Naxçıvan Muxtar Respublikasında yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində həyata keçirilən kompleks quruculuq tədbirləri çərçivəsində Naxçıvan-Şahbuz-Batabat avtomobil yolu yenidən qurulur.
Noyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunda aparılan tikinti işlərinin gedişi ilə maraqlanmışdır.
Məlumat verilmişdir ki, Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun uzunluğu 59,2 kilometrdir. Yenidənqurma işlərinə kifayət qədər yol-tikinti texnikası cəlb edilmişdir. Hazırda yol yatağı genişləndirilərək möhkəmləndirilir, su keçidləri və körpülər tikilir, yol kənarlarında beton suaxıdıcı kanalların tikilməsi üçün hazırlıq işləri görülür. Tikinti işləri çərçivəsində yolun Naxçıvan-Şahbuz hissəsinin eni 23, Şahbuz-Batabat hissəsinin eni isə 12 metrə çatdırılacaq, 9 körpü tikiləcəkdir. Yenidənqurma işlərindən sonra yolda avtomobillərin rahat və təhlükəsiz hərəkəti təmin ediləcəkdir.
 Ali Məclisin Sədri yenidənqurma işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Şahbuz rayonunda həyata keçirilən quruculuq işləri çərçivəsində “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin rayon bazası üçün yeni bina inşa ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tikinti aparılacaq əraziyə baxmış, tikinti işlərinə başlamağı tapşırmışdır.



Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti