NAXÇIVAN :

21 Aprel 2026, Çərşənbə axşamı

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

...

AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib. “Şərq qapısı” xəbər verir ki, iclasda elmi-təşkilati məsələlər, qarşıda duran vəzifələr, eləcə də mühüm dövlət sənədlərindən irəli gələn tapşırıqlar geniş müzakirə olunub.
İclası giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev ölkədə həyata keçirilən ardıcıl dövlət siyasətinin elmi mühitin inkişafına verdiyi mühüm töhfələrdən bəhs edib. O, “Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Sərəncamının, həmçinin “Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın icrası ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin Siyahısının təsdiq edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Baş nazirinin sərəncamının və bölmə qarşısında duran vəzifələrin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb.
Akademik İsmayıl Hacıyev vurğulayıb ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uzaqgörən siyasət ölkənin hərtərəfli və dayanıqlı inkişafını təmin etməklə yanaşı, elmin və təhsilin inkişafına da geniş imkanlar açır. Onun sözlərinə görə, qəbul edilən mühüm dövlət sənədləri qurumların fəaliyyət istiqamətlərini zənginləşdirir, qarşıda duran vəzifələrin daha sistemli və səmərəli şəkildə həyata keçirilməsini təmin edir. İclasda, həmçinin “AMEA-nın müxbir üzvü Tofiq Əliyevin 75 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarından irəli gələn məsələlər müzakirə olunub, bu istiqamətdə görüləcək işlər və qarşıda duran vəzifələr müəyyənləşdirilib.
Bölmənin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Rəşad Zülfüqarov çıxış edərək Azərbaycan Respublikasının Əmək Məcəlləsində edilmiş dəyişikliklər, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran vəzifələr barədə məlumat verib. O, Azərbaycan Respublikası Prezidentinin Əcəmi Naxçıvaninin 900 illik yubileyi ilə bağlı Sərəncamına uyğun olaraq AMEA Naxçıvan Bölməsində keçiriləcək “Azərbaycan memarlığının inkişafında Əcəmi Naxçıvani imzası” mövzusunda respublika elmi konfransına hazırlıq işlərinin gedişi barədə də danışıb.
Daha sonra elmi-tədqiqat müəssisələrinin direktorları çıxış edərək bölmənin müvafiq şöbə və laboratoriyalarında aparılan elmi-tədqiqat işlərinin mövcud vəziyyəti və perspektiv istiqamətlər haqqında məlumat veriblər. Sonda gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nəşr edilib : 18.03.2026 17:55