Parağaçaydan – Zəngəzurun ətəyindən salam!...
20:21 28.06.2025
0
0
0
NAXÇIVAN :
28 Iyun 2025, Şənbə
“Turan” Döyüş Klubundan möhtəşəm nailiyyət
Ötən həftə Azərbaycan MMA və Qrapplinq Federasiyasının dəstəyi ilə Hövsan Olimpiya İdman Kompleksində yarış keçirilib. Yarışda muxtar respublikanı “Turan” Döyüş Klubunun idmançıları təmsil ediblər. Baş məşqçi Xəyal Abdullayevin rəhbərliyi ilə klubun 13 üzvü yarışda mübarizə apararaq, ümumilikdə, 6 kəmər və 11 qızıl medal qazanıb.
Mötəbər yarışda uğur qazanan idmançılarla redaksiyamızda görüşüb, həmsöhbət olduq. Azərbaycan Respublikasının idman ustası Xəyal Abdullayev söhbət zamanı bildirdi: “Bu yarışda qalib gəlmək bizim üçün həm məsuliyyətli, həm də qürurverici oldu. “Turan” Döyüş Klubunun idmançıları bu yarışda təkcə iştirak etməklə kifayətlənmədilər, həm də böyük uğura imza atdılar. Onlardan 6-sı – Ravil Alməmmədov (69 kq), Əli Qəribov (66 kq), Uğur Bağışov (53 kq), Əbülfəz Cəfərov (47 kq), Nurəddin Əliyev (42 kq) və Tunar Abdullayev (38 kq) kəmər döyüşlərində rəqiblərinə heç bir şans tanımadılar. İdmançılarımız taktiki baxımdan yarışa tam hazır idilər və hər biri üzərinə düşən işin öhdəsindən layiqincə gəldi. Bizim üçün bu nəticə, sadəcə, medal deyil, illərdir, davam edən məşqlərin və zəhmətimizin bəhrəsidir. Qarşıda bizi daha böyük yarışlar gözləyir və əminəm ki, bu nəticələr bizim üçün yalnız başlanğıcdır”.
Xəyal müəllim onu da qeyd etdi ki, bu günə qədər iştirak etdikləri bütün yarışlarda uğur qazanıblar. İdmançılardan Uğur Bağışov üçün isə bu yarış çox önəmli olub: “Həm özümə, həm də bizi yetişdirən məşqçilərimizə layiq olduğumuzu sübut etmək istəyirdik. Qarşıda böyük hədəflərimiz var və inanıram ki, daha çox çalışaraq böyük uğurlara imza atacağıq”.
69 kiloqram çəki dərəcəsində mübarizə aparan Ravil Alməmmədovun sözlərinə görə, döyüşlər daha çətin keçib: “Amma özümə inandım və sona qədər mübarizə apardım. Məni dəstəkləyən məşqçimə, ailəmə və komanda yoldaşlarıma minnətdaram. Bu qalibiyyət məni daha da motivasiya edir və növbəti yarışlara daha güclü hazırlaşmağa əlavə stimul yaradır. Kənardan asan görünsə də, qazanılan hər qələbə, hər uğur böyük əziyyətlər hesabına mümkün olur”.
Komandanın digər üzvləri də bildirdilər ki, kəmər uğrunda döyüş onlar üçün xüsusi əhəmiyyət daşıyırdı. Onlar bu uğurları Xəyal Abdullayevin və bütün komandanın əziyyətini düşünərək qazanıblar.
Biz də idmançılarımızı təbrik edir, növbəti turnirlərdə uğurlar arzulayırıq.
Bülbül Rövşənqızı
Digər xəbərlər