Keçmiş münaqişə dövründə Ermənistanın Azərbaycanın...
21:51 22.05.2025
0
0
0
NAXÇIVAN :
22 May 2025, Cümə axşamı
“Azərbaycanın xarici siyasətində Türk dünyasının vahid ideya ətrafında birləşməsinə, türk dövlətlərinin birliyinə, bərabərliyinə xidmət hər zaman prioritet məqsədlərdəndir. 16 il bundan öncə, daha dəqiq desək, 2009-cu il oktyabrın 3-də Naxçıvan Bəyannaməsi ilə yaradılan Türk Dövlətləri Təşkilatı, bu baxımdan, mühüm siyasi platforma rolunu oynayır. Ötən illər ərzində Azərbaycanın təşəbbüsü olduğu, bilavasitə iştirakı ilə reallaşan nəhəng enerji, nəqliyyat layihələri ilə TDT-nin nüfuzunun güclənməsinə vacib töhfələr verib. Prezident İlham Əliyevin mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı, görüş çərçivəsində səsləndirilən fikirlər də Azərbaycanın bu təşkilatın inkişafında necə böyük missiya daşıdığını sübut edir”.
Bu sözləri “Şərq qapısı”na açıqlamasında Ali Məclisin deputatı Teymur Rzayev deyib.
Deputat qeyd edib ki, görüşdə qeyd olunduğu kimi, respublikamızın birbaşa iştirakı ilə həyata keçirilən Orta Dəhliz bu gün nəinki Avropa ilə Asiyanı qovuşdurur, həmçinin Türk dünyasının birliyinə xidmət edir. Bu xüsusda 2017-ci il oktyabrın 30-da istifadəyə verilən, respublikamızın böyük maliyyə imkanları hesabına reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti olduqca böyükdür. Vaxtilə bu layihənin icrasının qarşısını almağa çalışan bir sıra inkişaf etmiş ölkələr bu gün Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə BTQ ilə daşınmasına böyük maraq göstərirlər. Artan ticarət imkanları nəzər alınaraq 2024-cü ildə aparılan modernləşdirmə işlərindən sonra dəmir yolunun illik yükdaşıma qabiliyyəti 5 milyon tona yüksəldilib. Bir faktı da qeyd etmək yerinə düşər ki, Orta Dəhlizin əsas hissələrindən hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu zamanında tikilməsəydi, bu gün ölkələrarası nəqliyyat əlaqələrində çatışmazlıq açıq-aşkar nəzərə çarpacaqdı və bu da, təbii olaraq, iqtisadiyyatlara təsirsiz ötüşməyəcəkdi. Bu amil özlüyündə Prezident İlham Əliyevin necə uzaqgörən və məqsədyönlü, praqmatik diplomatiya həyata keçirdiyini göstərir.
Teymur Rzayev vurğulayıb ki, ümumilikdə, ötən il Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 11 milyon ton təşkil edib. Bundan başqa, hazırda Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Bütün bunlar respublikamızın türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığının gücləndiyini və Azərbaycanın nəhəng layihələrlə TDT-nin inkişafına əvəzsiz töhfələr verdiyini göstərən əsas faktorlardandır.
“Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün ən əlamətdar məqamlarından biri də birgə Bəyannamənin imzalanmasıdır. Bu mühüm dövlət sənədi bir daha göstərir ki, türk xalqlarının tarixboyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə rolu vacibdir. 71 bənddən ibarət Bəyannamə ilə dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər. Tərəflər türk dövlətləri arasındakı böyük potensialdan və imkanlardan istifadə edərək bütün sahələrdə həmrəyliyi, əməkdaşlığı və koordinasiyanı daha da gücləndirmək əzmində olduqlarını bildiriblər. Birgə bəyanatda, həmçinin Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməsi yüksək qiymətləndirilib. Qeyd etdiyimiz bütün bu və digər amillər bir daha Azərbaycanın Türk dünyasındakı mühüm rolundan, TDT-nin güclənməsi istiqamətində reallaşdırdığı layihələrin effetktivliyindən xəbər verir”, – deyə Ali Məclisin deputatı əlavə edib.
Digər xəbərlər