NAXÇIVAN :

24 Yanvar 2026, Şənbə

Adına və Vətəninə layiq oğul

...

O, dünyaya gələndə atası adını türk xalqının igid oğlu, azərbaycanlı qardaşlarının dar günündə köməyinə çatan Ənvər paşanın adını vermişdi. “Adı ilə böyüsün”, – demişdi. Adı ilə böyüdü Ənvər Əliyev. Hərbçi oldu, Vətənin müdafiəsinə qalxdı. Evin sonbeşiyi Ənvəri ilə fəxr edir Nizami ata. Deyir ki, o həm adına, həm də İkinci Dünya müharibəsində qəhrəmancasına döyüşən babası Həsən kişiyə, arxa cəbhədə qəhrəmanlıq göstərən kişi qeyrətli nənəsi Sona xanıma layiq oldu. Babasının arzusunu reallaşdırıb hərbçi oldu. Çox sevdi hərb sənətini, bu sevgi körpə yaşlarından baş qaldırmışdı Ənvərin qəlbində. Məhz bu istəyi onu 2012-ci ildə oxuduğu Axaməd kənd tam orta məktəbindən Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə apardı. 
Ənvər hərbi liseydə oxuduğu illərdə də dərslərində fəallığı, davranışı, vətənpərvərliyi, mənəvi keyfiyyətləri ilə seçilən kursant oldu, neçə-neçə fəxri fərmanlara, medallara, təşəkkürnamələrə, “İlin ən yaxşı kursantı” adına layiq görüldü. 2015-ci ildə buradakı təhsilini nümunəvi attestatla bitirəndə yaxşı oxuduğu üçün Türkiyə Respublikasının Ankara şəhərinə göndərildi. Orada oxuduğu dövrdə müəllimləri elə Ənvər paşa dedilər ona. 2016-cı ildə Vətənə qayıdaraq təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirən Ənvər Əliyev 2020-ci il 1 iyul tarixdə Tərtər rayonunda hərbçi kimi şərəfli xidmətinə başladı. Vətən müharibəsində Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə elə Ənvər paşa kimi bir qəhrəman olduğunu təsdiqlədi. Oktyabrın 14-ü isə Talış yüksəkliyində 2 əsgəri ilə birgə şəhidlik məqamına ucaldı. Qəhrəman şəhid Ənvər Əliyev döyüşlərdə göstərdiyi şücaətə görə, “Vətən uğrunda”, “İgidliyə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Onun ən böyük arzusu Vətənin bütövlüyü idi. Ruhun şad olsun, qəhrəman. Şuşa da, Laçın da, bütöv Qarabağ da azadlığa qovuşdu sənin kimi oğulların canı bahasına. 

Ramiyə ƏKBƏROVA

Nəşr edilib : 12.10.2025 14:53