NAXÇIVAN :

28 Iyun 2025, Şənbə

Ağına da lənət, qarasına da...

...

Yay fəslinin gəlməsi ilə xüsusən kənd yerlərində yaşayan insanlar otlaq, zəmi, meşə, çöllük və sair sahələrdə tez-tez ilan və əqrəblərlə qarşılaşır, bəzən, hətta onların hücumuna məruz qalırlar. Muxtar respublikamızın müxtəlif bölgələrində zəhərli ilan növlərindən olan  gürzələr, ölümə yol aça biləcək zəhərə malik qara əqrəblər çox yayılmışdır. Havaların istiləşməsi ilə bu heyvanların fəaliyyəti artır ki, bu da, son nəticədə, insanlar üçün həyati təhlükə yaradır. Bəs belə halların yaşanmaması üçün və ya baş verdiyi təqdirdə nə etməli? Bu və bu kimi suallarımıza  Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Yoluxucu Xəstəliklər Mərkəzi Təcili tibbi yardım şöbəsinin müdiri Hüseyn Əsgərov aydınlıq gətirdi. Hüseyn həkim bildirdi ki, ən çox ilanvurma, əqrəbsancma kimi hadisələr yazın sonu və yay aylarında, əsasən, maydan avqustadək qeydə alınır. Havaların  istiləşməsi ilə insanlar təbiətdə daha çox vaxt keçirir ki, bu da riskləri artırır.

“İlkin tibbi yardım necə olmalıdır?” sualımızı müsahibim belə cavablandırdı: “İlk növbədə, zərərçəkmişi sakitləşdirmək və sancma nahiyyəsinin hərəkətini məhdudlaşdırmaq (zəhərin yayılmaması üçün) lazımdır. Sancma yerinə buz qovuğu tətbiq edilməlidir. Qətiyyən kəsik atmaq, zəhəri sorub çıxarmaq, isti kompres qoymaq olmaz. Təcili tibbi yardıma məlumat vermək və zərərçəkəni xəstəxanaya çatdırmaq mütləqdir.

Müsahibim bildirdi ki, ilan və ya əqrəb sancması zamanı  zəhərlənmə özünü  müxtəlif əlamətlərlə büruzə verir. Belə ki ilan zəhəri sinir, qan və ya əzələ sisteminə təsir edə bilər. Bu halda sancma yerində ağrı, şişkinlik, qızartı, başgicəllənmə, ürəkbulanma, qusma, tənəffüs çətinliyi, görmə zəifliyi, əzginlik bəzən isə anaflaktik şok və huşun itməsi baş verə bilir.

Əqrəb sancması zamanı isə  kəskin yerli ağrı, yanma, qızartı və ödem, uşaqlarda və yaşlılarda isə titrəmə tənəffüs problemi, ürək ritminin pozulması qusma kimi hallar yaşana bilir.

Müsahibimin sözlərinə görə, zəhərlənmə əlamətləri, adətən, 15 dəqiqə ilə 2 saat arasında ortaya çıxır. Zəhərin növü, miqdarı və orqanizmin reaksiya qabiliyyəti burada əsas rol oynayır.

Təbiətdə olarkən uzunboğaz ayaqqabı və uzun geyim geyinmək daha məsləhətdir. Gecələr açıq havada yatmamaq, otaqlarda və ya çadırlarda yoxlama aparmaq, otluqda gəzməmək və daşların altına əllə toxunmamaq, əqrəb və ilanların yaşadığı ərazilərdə xəbərdarlıq nişanları yerləşdirmək, dərmanlama aparmaq və sair insanları az da olsa, bu canlıların törətdiyi təhlükələrdən uzaqlaşdıra bilər.

Sonda Hüseyn həkim qeyd etdi ki, ilan və əqrəb sancmaları həyati təhlükə yarada bildiyi üçün insanlar bilməlidir ki, vaxtında və aparılmış ilkin düzgün tibbi yardım onları sağlam həyata qaytarar. Ona görə də şaiyələrə deyil, tibbi tövsiyələrə əsaslanmaq vacibdir. Hər hansı sancma halında vaxt itirmədən  həkimə müraciət etmək həyati əhəmiyyət daşıyır.

Xalq arasında belə bir inam var ki, əqrəb insanı sancdımı, gedib onu qəbiristanlıqda gözləyir. Bu inam nə dərəcə düzgündür deyə bilməsək də, hər halda çalışıb özümüzü bu və bu kimi zəhərli sürünən və həşəratlardan qorumalıyıq.

                                                                                            Türkanə ƏSƏDOVA

Nəşr edilib : 13.06.2025 11:21