NAXÇIVAN :

22 Iyul 2026, Çərşənbə

151 illik mətbuatın 25 yaşlı davamçıları...

...

Hər peşənin, sözsüz ki, özünəməxsus bir məktəbi var. Elə bir məktəb ki orada insan yalnız bilik qazanmır, həm də xarakter formalaşdırır, məsuliyyət hissini dərk edir, gələcəyini müəyyənləşdirir. Jurnalistika isə bu baxımdan digər ixtisaslardan daha fərqlidir. Çünki burada öyrənilən hər söz gələcək üçün cəmiyyətə ünvanlanır, yazılan hər sətir tarixə çevrilir, yayımlanan hər xəbər isə ictimai fikrin formalaşmasına təsir göstərir. Məhz buna görə də jurnalist yetişdirmək, sadəcə, peşə öyrətmək deyil, həqiqətə xidmət edəcək bir şəxsiyyət formalaşdırmaq deməkdir. Bu peşənin sirlərinə yiyələndiyimiz, ilk reportajlarımızı yazdığımız, ilk müsahibələrimizi aldığımız, ilk dəfə mikrofon arxasına keçdiyimiz doğma məkana, özümün də təhsil aldığım Naxçıvan Dövlət Universitetinə boylananda bir daha anlayırıq ki, auditoriyalarda təkcə dərs keçilmir, gənc jurnalistlər üçün həm də sözün məsuliyyəti öyrədilir.

Bu gün 151 yaşını qeyd edən Azərbaycan milli mətbuatı ötən əsrlər ərzində böyük inkişaf yolu keçərək müstəqil dövlətimizin ən mühüm ictimai institutlarından birinə çevrilib. Bu böyük irsin yaşadılması isə, ilk növbədə, peşəkar jurnalist kadrların yetişdirilməsindən başlayır. Azərbaycanın elm və təhsil məkanında xüsusi yeri olan Naxçıvan Dövlət Universiteti də artıq 25 ildir ki, bu missiyanı uğurla yerinə yetirir. Bu, Naxçıvanda milli mətbuat ənənələrinin yeni ixtisaslı nəsillərə ötürülməsinin əsas rəmzi ifadəsidir.

Jurnalistika ixtisası Tarix-filologiya fakültəsinin tərkibində yaradılan gənc ixtisaslar sırasında öz layiqli yerini tutmaqdadır. 1967-ci ildən fəaliyyət göstərən fakültədə muxtar respublikada peşəkar jurnalist kadrlarına olan ehtiyacın artması nəticəsində 2001-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin təşəbbüsü ilə universitetdə Jurnalistika ixtisası yaradıldı. Artıq 2002-ci ildə Jurnalistika və dünya ədəbiyyatı kafedrasının tərkibində fəaliyyətə başlayaraq Jurnalistika və kitabxanaçılıq, daha sonra isə Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının tərkibində fəaliyyətini davam etdirib. İxtisas inkişaf etdikcə, zaman irəlilədikcə universitet təkcə bakalavr təhsili ilə məhdudlaşmadı, 2005-ci ildən Mətbuat tarixi və Radiotelejurnalistika, müasir dövrdə isə Beynəlxalq jurnalistika ixtisasları üzrə magistr hazırlığına start verdi. Beləliklə, Naxçıvanda jurnalistika təhsili sistemli şəkildə inkişaf etməyə başladı.

Əslində isə universitetdə media ənənələri bundan da əvvələ gedib çıxır. Hələ 1991-ci il oktyabrın 15-də universitetin ilk mətbu orqanı olan “Fikir” qəzeti fəaliyyətə başladı. Bu qəzet universitet həyatının salnaməsini yazmaqla yanaşı, gənclərdə yazmaq həvəsinin formalaşmasına da xidmət edirdi. Universitet rəhbərliyi jurnalistika təhsilinin yalnız auditoriyalarla məhdudlaşmamasını hər zaman diqqətdə saxlayıb. Bu gedişata uyğun olaraq 2000-ci ildə universitetdə mətbuat xidməti yaradıldı, sonralar bu struktur genişləndirilərək Media və ictimaiyyətlə əlaqələr şöbəsinə çevrildi. Bu gün həmin şöbənin nəzdində fəaliyyət göstərən müasir Media Mərkəzi NDU TV-ni, “Nuhçıxan” radiosunu və “Yeni fikir” qəzetini özündə birləşdirən əsl jurnalistika laboratoriyasıdır. Burada tələbələr xəbəri yazmaqdan onun efirə hazırlanmasına, televiziya çəkilişindən montaj prosesinə, radio aparıcılığından rəqəmsal media bacarıqlarına qədər peşənin bütün incəliklərini praktik şəkildə öyrənirlər. Sonralar bu ənənə daha da inkişaf etdirildi və 2011-ci ildən “Yeni fikir” qəzeti fəaliyyətə başladı. Bu gün həmin qəzet jurnalistika tələbələrinin ilk qələm təcrübəsinin, ilk reportajlarının və ilk publisistik yazılarının əsas ünvanına çevrilib. Jurnalistika ixtisasının ilk illəri müəyyən çətinliklərlə yadda qalsa da, həmin dövrün müəllim və tələbələrinin əzmkarlığı bu çətinlikləri qısa zamanda aradan qaldırdı. İxtisas üzrə dərsliklərin azlığına baxmayaraq, ilk tələbələr müəllimlərin yaddaşında intellektli, savadlı və peşəsinə vurğun gənclər kimi qaldılar. Onların əksəriyyəti sonralar Azərbaycan mediasında öz sözünü deyən peşəkar jurnalistlərə çevrildi.

İxtisasın inkişafında ölkənin tanınmış media nümayəndələrinin də mühüm rolu olub. Bakı Dövlət Universitetinin professoru Cahangir Məmmədli dəfələrlə universitetdə seminarlar keçirərək tələbələrlə təcrübəsini bölüşmüş, Bəxtiyar Sadıqov, İlham Tumas, Əflatun Amaşov, Rəşad Məcid və digər media nümayəndələri ilə keçirilən görüşlər tələbələrin peşə dünyagörüşünün formalaşmasında mühüm rol oynamışdır. Son illərdə təşkil olunan “MEDİAFEST” çərçivəsində professor Qulu Məhərrəmli və BDU Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu ilə keçirilən görüşlər də tələbələrin müasir media, rəqəmsal jurnalistika və süni intellekt dövrünün yeni çağırışları barədə biliklərinin zənginləşməsində böyük yer alıb.

Naxçıvan Dövlət Universitetində jurnalistika təhsilinin ən böyük üstünlüyü nəzəriyyə ilə təcrübənin vəhdətidir. Tələbələr hələ təhsil aldıqları illərdə Naxçıvan televiziyasında, “Şərq qapısı” qəzetində və digər media qurumlarında istehsalat təcrübəsi keçərək peşənin real mühitini yaxından tanıyırlar. Onlar artıq auditoriyadan kənarda da xəbər yazmağı, reportaj hazırlamağı, müsahibə götürməyi, televiziya süjeti çəkməyi və ictimaiyyətlə peşəkar ünsiyyət qurmağı peşəkar jurnalistlərin özlərindən öyrənirlər. Bu gün universitetin Jurnalistika ixtisası artıq öz sözünü demiş bir məktəbdir. Yarandığı gündən indiyədək burada 251 bakalavr və 28 magistr olmaqla, ümumilikdə, 279 jurnalist tələbə təhsil alıb. Həmin məzunlar Azərbaycanın televiziya kanallarında, informasiya agentliklərində, qəzetlərində, xəbər portallarında, dövlət qurumlarının mətbuat xidmətlərində və digər media strukturlarında uğurla fəaliyyət göstərirlər. Xüsusilə qürurvericidir ki, məzunlardan Məmməd Babayev, Səadət Əliyeva, Samir Tarverdiyev və Çinarə İsmayılova bu gün doğma universitetlərində müəllim kimi çalışaraq yeni jurnalist nəslinin yetişməsinə öz töhfələrini verirlər. Bu, universitetdə formalaşan jurnalistika məktəbinin davamlılığının və gücünün ən bariz göstəricisidir.

 151 illik Azərbaycan milli mətbuatı yeni əsrə qədəm qoyarkən onun gələcəyini məhz belə məktəblər müəyyənləşdirir. Çünki burada jurnalist peşəsi yalnız öyrədilmir, həm də yaşadılır. Burada qələm, sadəcə, yazı aləti deyil, həqiqətin carçısı, mikrofon isə, sadəcə, texniki vasitə deyil, xalqın səsinin ifadəsidir. Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası isə 25 illik fəaliyyəti ilə sübut edir ki, sözə sədaqət, peşəkarlıq və Vətənə xidmət hissi məhz belə müqəddəs ocaqlarda formalaşır. Bu ocaqdan çıxan hər bir məzun isə Azərbaycan mediasının sabahına işıq tutan bir qələm sahibidir.

Rafiq TƏHMƏZOV

 

Nəşr edilib : 22.07.2026 15:45