NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

2025-ci ilin yanvar-dekabr aylarında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı

...

2025-ci ildə muxtar respublikada ümumi daxili məhsul istehsalı 1 milyard 709 milyon 438 min 600 manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 3,8 faiz çoxdur. Bu dövr ərzində əhalinin hər nəfərinə düşən ümumi daxili məhsul istehsalı 3,4 faiz artaraq 3624,2 manat olmuşdur.

***

​2025-ci ilin yanvar-dekabr aylarında muxtar respublikada 474 milyon 240 min 600 manatlıq sənaye məhsulu istehsal edilmişdir ki, bu da 2024-cü ildəki göstəricidən 7,2 faiz çoxdur. Sənaye məhsulunun 396 milyon 928 min 100 manatı və ya 83,7 faizi malların, 77 milyon 312 min 500 manatı və ya 16,3 faizi isə xidmətlərin payına düşmüşdür.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 78,0 faizi emal, 19,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 2,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

***

2025-ci ilin yanvar-dekabr aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 397 milyon 341 min 300 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 45,2 faiz çoxdur.

İstifadə olunmuş vəsaitin 160 milyon 996 min 300 manatı və ya 40,5 faizi məhsul istehsalı sahələrinə, 122 milyon 696 min 300 manatı və ya 30,9 faizi xidmət sahələrinə, 113 milyon 648 min 700 manatı və ya 28,6 faizi isə yaşayış evlərinin tikintisinə sərf olunmuşdur.
Əsas kapitala vəsait qoyuluşunun 286 milyon 327 min 300 manatı və ya 72,1 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür ki, bu da 2024-cü illə müqayisədə 23,8 faiz çoxdur.

 ***

2025-ci ildə muxtar respublikada 402 milyon 251 min 900 manatlıq kənd təsərrüfatı məhsulu istehsal olunmuşdur ki, bunun da 223 milyon 63 min 300 manatı bitkiçilik sahəsi üzrə, 179 milyon 188 min 600 manatı isə heyvandarlıq sahəsi üzrə olmuşdur. 2024-cü illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,8 faiz azalmışdır.

2025-ci ilin yanvar-dekabr aylarında muxtar respublikada nəqliyyat sektorunda 7 milyon 220 min 600 ton yük, 48 milyon 11 min 700 sərnişin daşınmışdır. 2024-cü illə müqayisədə yük daşınması 1,0 faiz, sərnişin daşınması isə 1,3 faiz artmışdır.
2025-ci ilin yanvar-dekabr aylarında informasiya və rabitə xidmətlərinin dəyəri əvvəlki illə müqayisədə 1,9 faiz azalaraq 35 milyon 289 min 100 manat olmuşdur. Xidmətlərin 38,1 faizi mobil telefon rabitəsi sahəsində, 65,1 faizi isə qeyri-dövlət sektorunda formalaşmışdır.

***

2025-ci ilin yanvar-dekabr aylarında muxtar respublikada pərakəndə ticarət dövriyyəsi 1 milyard 366 milyon 340 min 200 manat təşkil etmişdir ki, bu da ötən illə müqayisədə 4,0 faiz çoxdur. Ticarət şəbəkəsində 703 milyon 665 min 200 manatlıq qida məhsulları, içkilər və tütün məmulatları, 662 milyon 675 min manatlıq qeyri-qida məhsulları satılmışdır.

***

Naxçıvan Muxtar Respublikası üzrə əhalinin banklardakı əmanətlərinin məbləği bir il öncəyə nisbətən 49,3 faiz artaraq 2025-ci il dekabr ayının 1-ə milli valyuta ekvivalentində 36 milyon 425 min 600 manat təşkil etmişdir. Əmanətlərin 94,1 faizi milli, 5,9 faizi xarici valyutada qoyulmuş, milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 48,1 faiz, xarici valyutada qoyulmuş əmanətlərin məbləği isə 72,3 faiz artmışdır.


***

2025-ci ilin yanvar-dekabr aylarında muxtar respublikanın xarici ticarət dövriyyəsi 130 milyon 126 min 770 ABŞ dolları təşkil etmişdir. Ticarət dövriyyəsinin 13 milyon 570 min 210 dollarını və ya 10,4 faizini ixrac olunmuş məhsulların, 116 milyon 556 min 560 dollarını və ya 89,6 faizini isə idxal məhsullarının dəyəri təşkil etmişdir. 2024-cü illə müqayisədə xarici ticarət dövriyyəsi 3,7 faiz, o cümlədən idxal 1,4 faiz, ixrac isə 28,4 faiz artmışdır.

***

​2025-ci ilin yanvar-dekabr aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 198 milyon 489 min 600 manat olmuşdur ki, bu da 2024-cü illə müqayisədə 0,3 faiz çoxdur.

*** 

​2025-ci ilin yanvar-noyabr aylarında muxtar respublikada ortaaylıq nominal əməkhaqqı 812,6 manat olmuşdur ki, bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz çoxdur.

***

1 dekabr 2025-ci il tarixə muxtar respublikada əhalinin sayı bir il öncəyə nisbətən 1555 nəfər və ya 0,3 faiz artaraq 472 min 363 nəfər olmuşdur.

Nəşr edilib : 21.01.2026 15:20