NAXÇIVAN :

11 Fevral 2026, Çərşənbə

“Ana südünün uşaq sağlamlığında rolu” mövzusunda tədbir keçirilib

...

 “Konstitusiya və Suverenlik İli” və 1–7 avqust “Ümumdünya Ana Südü ilə Qidalanma Həftəsi” çərçivəsində Babək rayonunun Vayxır kəndində “Ana südünün uşaq sağlamlığında rolu” mövzusunda tədbir keçirilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Qürbət Kərimov mövzunun əhəmiyyətindən bəhs edib.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Aparatının Ailə, qadın problemləri və gender məsələləri şöbəsinin baş məsləhətçisi Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, erkən uşaqlıq dövründə sağlam inkişafın təmin olunmasında ana südü ilə qidalanma əsas amillərdən biridir. Ana südü körpənin ilk aylarında onun immun sisteminin möhkəmlənməsində, fiziki və zehni inkişafında mühüm rol oynayır.
Bu istiqamətdə komitə tərəfindən körpələrin ana südü ilə qidalanmasının təşviqi məqsədilə maarifləndirmə tədbirləri mütəmadi olaraq həyata keçirilir. F.Hüseynova qeyd etmişdir ki, bu tədbirlər yalnız ana südünün faydalarının vurğulanması ilə məhdudlaşmır, eyni zamanda süni qidaların yarada biləcəyi potensial risklər barədə ictimaiyyətin məlumatlandırılmasını da əhatə edir.

Babək Rayon Mərkəzi Xəstəxanasının həkim-pediatrı Şəmsi Əsgərov çıxış edərək bildirib ki, uşaqların gələcək sağlamlığı məhz həyatın ilk dövrlərində, xüsusilə də ana südü ilə qidalanma prosesi zamanı formalaşır. Bu baxımdan anaların və ailələrin məsələyə xüsusi həssaslıqla yanaşması olduqca vacibdir. Ana südü yalnız qida mənbəyi deyil, eyni zamanda körpə ilə ana arasında emosional bağın möhkəmlənməsinə də töhfə verir. Odur ki, hər bir ana körpəsinin sağlam inkişafını təmin etmək üçün ana südü ilə qidalanmanın əvəzolunmaz rolunu nəzərə almalıdır.

Nəşr edilib : 04.08.2025 16:27