NAXÇIVAN :

23 Aprel 2026, Cümə axşamı

14 fevral – Ümumdünya Enerji Günü: davamlı enerji, davamlı gələcək

...

14 fevral Ümumdünya Enerji Günü enerjinin gündəlik həyatımızda nə qədər mühüm olduğunu xatırlatmaq üçün gözəl fürsətdir. Enerji bu gün yalnız məişət rahatlığı üçün deyil, dövlətlərin iqtisadi gücü, texnoloji inkişafı üçün əsas amillərdən biri hesab olunur. Enerjisiz nə sənaye, nə nəqliyyat, nə də rəqəmsal sistemlərin fəaliyyəti mümkündür.

Enerji dedikdə ağıla ilk gələn elektrik enerjisidir. Bizim hər gün istifadə etdiyimiz elektrik enerjisi təkcə ev işlərində istifadə olunan avadanlıqlarda deyil, sənaye və fabriklərdə, nəqliyyatda, tibbi avadanlıqlarda, telekom və kompüter texnologyalarında, əkinçilik və qida istehsalında, işıqlandırma sistemlərində istifadə olunan ən mühüm amildir. Elektrik həyatımızı rahat, sürətli və məhsuldar edir.

Müasir dövrdə mühəndislər üçün əsas vacibli məsələlərdən biri dayanıqlı və bərpa olunan enerji mənbələrinin inkişafıdır. Neft və qaz hələ də əsas enerji mənbəyidir, amma günəş, külək və hidroenerji kimi təmiz mənbələr həm ekoloji baxımdan, həm də uzunmüddətli imkanlar üçün əhəmiyyət kəsb edir.

Azərbaycan da bu sahədə mühüm addımlar atır. Son illərdə ölkədə günəş və külək stansiyalarının sayı artır, yeni texnologiyalar tətbiq olunur və enerji itkisini minimuma endirmək üçün yeni sistemlər qurulur. Xüsusi ilə gənclər və tələbələr “yaşıl enerji” layihələrində, günəş panellərinin quraşdırılmasında və külək turbinlərinin modelləşdirilməsində fəaldırlar. Biz, gənc mühəndislər, həm öyrənirik, həm də ölkəmizin dayanıqlı enerji gələcəyinə dəstək oluruq.

Enerji mühəndisləri üçün vacib məsələ yalnız enerji istehsalı deyil, həm də onun səmərəli paylanmasıdır. Müasir sistemlər və avadanlıqlar vasitəsilə şəbəkələr izlənilir, problemlər vaxtında həll olunur və elektrik enerjisi daha qənaətlə istifadə edilir.

Kiçik vərdişlər də bu barədə əhəmiyyətlidir, çünki yanlız müasir avadanlıqlar deyil, insanlar da elektrik enerjisinin qənaətinə diqqət yetirməlidir. Lazımsız işıqları söndürmək, enerji qənaətli cihazlardan istifadə etmək böyük fərq yaradır.

Ümumdünya Enerji Günü həm də biz tələbələr üçün çağırışdır: enerjidən düzgün istifadə etmək, “yaşıl enerji” texnologiyaları ilə maraqlanmaq və gələcəkdə ölkəmizin enerji quruluş və şəraitini daha da müasir etmək. Enerji yalnız iqtisadi deyil, həm də ərtaf mühitə qarşı məsuliyyət məsələsidir.

Ümumdünya Enerji Günü münasibətilə enerji sahəsində çalışan bütün mütəxəssisləri, bu sahə üzrə təhsil alan tələbələri və gənc “yaşıl enerji” könüllülərini təbrik edirəm. Gəlin enerjiyə diqqət göstərək, təmiz enerji layihələrində iştirak edək və gələcəyimizi daha dayanıqlı edək.

Sahil ABDULLAYEV

Naxçıvan Dövlət Universitetinin

elektrik və elektronika mühəndisliyinin

III kurs tələbəsi, Naxçıvan Yaşıl enerji könüllüsü

Nəşr edilib : 14.02.2026 09:15