtın maraqlı keçməsinə səbəb olub. Bu gün Ağbulaq Xizək Mərkəzinin istifadəyə verilməsi isə istirahətin daha mənalı təşkili ilə nəticələnəcəkdir. İstirahətlə yanaşı, burada xizəkçilər yetişəcək ki, onlar bu idman növü üzrə gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər. Biz bunu ancaq sosial şəbəkələrdə və televiziyalarda görmüşdük. Bir gün isə Naxçıvanda görməyi xəyal edirdik. Bu gün xəyallarımız gerçəkləşib". Çimnaz Abbasova Naxçıvanda ilk xizək mərkəzinin yaradılmasına görə Ali Məclisin Sədrinə gənclər adından minnətdarlıq etmişdir.
Mərkəzlə tanışlıq zamanı məlumat verilmişdir ki, kənddə müasir tələblərə cavab verən məktəb binası, kənd və xidmət mərkəzləri, yeni yol, eləcə də Ağbulaq İstirahət Mərkəzi tikilərək istifadəyə verilmişdir. 2018-ci ilin aprel ayından kənddə abadlıq işlərinə başlanılmış, evlər və yardımçı binalar, elektrik, rabitə və qaz təchizatı sistemi yenidən qurulmuşdur. Həmçinin Ağbulaq kəndində yaşıllaşdırma tədbirləri də görülmüş, 15 hektar sahədə ting, 250 hektardan çox sahədə isə toxum əkilmişdir. 2018-ci il iyulun 17-də isə Ağbulaq kəndində xizək mərkəzinin təməlatması keçirilmişdir.

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən mərkəzdə tikinti işləri Fransanın “MND” şirkətinin layihəsi əsasında aparılmışdır. Mərkəzdə uzunluğu 1580, eni 18-30 metr olan dağ-xizək sahəsi, əyləncə və uşaq parkları, 219 metrlik konveyr xətləri, 20 min kubmetr tutumu olan süni göl yaradılmış, 26 sabit, 3 hərəkətli süni qaryaratma sistemi, 1 motor stansiyası, uzunluğu 980 metr olan kanat quraşdırılmışdır ki, onun da başlanğıc və son dayanacaq yeri arasındakı hündürlük fərqi 267 metrdir. Kanat yolunda hər biri 4 yerlik olan 59 oturacaq vardır ki, bu da saatda 1000-dən artıq turistə xidmət etməyə imkan verir.
Ərazidə mərkəz üçün 2 mərtəbəli inzibati bina, hər biri 2 nəfərlik olmaqla, 3 kottec, 1-i inzibati binanın ikinci mərtəbəsində, 1-i isə kanat liftinin sonuncu dayanacağında olmaqla 2 kafe fəaliyyət göstərir. İnzibati binanın birinci mərtəbəsində qeydiyyat, xizəklərin və müvafiq geyimlərin təhvil verilməsi xidməti göstərilir. Mərkəzdə 25 yeni iş yeri yaradılmışdır.
Mərkəzdə muxtar respublika əhalisinin və turistlərin rahat istirahət etməsi üçün hər cür şərait yaradılmışdır. Bu da muxtar respublikada iqtisadi tərəqqinin, turizmin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin təzahürüdür. Əgər bu günə qədər turistlər daha çox yaz və yay aylarında Naxçıvana gəlirdilərsə, artıq qış fəslini burada keçirmək onlar üçün maraqlı olacaq və Ağbulaqda kənd turizmi ilə yanaşı, qış turizmi də inkişaf edəcək, Ağbulaq Xizək Mərkəzi Naxçıvanın turizm brendinə çevriləcəkdir.
Mərkəzdə təlim keçən türk mütəxəssis Səlahaddin Sunqur demişdir: "İki ildir ki, burada təlim keçirəm. İnsanlar xizək sürməyə çox böyük həvəs göstərirlər. Ümid edirəm ki, yaxın gələcəkdə burada yetişən xizəkçilər beynəlxalq yarışlarda iştirak edəcəklər".
Sonra Ali Məclisin Sədri kanatla ərazini gəzmişdir.
Səlahaddin Sunqur Ali Məclisin Sədrinə üzərində Ağbulaq Xizək Mərkəzi ilə Ərciyəz Xizək Mərkəzinin simvolu olan hədiyyə təqdim etmişdir.

Yeni həkim ambulatoriyası kənd sakinləri ilə
yanaşı, turistlərə də xidmət göstərəcək


Səhiyyənin inkişafı ölkəmizdə dövlət siyasətinin əsas prioritetlərindəndir. Muxtar respublikamızda da müasir səhiyyə infrastrukturu və kadr təminatı tibbi xidmətin səviyyəsini xeyli yüksəldib. İnsan amilinə verilən dəyərin ifadəsi olan bu tədbirlər muxtar respublikanın bütün yaşayış məntəqələri kimi, ucqar dağ kəndlərini də əhatə edir. Turizm bölgəsi olan Ağbulaqda inşa olunan yeni həkim ambulatoriyası kənd sakinləri ilə yanaşı, turistlərə də müasir səhiyyə xidməti göstərəcək.
Fevralın 17-də Ağbulaq kəndində həkim ambulatoriyası istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambula­toriyada səhiyyə xidmətinin təşkili ilə ­maraqlanmışdır.

Ali Məclisin Sədri demişdir ki, kənddə feldşer-mama məntəqəsinin həkim ambulatoriyasına çevrilməsi burada Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə əlaqədardır. Çünki buraya hər gün yüzlərlə yerli və xarici turist gələcək. İlkin tibbi yardımın vaxtında göstərilməsi üçün bu ambulatoriya yaradıldı və təcili tibbi yardım avtomobili ilə təmin olundu. Bildirilmişdir ki, əhaliyə ilkin tibbi yardımla turistlərin aldığı travmaların müalicəsi fərqlidir. Ona görə də kollektiv bu sahədə biliklərini artırmalıdır ki, lazımi xidmət göstərə bilsin.
Ambulatoriyanın baş həkim əvəzi Afaq Ramazanova minnətdarlıq edərək demişdir ki, kənddə kompleks quruculuq tədbirləri aparılanda kənd mərkəzində fəaliyyətimiz üçün yer ayrılmışdı. Lakin kəndimizin inkişafı və böyük turizm bölgəsinə çevrilməsi səhiyyə xidmətinin əhatə dairəsini genişləndirmişdir. Bu gün istifadəyə verilən ambulatoriya müasir tibbi avadanlıqlarla təmin olunmuş, kollektiv üçün hərtərəfli iş şəraiti yaradılmışdır. Biz də çalışacağıq ki, bundan sonra da kənd sakinləri ilə yanaşı, turistlərin də sağlamlıqlarının keşiyində dayanaq.
Məlumat verilmişdir ki, ambulatoriyada baş həkim, stomatoloq üçün kabinə, palata, mama, manipulyasiya, qeydiyyat, texniki işçi otaqları və aptek vardır. Səhiyyə ocağı stomatoloji qurğu, quruducu şkaf, peyvənd və təcili yardım çantaları, mikroskop, sentrifuqa və digər tibbi avadanlıqlarla təchiz olunmuşdur.

Sonra Ali Məclisin Sədri “Fiat-Doblo” markalı təcili tibbi yardım avtomobilinin açarını təqdim etmişdir.
Ali Məclisin Sədri həkim ambulatoriyasının icbari tibbi sığortaya daxil edilməsi, peyvənd və patronaj xidmətlərinin vaxtlı-vaxtında göstərilməsi, Fövqəladə Hallar Nazirliyi ilə birlikdə dağ-xizək travmalarının müalicəsi üçün təlimlərin keçirilməsi barədə tapşırıqlar vermişdir.
Binada fərdi istilik sistemi quraşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti

ARXİV

Aprel 2021
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR