NAXÇIVAN :

12 Iyul 2026, Bazar

Abituriyentlər I və IV ixtisas qrupları üzrə imtahan veriblər YENİLƏNİB

...

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə qəbul imtahanı keçirib.

“Şərq qapısı” na DİM-dən bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunub.
İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 153 imtahan binası, 2658 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 153 ümumi imtahan rəhbəri, 429 imtahan rəhbəri, 3304 nəzarətçi, 482 buraxılış rejimi əməkdaşı, 153 bina nümayəndəsi cəlb olunub.
İlkin məlumatlara əsasən, 12 nəfərdə mobil telefon aşkarlanıb və onlar imtahandan kənarlaşdırılıblar.
İmtahanda 36356 abituriyentin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər onları maraqlandıran sualları “Youtube”da yerləşdiriləcək müvafiq yayımın altına yaza bilərlər.
İyulun 13-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Nəşr edilib : 12.07.2026 13:55