NAXÇIVAN :

01 May 2025, Cümə axşamı

AMEA Naxçıvan Bölməsində təcrübə keçən tələbələr konfrans təşkil ediblər

...

AMEA Naxçıvan Bölməsində “Poeziyamızın Bəxtiyar Vahabzadə zirvəsi” mövzusunda elmi konfrans təşkil olunub.
Konfrans İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədovun təşəbbüsü, Naxçıvan Dövlət Universitetinin institutda təcrübə keçən Filologiya ixtisasının IV kurs tələbələrinin təşkilatçılığı ilə keçirilib.
Konfransı açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, elm tədbiri Azərbaycan Respublikası Prezidentinin “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında”  2025-ci il 21 fevral tarixli Sərəncamının icrası məqsədilə keçirilir.
Akademik diqqətə çatdırıb ki, milli ədəbiyyatımızın görkəmli nümayəndəsi, Xalq şairi, ictimai xadim, akademik Bəxtiyar Vahabzadə təkcə Azərbaycanda deyil, ölkə sərhədlərindən kənarda da tanınan istiqlal şairidir. Yaradıcılığı, bütövlükdə, milli şüura xidmət edən şair yurd, millət, azadlıq sevgisini şeirlərində ustalıqla ifadə etməyi bacarmışdır.
İsmayıl Hacıyev təcrübəçi tələbələrin B.Vahabzadə irsinə diqqətini və təşəbbüskar yanaşmasını yüksək qiymətləndirib, konfransın işinə uğurlar arzu edib.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək rəhbərlik etdiyi elmi-tədqiqat müəssisəsində təcrübəçi tələbələrin cəlb olunduğu fəaliyyətdən bəhs edib.
Professor bədii-ictimai fikir tarixinə əsl ziyalı mövqeyi, milli birliyin tərənnümçüsü kimi daxil olmuş şairin əsərlərində əksini tapan türkçülük ideyası, ana dilinə sevgi məsələsindən danışıb. Alim bildirib ki, Bəxtiyar Vahabzadə ana dilinin saflığı və qorunması uğrunda mübarizə aparan milli təəssübkeş olmuşdur.
Daha sonra təcrübəçi tələbələr – Xuraman Yusifzadə “İstiqlal şairi Bəxtiyar Vahabzadə”, Nərmin Abbasova “Bəxtiyar Vahabzadənin “Gülüstan poeması”, Nərgiz Əliyeva “Bəxtiyar Vahabzadə yaradıcılığında sevgi lirikası” mövzulu məruzələrini təqdim ediblər.
Məruzələrdə şairin Azərbaycan ədəbiyyatındakı yeri, onun poeziyasında vətəndaşlıq mövqeyi, milli-mənəvi dəyərlərə sadiqliyi və Azərbaycançılıq ideyalarının təbliğindəki xidmətləri vurğulanıb.
Bəxtiyar Vahabzadə şeirlərində xalq, millət, Vətən mövzusunun yerindən bəhs olunub, şairin əsərlərində əksini tapan azadlıq ideyası onun həyat eşqinin təzahürü kimi səciyyələndirilib.
“Gülüstan” poeması haqqında düşüncələrin təhlil olunduğu məruzələrdə əsərin oxucuda yaratdığı təəssüratlara diqqət çəkilib, əsər tarix, vətənpərvərlik və poeziyanın vəhdəti kimi dəyərləndirilib. Şairin əsərlərindən gətirilən nümunələr bədii təsvir və ifadə vasitələri baxımından təhlil olunub. Həmin əsərlərdə məhəbbət, vüsal, ayrılıq mövzusu və V.Vahabzadə şeirlərinin insan ruhuna təsirləri təhlilə cəlb olunub.
Sonda tələbələrdən İnci Cəfərova, Təhminə Məmmədova və Jalə Hüseynova şairin “Nədən oldu”, “Ömür”, “Bir salama dəymədi” şeirlərini bədii qiraət ediblər.

Nəşr edilib : 01.05.2025 15:51