NAXÇIVAN :

06 Sentyabr 2026, Bazar

Abidələrdə yaşayan memar

...

Qoca tarixlə həmyaşıd olan qədim Naxçıvanımız bəşəriyyətə bəxş etdiyi böyük şəxsiyyətlər, nadir dühalarla da tanınıb, şöhrətlənib. Ulu torpağımızın, yurdumuzun xoşbəxtliyidir ki, belə dahilər bir deyil, beş deyil, onlarladır. Hər biri də öz əməli, amalı ilə zaman və məkan çərçivəsinə sığmayıb, əsrlərin yolyoldaşı olub, nəsillərin örnək timsalına çevrilib. Əbədiyyət yolçusu olan belə şəxsiyyətlərdən biri də Naxçıvan memarlıq məktəbinin banisi, “Şərqin böyük memarı” adlandırılan Əcəmi Əbubəkr oğlu Naxçıvanidir.

XII əsr Azərbaycan memarlığının intibahında xüsusi yeri və mövqeyi olan, yaratdığı sənət nümunələri ilə dünyanı heyrətdə qoyan memarın şəxsi həyatı bu gün bizim üçün bir qədər qaranlıq olsa da, onun günümüzə gəlib çatan nadir memarlıq inciləri Əcəmi yaradıcılığı haqqında çox bilgilər verir. Tarix öz qoynunda Əcəminin həyatı haqqında, onun ölməz əsərlərindən başqa heç nə saxlamayıb. Görünür, dahi memar bunu qabaqcadan gördüyündən öz şah əsəri Möminə xatun türbəsi üzərində belə yazmışdır:

“Biz gedirik, ancaq qalır rüzigar,

Biz ölürük, əsər qalır yadigar”.

Tanrı möcüzəsi olan, qeyri-adi istedad sahibi Əcəmi bizə böyük mütəfəkkir, dünya elmlərini dərindən bilən bir filosof kimi təqdim edilir. Fakt odur ki, on ikinci yüzillikdə mütəfəkkir şair Nizami Gəncəvinin sözdə yaratdığı hikməti Əcəmi daşlarla ucaldıb. Əsrlərboyu Nizaminin söz ucalığı kimi, Əcəminin də daş möcüzəsi dünyanın hər tərəfindən görünüb, sonsuz sənət kəhkəşanında əbədi ulduz kimi parlayır.

Dövlətimizin başçısının bu il avqustun 11-də  xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Vətəninə – Naxçıvana səfəri isə əlamətdar hadisə olmaqla yanaşı, muxtar respublikanın gələcək inkişafı baxımından çox önəmlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan səfəri zəngin proqramı ilə yadda qaldı. Səfər çərçivəsində Naxçıvan şəhərində yerləşən “Əcəmi Seyrangahı” Mədəniyyət və İstirahət Kompleksində memar Əcəmi Naxçıvaninin abidəsinin açılışının keçirilməsi böyük memarın zəngin irsinə göstərilən ehtiramın ifadəsi oldu.  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın mərasimdə iştirakı tarixi yaddaşın bərpasına, milli mədəni irsin qorunmasına ehtiram və ən keçmişdən gələcəyə atılan möhkəm addımlara verilən dövlət dəstəyinin təcəssümüdür. Bu il Əcəmi Naxçıvaninin anadan olmasının 900 illiyinin qeyd olunması isə bu hadisəyə xüsusi məna verir.

Prezident İlham Əliyev Əcəmi Naxçıvaninin yubileyinin qeyd edilməsi və onun abidəsinin ucaldılması məqsədilə ötən il Sərəncam imzalayıb. Abidənin ucaldılması böyük memarın zəngin irsini müasir yanaşma ilə təqdim etməklə bərabər, Azərbaycanın memarlıq tarixinə olan dərin hörmətin göstəricisidir. Əcəmi Naxçıvaninin xatirəsinin əbədiləşdirilməsi həm də Azərbaycan dövlətinin tarixi şəxsiyyətlərə verdiyi yüksək dəyərin ifadəsidir.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ 1976-cı ildə Naxçıvaninin 850 illik yubileyi böyük bir təntənə ilə qeyd olunmuşdu. Hazırda onun 900 illik yubileyi UNESCO çərçivəsində qeyd olunan yubileylər siyahısına daxil edilməsi Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılması baxımından əhəmiyyətli addımdır.

Naxçıvan şəhərində ucaldılan keçirilən abidə, yalnız memar Əcəmi Naxçıvaninin irsini yaşatmaq məqsədini daşımır, eyni zamanda Azərbaycanın mədəniyyətini və tarixini də dünyaya tanıtmaq məqsədini güdür. Prezident İlham Əliyevin bu açılışda iştirak etməsi də xalqın mədəni irsinə verilən dövlət qiymətinin ali təzahürüdür.

Naxçıvan torpağının yetirməsi olan Əcəmi bir sənət fatehi olaraq bənzərsiz sənət zirvəsi fəth edib. Onun qüdrəti sayəsində burada yeni bir memarlıq məktəbi formalaşıb, sonrakı dövrlərin sənətkarları bu məktəbdən dərs alıblar. Ümumiyyətlə, Əcəmi sənəti Yaxın və Orta Şərq memarlığına güclü təsir göstərib. O ki qaldı Əcəmi sənətinin Naxçıvan şəhərinə təsirinə, təbii ki, onlar bu şəhərə çox böyük əzəmət gətirib. Ona “Nəqşi-cahan – dünyanın bəzəyi” titulunu bəxş edib. Bu sənət çeşməsindən su içən memarlar sonralar əsərlərində Əcəmi ənənələrini bəzən birbaşa, bəzən yeni forma və kompozisiya üslubunda davam etdiriblər.

Əcəminin bu gün Şərqin ən nadir klassik memarlıq nümunələri sırasında duran Möminə xatun türbəsi 1186-cı ildə inşa olunub. Atabəy Şəmsəddin Eldəgizin xanımı, Məhəmməd Cahan Pəhləvanın anası Möminə xatunun şərəfinə ucaldılan bu nadir tikilini fərqləndirən cəhətlərdən biri, ilk növbədə, onun yeraltı və yerüstü hissədən ibarət olmasıdır. Qeyd edək ki, bu memarlıq üslubu ilk dəfə Əcəmi tərəfindən işlədilmişdir. Dahi şəxsiyyət Heydər Əliyevin dediyi kimi: “Bu abidə Atabəylər dövlətinin Azərbaycan dövlətçiliyini yüz illərlə dünyaya nümayiş etdirməsini, Atabəylər sülaləsinin, nəslinin Azərbaycan tarixində nə qədər böyük yer tutduğunu göstərir”.

Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Naxçıvan şəhərində Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri ilə də tanış olublar. Prezident İlham Əliyevin 2023-cü ildə imzaladığı Sərəncamla təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda muxtar respublikadakı tarix-memarlıq abidələrinin mövcud vəziyyətinin qiymətləndirilməsi və bərpa-konservasiya işlərinin həyata keçirilməsi nəzərdə tutulub. Möminə xatun türbəsində görülən işlər də bu proqrama uyğun icra olunur.

Dövlətimizin başçısı dünya əhəmiyyətli tarix-memarlıq abidəsi olan Möminə xatun türbəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında 2025-ci ildə Sərəncam imzalayıb.

Şəhərimizin ən gözəl guşələrindən birində – Əcəmi seyrəngahında əsrlərə, meydan oxuyan əzəmətli Möminə xatun abidəsi bu gün hər bir naxçıvanlının, qədim yurdumuza gələn qonaqların ən çox üz tutduqları ünvandır. Möhtəşəmliyin, zərifliyin, itirilməyən mənəvi dəyərlərin simvoluna çevrilmiş bu abidə bu gün daha qürurla başını qaldırıb tarixə, uzun illərin keşməkeşlərinə meydan oxuyur. Sanki bilir ki, onun memarı və qurucusu olan Əcəmi Əbubəkr oğlunun davamçıları, xalqımız onun hər daşının, hər bir naxışının qayğısına qalır. Azərbaycan Televiziyasına müsahibəsində Prezident İlham Əliyevin dediyi kimi: “Naxçıvan çox zəngin tarixə və mədəniyyətə, o cümlədən memarlıq mədəniyyətinə malikdir. Naxçıvan qədim Atabəylər dövlətinin paytaxtı olub və o dövrə, ondan sonrakı dövrə aid olan bir çox abidələr dünya əhəmiyyətli abidələrdir. Möminə xatun məqbərəsinin bərpası ilə bağlı görülən işlər bu gün mənə təqdim edildi. Eyni zamanda digər tarixi-mədəni obyektlərin konservasiyası, qorunması və bərpası nəzərdə tutulur. Möminə xatun məqbərəsinin müəllifi məşhur naxçıvanlı memar Əcəmi Naxçıvaninin şərəfinə abidə ucaldıldı. O abidənin arxasında onun ölməz əsəri Möminə xatun məqbərəsi yerləşir. Bütün bu məsələlər böyük əhəmiyyət daşıyır. Çünki təbii ki, sosial-iqtisadi inkişaf, enerji təhlükəsizliyi vacib məsələlərdir. Ancaq bütün bu görülən işlərin təməlində bizim milli kimliyimiz dayanır, milli ruhumuz dayanır, mədəniyyətimiz, dilimiz, ədəbiyyatımız, tariximiz dayanır. Azərbaycan xalqı xoşbəxt xalqdır. Biz tariximizlə, mədəniyyətimizlə, görkəmli şəxsiyyətlərimizlə fəxr edə bilərik”.

Jalə MİRZƏYEVA

“Xan Sarayı” Dövlət Tarix-Memarlıq,

 Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin ekskursiyaçısı

Nəşr edilib : 06.09.2026 12:00