İspaniya dünya çempionatının finalında
01:11 15.07.2026
0
0
0
NAXÇIVAN :
15 Iyul 2026, Çərşənbə
Təqvimdə elə günlər var ki, illər keçsə, qərinələr ötsə də, mahiyyətini itirmir, əksinə, məsafə artdıqca məzmun daha aydın görünür. Sovet hakimiyyətinin “qardaşlıq”, “bütün ölkələrin proletiarları birləşin” şüarı altında, əslində, məhv olan dəyərlər, milli kimlik məsələləri idi. Buna zamanında üsyan edənlər susdurulmuş, repressiyanın qurbanlarına çevrilmişlər. Tarix öz dolaylarında hər zaman lider yetişdirmir. Azərbaycanın taleyi onda gətirmişdi ki, sovetlərin ölkənin dilini, dinini işğal etdiyi, dəyərlərinə qənim kəsildiyi bir dövrdə Heydər Əliyev kimi güclü lider hakimiyyətə gəldi. Beləcə, 14 iyul 1969-cu ildən başlanan bu yol xalqı rifaha, işıqlı gələcəyə çıxardı. Bu tarix Azərbaycanın xilasının, özümüzə qayıdışın birinci mərhələsi kimi xarakterizə olunur və hər il 14 iyul tarixi xalqına, vətəninə bağlı şəxsiyyətin gənc və gələcək nəsillərə örnək misilsiz xidmətləri xatırlanır, ehtiramla yad edilir.
1969-cu il iyulun 14-də keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilmişdir. Heydər Əliyev 22 il Azərbaycan Ali Sovetinin və SSRİ Ali Sovetinin deputatı olmuş, 1974-79-cu illərdə SSRİ Ali Soveti İttifaq Sovetinin sədr müavini vəzifəsinə təyin edilmişdir. Daim xalqının yanında olan, vətəninin istiqbalını düşünən Heydər Əliyevin qarşısında mühüm vəzifələr dayanırdı: böhrana sürüklənən və həmin dövrdə müttəfiq respublikalardan geridə qalan Azərbaycanı SSRİ rəhbərliyinin antimilli siyasətinə rəğmən aydınlığa çıxarmaq, milli kadrlar yetişdirmək, infrastrukturu təkmilləşdirmək, iqtisadiyyatı gücləndirmək.
Böhrandan güclü iqtisadiyyata
Güclü iradəsi və qətiyyəti ilə bütün ideoloji-siyasi maneələrə sinə gərərək milli inkişaf konsepsiyasını əldə rəhbər tutan Heydər Əliyev məqsədinə doğru irəlilədikcə nəticələr ortaya çıxırdı. Belə ki, 1969-85-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istifadəyə verildi, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olundu. Yüzlərlə məktəb, klub, xəstəxana, istirahət evləri tikildi.
“Dünya, ümumiyyətlə, quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib”, – deyən Heydər Əliyevin gərgin əməyi nəticəsində Bakının ətrafında yeni mikrorayonlar, yeni yaşayış massivləri salındı. Əvvəlki dövrdə Azərbaycanda cəmi 37 şəhərin Baş planı mövcud olduğu halda, bu dövrdə 60 şəhərin və bir sıra şəhərtipli qəsəbələrin Baş planları işlənildi. Gəncədəki Yeni Gəncə, Naxçıvandakı Yeni Naxçıvan mikrorayonları, Sumqayıtdakı 13-cü, 17-ci mikrorayonlar və başqaları memarlıq və kompozisiya həllinə görə bu dövrün ən uğurlu yaşayış massivləri hesab edilir.
1983-cü ildə Bakı-Qroznı neft kəmərinin, 1985-ci ildə Dərin Dəniz Özülləri zavodunun, Bakıda “Ulduz” Elektrik Cihazqayırma, Sumqayıtda Məişət kompressorları zavodlarının, 1981-84-cü illərdə Şəmkir Su Elektrik Stansiyasının və digər sənaye obyektlərinin tikilib istifadəyə verilməsi ölkədə əhalinin rifahının yaxşılaşmasına, məşğulluğun təmin olunmasına ciddi təsir göstərdi. Həmin dövrdə sənayedə əmək məhsuldarlığı 2,1 dəfə artmış, 581 adda yenitipli maşın, avadanlıq və cihaz nümunələri yaradılmışdır. Beləliklə, Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmiş, iqtisadiyyat güclənmişdir. Sosial-iqtisadi və digər sahələrdə keçmiş SSRİ rəhbərliyi səviyyəsində Azərbaycanın inkişafını təmin edəcək əlverişli qərarlar qəbul olunmuş, bütün sahələrdə uzunmüddətli və sistemli proqramların icrasına, iqtisadiyyata yeni texnologiyaların uğurla tətbiqinə başlanmışdır.
Milli məfkurə uğrunda
Ömrünü xalqının rifahına həsr edən böyük şəxsiyyəti düşündürən əsas məsələlərdən biri də milli kadrların hazırlanması idi. Gənclərin yüksək səviyyədə təhsil alması, ölkəsinə peşəkar kadr kimi formalaşması üçün 10 mindən çox azərbaycanlı Moskvanın, eləcə də keçmiş SSRİ-nin digər şəhərlərinin 170 aparıcı elm və təhsil ocağına göndərildi. Həmin dövrdə böyük cəsarət tələb edən və bu sahədə ciddi çatışmazlıq müşahidə olunan milli zabit kadrlarının yetişdirilməsi idi. Təzyiqlə üzləşməsinə baxmayaraq, 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Təmayüllü Məktəbin fəaliyyətə başlaması ilə gələcək Milli Ordunun ilkin bazasını yaratmış oldu. Ötən əsrin 70-ci illərində respublikanın iqtisadi, ictimai-siyasi və mədəni ideoloji həyatında böyük dönüş yaradan Heydər Əliyev milli kimliyin əsas sütunlarından olan ana dilinin qorunması məsələsinə də ciddi fikir verirdi. Böyük şəxsiyyətin prinsipial mövqeyi, səyi nəticəsində keçmiş SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu.
1981-ci ildə “Azərbaycan SSR-də şəhərsalma, memarlıq və arxeologiya abidələrinin qorunması, bərpası və istifadəsinin yaxşılaşdırılması tədbirləri haqqında” Qərarın qəbul edilməsi bu böyük şəxsiyyətin sovet hakimiyyəti dövründə maddi-mədəni irsimizə vətənpərvər yanaşmasını əks etdirən mühüm dövlət sənədi idi. Həmin illərdə Azərbaycanda, eləcə də Naxçıvanda muzeylər şəbəkəsinin genişlənməsi, Naxçıvanda Qarabağlar türbəsinin, Qusarda Həzrə türbəsinin, Şamaxı Cümə məscidinin təmir-bərpa işləri milli-mənəvi dəyərlərimizə həssas yanaşmanın bariz göstərici idi. 1977-ci ildə İçərişəhərin, Şuşa, Şəki və Ordubadın qoruq elan olunması bu siyasətin davamlı xarakter aldığını göstərir.
Müstəqil Azərbaycan naminə
1988-ci ildən ölkəmizdə başlanan proseslər, həmin dövrdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi və biganəliyi, iqtisadiyyatın çökməsi, böhran vəziyyətinin yaranması və nəhayət, Qanlı Yanvar hadisələrinin törədilməsi ilə nəticələndi. Xalqın taleyinə biganə qalmayan Heydər Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edir. Qarabağda yaranmış münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq 1991-ci ildə Sovet İttifaqı Kommunist Partiyası sıralarını tərk edir. Mövqeyinə görə bir sıra çətinliklərlə üzləşən dahi şəxsiyyət 1990-cı il iyulun 20-si Bakıya, 22-si Naxçıvana gəlir. Blokadada olan Naxçıvan öz böyük oğlunu sevgi ilə qarşılayır. Heydər Əliyevin gəlişi Naxçıvanı işğal təhlükəsindən xilas edir. Məhz 1990-cı illərin əvvəllərində Naxçıvanın taleyi həll edilirdi. Ulu Öndərin qayıdışı Naxçıvanın taleyində həlledici məqam olur. Gəlişindən qısa müddət sonra sentyabrın 30-da parlament seçkilərində Ümummilli Lider Heydər Əliyevin namizədliyi irəli sürülür. Nehrəm seçki dairəsindən Azərbaycan, 2 nömrəli seçki dairəsindən isə Naxçıvan parlamentinə deputat seçilir. Dahi şəxsiyyət Heydər Əliyevin sədrliyi ilə noyabrın 17-də Naxçıvan parlamentinin yeni tərkibdə ilk sessiyası keçirilir. Azərbaycanın müstəqilliyinə hesablanmış tarixi qərarlar qəbul olunur. Muxtar respublikanın adından “sovet” və “sosialist” sözləri çıxarılır. Milli dövlətçiliyimizin dirçəlişi istiqamətində atılan növbəti addım üçrəngli bayrağın dövlət rəmzi kimi qəbulu ilə əlaqədar təklifin irəli sürülməsi olur. Bu, Ulu Öndərin 1969-cu ildə ölkəyə rəhbərlik etdiyi dövrdən qarşısına qoyduğu ən böyük amalı, müqəddəs missiyası idi. Dahi rəhbərin çıraq işığında qəbul etdiyi qərarlar Azərbaycanı müstəqilliyə aparan yolda mayak olur.
Qurtuluşa gedən yol
Naxçıvana və naxçıvanlılara dayaq olan Ulu Öndərə paytaxtda daha çox ehtiyac duyulurdu. Ölkə böhran vəziyyətinə düşmüş, torpaqların 20 faizi işğal olunmuş, vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Belə bir zamanda dahi rəhbər Heydər Əliyev xalqın təkidli tələbi ilə paytaxta qayıdır. 1993-cü ilin 15 iyunu xalqın, torpağın qurtuluş tarixi kimi təqvimə düşür. Ulu Öndər ona göstərilən etimadı tez bir zamanda doğruldur. Onun müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyulur, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, sosial-iqtisadi böhrandan xilas olur. Ordu quruculuğunu və iqtisadiyyatın dirçəldilməsini diqqətdə saxlayan dahi şəxsiyyət müstəqil dövlətin dayaqlarını bərkidir. Əldə olunan sabitlik və dinamik inkişaf digər sahələrə də sirayət edir. Mühüm qərarlar qəbul olunur. Azərbaycanın haqq səsi beynəlxalq tribunalardan eşidilir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya Azərbaycan Respublikasının dövlət quruculuğunun əsasını qoyur. Ulu Öndərin birbaşa təşəbbüsü ilə hazırlanmış və ümumxalq səsverməsi nəticəsində qəbul olunmuş bu sənəd müstəqil Azərbaycanın ilk Konstitusiyası kimi tarixə yazılır. Azərbaycan müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət kimi inkişaf yoluna qədəm qoyur.
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”
Ulu Öndər xalqı, Vətəni qarşısında öz misilsiz xidmətləri, yorulmaz fəaliyyəti ilə hər zaman gənclərə örnək oldu. Özündən sonra böyük bir vətənpərvərlik və dövlətçilik məktəbi miras qoydu. Dahi şəxsiyyətin dövlətçilik məktəbində yetişən ölkə başçısı İlham Əliyevin qətiyyəti, prinsipiallığı sayəsində Azərbaycan 2003-cü ildən özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Ulu Öndərin vəsiyyətini sədaqətlə reallaşdıran, ideya-siyasi kursunu əzmlə davam etdirən ölkə başçısı xalqın on illərlə arzusunda olduğu torpaqları – Qarabağı geri qaytardı. Dahi rəhbərin vətənpərvərlik məktəbinin məzunları böyük şücaət göstərərək 30 il həsrətində olduğumuz torpaqlarda üçrəngli bayrağımızı ucaltdılar. O məzunların bir qismi məhz Ulu Öndərin 1971-ci ildə təməlini qoyduğu C.Naxçıvanski adına məktəbin məzunları idi. Bu gün ölkə başçısının rəhbərliyi ilə azad olunmuş torpaqlarda “Böyük Qayıdış” proqramı uğurla həyata keçirilir. Doğma yurdlarına qayıdan insanlar qurur, yaradır, həyat yenidən canlanır. Bu isə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasətinin və milli həmrəylik ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq təzahürüdür.
Məhz buna görə də hər bir azərbaycanlı öz müstəqil, güclü və qalib dövlətinin vətəndaşı olmaqdan haqlı qürur duyur.
Ruhiyyə RƏSULOVA
Digər xəbərlər