İspaniya Krallığı Deputatlar Konqresinin sədri Azə...
22:32 22.01.2026
0
0
0
NAXÇIVAN :
23 Yanvar 2026, Cümə
Artıq 3 ildir ki, müxtəlif layihələrdə, tədbirlərdə könüllü kimi iştirak edirəm. Hər dəfə fərqli mühit, fərqli insanlar, yeni təcrübələr… Amma bu dəfə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkil etdiyi yay düşərgəsində qazandığım təəssüratlar indiyədək yaşadıqlarım arasında tamam fərqli yer tutur. Şərurda keçirilən bu yay düşərgəsində nəinki könüllü oldum, həm də özümə bir az daha yaxınlaşdım.
Düşərgəyə gedəndə bir tərəfdən tərəddüdlü, bir tərəfdən də maraqlı idim. Könüllü olaraq qatıldığım bir layihənin mənə bu qədər çox şey verəcəyini, bu qədər insanla tanış olacağımı düşünməzdim. Hər şey çox səmimi başladı. İlk saatlardan hər kəs bir-biri ilə ünsiyyət qururdu. Gülüşlər, salamlaşmalar, tanışlıqlar, paylaşmalar… Qısa zamanda yadlıq yox oldu, yerini dostluq və komanda ruhu aldı.
Təlimlər, qrup işləri, açıq müzakirələr, öyrəndikcə, danışdıqca özüm haqqında da yeni şeylər kəşf edirdim. Özünüinkişaf təlimləri vasitəsilə nəyə marağımı, hansı mövzularda cəsarətli, hansında tərəddüdlü olduğumu bir daha anladım. Təlimçilər elə seçilmişdi ki, darıxmaq mümkün deyildi, dinlədikcə daha çox danışmaq, paylaşmaq istəyirdin.
Amma düşərgənin ən yaxşı tərəflərindən biri mənim üçün intellektual oyun oldu. Komandayla birgə yarışa qatıldıq. Biliklər, reflekslər, məntiq, komanda işi… və nəticə: birinci yer. Komandamızla qazandığımız bu uğur mənim üçün təkcə birincilik deyil, həm də birliyin qələbəsi idi.
O an yadımda qalan təkcə nəticə deyil, o anda keçirdiyim həyəcan, bir-birimizə “alındı!” deməyimiz, bir-birimizin əlini sıxmağımız oldu...
Axşamlar isə düşərgə tamam başqa bir ovqat yaşayırdı. Musiqilər, şənliklər, gülüşlü oyunlar… Bir- birimizlə müzakirələr apararkən, “sən necə düşünürsən?” sualı ilə başlayan uzun söhbətlər… Bunlar elə anlar idi ki, foto çəkib paylaşmaqla izah edilmir. Yaşanır və xatirə qalır.
Könüllü olduğum bu düşərgədə öyrəndiklərim, hiss etdiklərim, qazandığım insanlar və təcrübələr uzun müddət mənimlə qalacaq.
Biz gənclər bəzən düşünürük ki, uğur və təcrübə yalnız ali təhsil auditoriyalarında və ya iş həyatında qazanılır. Amma, əslində, insan özünü ən çox belə qeyri-rəsmi, lakin yüksək dəyərlərə söykənən mühitlərdə tanıyır. Təlimlərdə çıxış etmək, komanda ruhunu hiss etmək, intellektual oyunlarda iştirak etmək, bir-birinə dəstək olmaq, bunların hər biri insana həm cəmiyyət içində yerini tapmağa, həm də özünü ifadə etməyə kömək edir.
Eyni zamanda belə düşərgələrdə əldə olunan əlaqələr də gələcəkdə sizin yol yoldaşlarınıza çevrilə bilər. Kim bilir, bəlkə də, bu gün bir intellektual oyunda yanınızda olan dost sabah sizinlə bir layihədə çalışacaq, bir startap quracaq, bir ideyanı həyata keçirəcək.
Bu baxımdan istərdim ki, bütün gənclər yaranmış hər fürsəti dəyərləndirsinlər. Özlərini sınamaqdan qorxmasınlar, yeni mühitlərə açıq olsunlar, sosial aktivliyə can atsınlar. Hər düşərgə, hər təlim yeni bir başlanğıc, yeni bir yol deməkdir. Və bəlkə də bu yolların hansısa sizi öz gerçək potensialınıza aparacaq.
Elnurə CƏFƏROVA
Digər xəbərlər