NAXÇIVAN :

18 Iyul 2026, Şənbə

Anar Quliyev: Bakının baş planı monosentrik inkişaf modelindən polisentrik modelə keçidi nəzərdə tutur

...

Azərbaycanın təxminən 10,2 milyon nəfərlik əhalisinin 59 faizə yaxını şəhərlərdə yaşayır. Müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz insanların həyat səviyyəsinin yüksəldilməsi, təhsil, səhiyyə, mənzil və ictimai xidmətlərə çıxışın genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib.

"Şərq qapısı" xəbər verir ki, bu sözləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin ortamüddətli icmalına həsr olunmuş yüksəksəviyyəli iclasda ölkə hesabatını təqdim edərkən deyib. O bildirib ki, urbanizasiyanı dayanıqlı inkişafın strateji hərəkətverici qüvvəsi kimi qəbul edən Azərbaycan Yeni Şəhər Gündəliyinin prinsiplərini “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədinə inteqrasiya edib.

“Son on il ərzində Azərbaycan Yeni Şəhər Gündəliyinin əsas istiqamətləri üzrə genişmiqyaslı islahatlar həyata keçirib. Bu islahatların əsasını şəhərsalmanın ənənəvi ərazi planlaşdırması yanaşmasından inteqrasiya olunmuş və dayanıqlı inkişafın strateji alətinə çevrilməsi təşkil edir. Bizim planlaşdırma yanaşmamız torpaq istifadəsini, mənzil təminatını, nəqliyyatı, infrastrukturu, ictimai xidmətləri, iqtisadi inkişafı və iqlim dayanıqlılığını vahid ərazi baxışı çərçivəsində birləşdirir.

Hazırda ölkənin 79 şəhərindən 68-i 20 illik baş planlarla əhatə olunub. Yeni nəsil baş planlarda insanmərkəzli yanaşma, piyada və velosiped infrastrukturu, ictimai nəqliyyat, balanslaşdırılmış zonalaşdırma, yaşıl infrastruktur və əlçatanlıq əsas prioritetlər kimi müəyyən edilib”, - deyə komitə sədri əlavə edib.

Anar Quliyev qeyd edib ki, şəhərsalma prosesində rəqəmsal texnologiyalardan geniş istifadə olunur, eyni zamanda tarix-memarlıq və mədəni irs müasir inkişaf yanaşmalarına inteqrasiya edilir.

“Bu yanaşmanın ən parlaq nümunələrindən biri Bakı şəhərinin 2040-cı ilədək inkişafını əhatə edən Baş Planıdır. Bu sənəd paytaxtın monosentrik inkişaf modelindən polisentrik modelə keçidini nəzərdə tutur. Qarşılıqlı əlaqəli şəhər altmərkəzlərinin formalaşdırılması şəhərin tarixi mərkəzinə düşən yükün azaldılmasına, əlçatanlığın və mobilliyin artırılmasına, Bakının daha dayanıqlı və əlverişli şəhərə çevrilməsinə xidmət edir. Ümumən mənzil təminatı Azərbaycanın Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinin əsas istiqamətlərindən biri olaraq qalır”, - deyə o vurğulayıb.

Nəşr edilib : 17.07.2026 09:35