NAXÇIVAN :

01 Avqust 2026, Şənbə

Ana dilimiz – milli kimliyimizin əbədi möhürü və dövlətçiliyimizin dayağı

...

Dünyada hər bir xalqı tanıdan, onun tarixi yaddaşını, milli ruhunu və mədəniyyətini yaşadan ən böyük mənəvi sərvət ana dilidir. Dövlət sərhədləri dəyişə, ictimai-siyasi quruluşlar zamanın axarında tarixə çevrilə bilər. Lakin xalqın dili yaşayırsa, həmin xalq da yaşayır. Məhz buna görə Azərbaycan xalqı tarixboyu ana dilini milli varlığının ayrılmaz hissəsi kimi qoruyub yaşatmışdır.
Hər il 1 avqustun “Azərbaycan əlifbası və Azərbaycan dili günü” kimi qeyd olunması təkcə təqvim hadisəsi deyil, xalqımızın mənəvi yaddaşına, milli kimliyinə və dövlətçilik ənənələrinə verilən yüksək dəyərin ifadəsidir. Bu əlamətdar gün Ümummilli Lider Heydər  Əliyevin 9 avqust 2001-ci il tarixli Sərəncamı ilə təsis edilmişdir. Məhz həmin dövrdə latın qrafikalı Azərbaycan əlifbasına tam keçid başa çatdırılmış, ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatında yeni mərhələnin əsası qoyulmuşdur. 
Azərbaycan dili türk dilləri    ailəsinin ən zəngin qollarından biridir. Minilliklər boyu xalqımızın düşüncə tərzi, ədəbiyyatı, folkloru, musiqisi, adət-ənənələri və dövlətçilik təfəkkürü bu dildə formalaşmışdır. “Kitabi-Dədə Qorqud”dan Nizami Gəncəviyə, İmadəddin Nəsimidən Məhəmməd Füzuliyə, Mirzə Fətəli Axundzadədən Cəlil Məmmədquluzadəyə, Bəxtiyar Vahabzadədən Xəlil Rza Ulutürkə, Məmməd Araza qədər böyük söz ustaları öz yaradıcılıqları ilə Azərbaycan dilinin qüdrətini, zənginliyini və tükənməz ifadə imkanlarını nümayiş etdirmişlər.
Lakin tariximizin müəyyən dövrlərində ana dilimiz ciddi sınaqlarla üzləşmişdir. Çar Rusiyası dövründə və sovet ideoloji sistemində Azərbaycan dilinin dövlət idarəçiliyində, təhsil və elmi mühitdə istifadəsi müxtəlif məhdudiyyətlərlə qarşılaşırdı. Buna baxmayaraq, xalqımız öz ana dilini qoruyub yaşatmağı bacardı. Milli ziyalıların fəaliyyəti, maarifçilik hərəkatı və ədəbi proseslər Azərbaycan dilinin inkişafına mühüm töhfələr verdi.
Azərbaycan dilinin dövlət dili kimi möhkəmləndirilməsi isə bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1969-cu ildə respublikaya rəhbər seçildikdən sonra O, milli-mənəvi dəyərlərin qorunmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri elan etdi. Bu siyasətin ən mühüm nailiyyətlərindən biri 1978-ci ildə qəbul edilən Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması idi. Sovet ideologiyasının hökm sürdüyü bir dövrdə belə bir qərarın qəbul edilməsi böyük siyasi uzaqgörənliyin və milli cəsarətin təzahürü idi.
Ümummilli Lider həmişə deyirdi ki, “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”. Bu fikir onun bütün siyasi fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edirdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da böyük dövlət xadimi Heydər Əliyev Azərbaycan dilinin inkişafını dövlət quruculuğunun mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirdi. 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olundu. Bu, dövlət müstəqilliyimizin hüquqi əsaslarının mühüm tərkib hissəsi idi.
2001-ci il isə Azərbaycan dili tarixində yeni mərhələnin başlanğıcı oldu. Avqustun 1-dən bütün dövlət idarələrində, mətbuatda, təhsil müəssisələrində və rəsmi sənədlərdə latın qrafikalı Azərbaycan əlifbasının tam tətbiqinə başlanıldı. Ardınca imzalanan Sərəncamla 1 avqust “Azərbaycan əlifbası və Azərbaycan dili günü” elan edildi. Bununla Azərbaycan xalqı yeni əsrə milli əlifbası ilə qədəm qoydu.
Latın qrafikalı əlifbaya keçid yalnız texniki dəyişiklik deyildi. Bu addım Azərbaycanın dövlət müstəqilliyini, Türk dünyası ilə mədəni yaxınlığını, dünya informasiya məkanına inteqrasiyasını və milli dövlətçilik ideologiyasını əks etdirən mühüm tarixi hadisə kimi yadda qaldı. 
Bu gün Ümummilli Liderin müəyyən etdiyi dil siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və beynəlxalq nüfuzunun artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, dövlət dilinin hüquqi müdafiəsi daha da gücləndirilmişdir.
Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Azərbaycan dilinin tətbiq dairəsinin genişləndirilməsinə, saflığının qorunmasına və ədəbi dil normalarına riayət olunmasına mühüm töhfə verib. Televiziya və radio məkanında, reklam lövhələrində, elektron informasiya resurslarında və digər ictimai kommunikasiya vasitələrində dövlət dilindən düzgün istifadə daim diqqət mərkəzində saxlanılır.
Xüsusilə “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərman ana dilimizin    müasir dövrdə qorunması istiqamətində mühüm əhəmiyyət daşıyır. Sənəddə informasiya texnologiyalarının sürətli inkişafı şəraitində Azərbaycan dilinin yad təsirlərdən qorunması, yeni terminlərin milli dilimizin daxili imkanları əsasında formalaşdırılması və dil mədəniyyətinin yüksəldilməsi əsas vəzifələr kimi müəyyən edilib. Bununla yanaşı, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası da dilimizin və milli kimliyimizin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. 
Son illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və ali təhsil müəssisələrində dilçilik sahəsində fundamental tədqiqatlar genişlənmiş, yeni orfoqrafiya və orfoepiya lüğətləri hazırlanmış, terminoloji lüğətlər nəşr edilmişdir. Azərbaycan dilinin elektron korpusunun yaradılması, rəqəmsal lüğət bazalarının formalaşdırılması və süni intellekt texnologiyalarında dilimizin tətbiqi istiqamətində mühüm layihələr həyata keçirilir.
Bu gün Azərbaycan dili yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də geniş yayılır. Xarici universitetlərdə Azərbaycan dili və mədəniyyəti üzrə mərkəzlər fəaliyyət göstərir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün həftəsonu məktəbləri təşkil edilir, ana dilimizin öyrədilməsi məqsədilə dərsliklər hazırlanır, elektron tədris platformaları yaradılır. Bu istiqamətdə Heydər Əliyev Fondu və aidiyyəti dövlət qurumlarının fəaliyyəti xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan dilinin beynəlxalq nüfuzunun artmasında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət də mühüm rol oynayır. Ölkəmizin beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmlənməsi, humanitar layihələrdə fəal iştirakı və mədəniyyətlərarası dialoqa verdiyi töhfələr Azərbaycan dilinə marağın daha da artmasına zəmin yaradır.
Bununla yanaşı, müasir dövr ana dilimiz qarşısında yeni çağırışlar da formalaşdırır. İnternet və sosial şəbəkələrin sürətli inkişafı bəzi hallarda ədəbi dil normalarının pozulmasına, əcnəbi sözlərdən həddindən artıq istifadəyə səbəb olur. Belə şəraitdə hər bir vətəndaş ana dilinə həssaslıqla yanaşmalı, onu düzgün danışmağa və düzgün yazmağa çalışmalıdır. Çünki dil yalnız dilçilərin deyil, bütövlükdə, xalqın mənəvi sərvətidir.
Xüsusilə gənc nəslin ana dilinə sevgi ruhunda tərbiyə olunması bu gün mühüm vəzifələrdəndir. Məktəbdə, ailədə, ali təhsil müəssisələrində, mediada və sosial şəbəkələrdə Azərbaycan dilinin zəngin imkanlarının təbliği milli vətəndaşlıq tərbiyəsinin mühüm istiqamətlərindən biridir.
Böyük şair Bəxtiyar Vahabzadənin: “Ana dilim, səndədir xalqımın qəlbi, ruhu, varlığı...” misraları ana dilimizin xalqımız üçün daşıdığı müqəddəs dəyəri dolğun şəkildə ifadə edir. Bu gün Azərbaycan dili müstəqil dövlətimizin əsas atributlarından biridir. Bayrağımız, gerbimiz və Dövlət Himnimiz kimi, dövlət dilimiz də milli suverenliyimizin ayrılmaz rəmzidir. Dövlət dilinə hörmət dövlətə, milli kimliyə və tarixi irsimizə hörmət deməkdir.
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü hər bir azərbaycanlı üçün qürur və iftixar günüdür. Bu əlamətdar tarix bizi milli köklərimizə, mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə daha möhkəm bağlayır. Ümummilli Lider Heydər      Əliyevin əsasını qoyduğu dil siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycan dilinin gələcəyinə inamı daha da gücləndirir.
1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü milli dövlətçilik tariximizin, milli kimliyimizin və mənəvi dəyərlərimizin təntənəsidir. Bu əlamətdar gün bizə bir daha xatırladır ki, ana dilini qorumaq Vətəni qorumaq qədər müqəddəs və şərəfli vəzifədir. Ana dilimizin saflığının və zənginliyinin qorunması, onun nüfuzunun daha da yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər gələcək nəsillərə ötürülən ən qiymətli mənəvi irslərdəndir. Bu irsi yaşatmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs borcudur.
Ana dilimizi qoruyaq, sevək, zənginləşdirək və gələcək nəsillərə saf şəkildə çatdıraq. Çünki dilini yaşadan xalqın gələcəyi də   yaşayır.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü, professor, AMEA Naxçıvan Bölməsi 
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru

 

Nəşr edilib : 01.08.2026 10:35