NAXÇIVAN :

18 Iyul 2026, Şənbə

AHİK-in “Layiqli Əmək Səfiri", Xalq artisti Mənsum İbrahimov “Duzdağ” Hoteldə ittifaq üzvləri üçün konsert proqramı ilə çıxış edib

...

İyulun 17-də “Duzdağ” Hoteldə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının “Layiqli Əmək Səfiri”, Xalq artisti Mənsum İbrahimovun iştirakı ilə ittifaq üzvləri üçün açıq hava konserti təşkil olunub.
"Şərq qapısı" xəbər verir ki, tədbirdən əvvəl çıxış edən AHİK-in sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev belə mədəni layihələrin milli-mənəvi dəyərlərin təbliği, asudə vaxtın səmərəli təşkili və həmkarlar ittifaqları üzvlərinin mənalı istirahətinin təmin olunması baxımından əhəmiyyətini vurğulayıb.
Konsert proqramı Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Zülfüqar Mahmudov, Naxçıvan Dövlət Universitetinin əməkdaşı Samir İsmayılov və istedadlı kanon ifaçısı Humay Abbasın çıxışları ilə başlayıb.
Daha sonra səhnəyə çıxan AHİK-in “Layiqli Əmək Səfiri”, Xalq artisti Mənsum İbrahimov Azərbaycan muğamının və milli musiqimizin sevilən nümunələrini səsləndirib. Açıq hava şəraitində keçirilən musiqi gecəsində ifalar tamaşaçılar tərəfindən böyük maraq və gur alqışlarla qarşılanıb.
Konsert iştirakçılara xoş ovqat bəxş edib, milli musiqimizin zənginliyini və muğam sənətinin ecazkar gözəlliyini bir daha nümayiş etdirərək yaddaqalan mədəni tədbirə çevrilib.

Nəşr edilib : 18.07.2026 00:09