26 May 2020, Çərşənbə axşamı

Bu gün diyarımızda bəzi həyətlərə daxil olarkən ağacların yarpaqsız budaqlarındakı qızıl payızın ərməğanı olan xurmalar diqqətimizi cəlb edir. Artıq bu meyvənin muxtar respublikamızda da yetişdirilməsinə başlanılıb. Bağlar diyarı olan Ordubad rayonunun bəzi kəndlərində bu meyvəyə daha çox rast gəlirik. Rayon sakini Sadiq Əliyev də xurma yetişdirən təsərrüfatçılardandır. Həyətyanı sahəsində xeyli sayda xurma ağacı olan müsahibim bu meyvənin xüsusiyyətləri və becərilməsi haqqında deyir ki, rayonun münbit iqlim şəraiti onu yetişdirməyə imkan verir. 

 Ölkəmizdə xurmanın Şərq, Qafqaz və Virgin növləri və onların da müxtəlif sortları yayılıb. Rayonda isə bunun şişburun, yastı, xirnik, korolyok, nəlbəki kimi növləri var ki onlar, əsasən, oktyabr və noyabr aylarında yetişir. Hamıya bəllidir ki, xurmanın tam yetişməmiş meyvələri ağızbüzücü xüsusiyyətə malikdir. Bu, onun tərkibində aşı maddəsinin çox olması ilə bağlıdır. Lakin onun bir sıra növləri də var ki, yeyəndə bu, hiss olunmur. Onu da deyim ki, xurmanın meyvələrini dondurduqda bu xüsusiyyəti qismən aradan qalxır. 

Sadiq əmi xurmanın şaxtaya­dözümlü olduğunu bildirir. Deyir ki, elə bu səbəbdən də havaların soyuması bu meyvəyə zərər vermir. Xurmanın vegetasiyası nisbətən gec başladığı üçün yaz şaxtalarından da ziyan çəkmir. Bu meyvənin ağacları yüksək rütubətə davamlıdır və əsasən, toxum və calaqla çoxaldılır. Əvvəlcədən tədarük olunmuş toxumları payızda qumla qarışıq halda birbaşa sahəyə səpmək də yaxşı nəticə verə bilir. Xurma ağaclarına həm yazda (aprel), həm də yayda (iyul-sentyabr ayları) calaq vurmaq mümkündür. Şoran, şorakət, qrunt suları üzdə olan, daşlı­-çınqıllı torpaqlarda ağac bar vermir. O, əsasən, küləklərdən mühafizəli, günəş şüası ilə tam təmin olunmuş sahələrdə əkilməlidir. Xurma münbit torpaqlarda 200 il və ondan da çox yaşayır.
Xurma ağacları, əsasən, yazda (may ayında) çiçəkləyir, külək və həşəratlar vasitəsilə tozlanır. Ətirli və şirin dadlı xurma meyvələri əvvəl tünd-yaşıl, sonradan sarı-çəhrayı, tam yetişəndə isə qırmızı və ya qırmızı-qonur rəngdə olur. Ağac əkildikdən 4-5 il sonra bar verir. Mövsümdən asılı olaraq bir ağacdan 80-100 kiloqram, bəzən daha çox məhsul götürmək mümkündür. Ağaclara vaxtında aqrotexniki qulluq göstərilməsi də məhsul bolluğunda əhəmiyyət kəsb edir. Xurma xəstəliyə çox nadir hallarda yoluxur və susevən bitkidir. Bu ağacın dekorativ kol bitkisi kimi parklarda əkilməsi də mümkündür.
Müsahibimin sözlərinə görə, xurma meyvələri, əsasən, yağmursuz, günəşli havada toplanılır. Hazır­da məhsul yığımı başlasa da, soyuq şəraitdə, üzərinə don düşdükdən sonra tam yetişir. Xurma ağacının yetkin meyvələri vitaminlərlə zəngindir. Meyvəsinin tərkibində 4-5, bəzilərində isə 6-7 ədəd çəyirdək olur. Xurmadan mürəbbə, cem bişirilir, unlu xörəklərdə istifadə edilir, həmçinin bəkməz, spirtli içkilər hazırlanır.
Xurma ağacının becərilməsində və yetişdirilməsində heç bir kimyəvi dərman preparatlarından istifadə olunmaması da onun ekoloji cəhətdən təmiz meyvə olduğunu göstərir. Fenol maddələri ilə zəngin olan meyvənin tərkibində qlükoza və fruktoza şəkəri, üzvi turşular, aşı maddələri, karotin, A, B, C vitaminləri və yod birləşmələri olduğuna görə onun mühüm müalicəvi əhəmiyyəti vardır. Zəiflik, qan və vitamin azlığı, xroniki mədə-bağırsaq xəstəlikləri zamanı çox faydalıdır. Bu meyvə həzm prosesinin fəaliyyətini artırır, orqanizmdə maddələr mübadiləsini nizama salır, həmçinin ürək-­damar sistemi, göz xəstəliklərinin müalicəsinə yaxşı təsir göstərir. O həm də bəşəriyyətin bəlasına çevrilən xərçəng xəstəliyinə yoluxma riskini azaldır, tərkibindəki yod birləşmələri zob xəstəliyinin müalicəsinə effektiv təsir göstərir. Büzüşdürücü və bakterisid xassəyə malik olduğu üçün vaxtilə onun meyvələrindən yaraların sağaldılmasında da istifadə olunub.
Sadiq Əliyev deyir: – Xurmanın qurudulmuşu da çox faydalıdır. Onun meyvələri bərk olanda yığılır, qabığı soyulur, iplərə keçirilir. Günəş şüası yaxşı düşən yerlərdə qurudulur. Bu meyvədən həm də alana hazırlayırıq. Qurudulmuş meyvəni və hazırladığımız alananı bazara çıxardırıq, alıcılarımız da çox olur. Xurmanın quru meyvəsini toz halına gətirib dadlandırıcı kimi istifadə etmək də mümkündür. Qurudulmuş meyvənin tərkibində şəkər və üzvi turşular olur.
Göründüyü kimi, payız mövsümünün dadlı meyvələrindən biri olan xurma həm insan sağlamlığı üçün faydalıdır, həm də onu yetişdirən zəhmət adamlarına yaxşı gəlir­gətirən meyvələrdən biridir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

May 2020
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR