NAXÇIVAN :

06 Noyabr 2026, Cümə

AMEA Naxçıvan Bölməsində Zəfər və Dövlət Bayrağı günləri qeyd edilib

...

AMEA Naxçıvan Bölməsində 8 Noyabr – Zəfər günü və 9 noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş elmi konfrans keçirilib. 
AMEA Naxçıvan Bölməsindən “Şərq qapısı”na bildirilib ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. 
Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən danışıb. Akademik bildirib ki, dövlət başçısının qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti hesabına 2020-ci il sentyabrın 27-dən başlanan və 44 gün davam edən müharibə böyük Qələbə ilə başa çatıb, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, 2023-cü ilin sentyabrında keçirilən uğurlu antiterror əməliyyatı ilə ölkənin suverenliyi tam təmin edilib. 
Vurğulanıb ki, hazırda işğaldan azad edilmiş ərazilərdə “Böyük Qayıdış” proqramı uğurla icra edilir, şəhər və kəndlərimiz yenidən qurulur, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Hazırda iki ölkə arasında davam edən sülh prosesinin ən mühüm bəndlərindən biri olan Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında birbaşa və maneəsiz əlaqənin yaradılması istiqamətində görülən işlər davam etdirilir. 
AMEA Naxçıvan Bölməsi  Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Ermənistanın işğalçılıq siyasəti və Azərbaycanın tarixi zəfərə aparan hərbi-siyasi və diplomatik yolu” mövzusunda məruzə edib. Məruzəçi otuz il davam edən işğalçılıq siyasətinin mahiyyəti, beynəlxalq təşkilatların ikili standartları və Azərbaycanın ardıcıl diplomatik mübarizəsi barədə ətraflı məlumat verib. 
İnstitutun elmi işçiləri Əli Tağıyev və Kubra Əliyeva “Zəfərin qazanılmasında xalq-ordu birliyinin rolu” və “Milli atributlarımızdan biri: üçrəngli Azərbaycan Bayrağı” mövzularında çıxış ediblər.
Çıxışlarda Vətən müharibəsi dövründə nümayiş olunan sarsılmaz lider-xalq-ordu birliyinin Zəfərin qazanılmasında mühüm rol oynadığı, üçrəngli bayrağımızın bu gün azad edilmiş torpaqlarımızda əzəmətlə dalğalandığı qeyd olunub. 
 Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 06.11.2026 15:17