Azərbaycan və ABŞ süni intellekt sahəsində əməkdaş...
23:23 10.02.2026
0
0
0
NAXÇIVAN :
11 Fevral 2026, Çərşənbə
Bu xəstəlik barədə nələri bilirik?
“Sağlamlıq bədən işi deyil, zehin işidir”, – deyiblər. Bəli, bu cümlənin arxasında böyük bir həqiqət yatır. Sağlamlığımızın əsas müdafiəçisi olan biz özümüzə lazımınca diqqət yetirmir, bu əvəzsiz nemətin qeydinə qalmırıq. İstənilən xəstəlikdə psixoloji vəziyyət xüsusi önəm daşıyır. Belə ki, aldığı müalicə ilə yanaşı, ovqatını yüksək tutmaqla, zehnindən pis düşüncələri atmaqla xərçəng kimi amansız xəstəliyə belə qalib gələn bir çox insan var. Psixoloji durumla bağlılıq təşkil edən xəstəliklərdən biri də anoreksiyadır. Son günlərdə adını tez-tez eşitdiyimiz bu xəstəlik nədir? Necə yaranır? Müalicəsi varmı? Bu və bu kimi suallara cavab tapmaq üçün Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin həkim-psixiatrı Xəyalə Elxanla söhbətləşdik. Müsahibimin dediklərindən: “Anoreksiya nevroza və ya sinir anoreksiyası qida qəbulu pozuntuları qrupuna aid psixi xəstəlikdir. Bədən formasının təhrif olunmuş qavranılması ilə səciyyələnərək həyat üçün ən təhlükəli xəstəliklərdən biridir. Özünəxəsarətin bir növü olaraq götürülür və xəstələrdə əlavə olaraq özlərinə digər formada xəsarət yetirmələr də müşahidə oluna bilir. Anoreksiyası olan insanlar özlərini ac saxlayır, kökəlmək qorxusundan əziyyət çəkirlər. Arıqlamaq üçün sağlamlığı və həyat keyfiyyətlərini qurban verirlər. Bu xəstəliyə sahib biri kökəlməyə nəzarət etmək üçün sərt pəhriz saxlayır, qəbul etdikləri qidanın miqdarını məhdudlaşdırır, hətta ac olanda da yemir. Bəziləri yeməkdən sonra qəsdən qusma, qəbizlik əleyhinə preparatlardan məqsədəuyğunsuz istifadə və iştahanı azaldan dərmanlar qəbul edərək kalori qəbulunu nəzarətdə saxlayırlar. Bəziləri arıqlamaq üçün, hətta artıq dərəcədə ağır məşq edir. Ancaq nə qədər arıq olsalar da, kökəlmə fikri onları qorxutmağa davam edir və aynada özlərini artıq çəkili görürlər”.
Həkim-psixiatrın sözlərinə görə, bu xəstəliyə daha çox yeniyetmə və gənc qızlarda rast gəlinsə də, bəzən yaşlı insanlarda da müşahidə olunur. Xəstələnənlərdən 10-15 faizi kişidir. Xəstəlik əksər hallarda 14-18 yaşlarında başlayır. Anoreksiya nevroza, sadəcə, davranışa əsaslanan bir proses deyil. Travma əsaslı, erkən uşaqlıq dövrü və ailədən ötürülən təsirlərlə də əlaqəlidir. Özgüvənin və öz dəyərin aşağı olması, mükəmməliyyətçilik, çətin həyat şərtləri bu vəziyyətdə təkanverici amillərdir. Travmalar, ailəvi yüklər, sayrışan düşüncələr və medianın reklam etdiyi görünüş və gözəllik standartları vəziyyəti daha da ağırlaşdırır.
Xəstəliyin əlamətlərinə arıq bədən quruluşlu olmaq arzusu, kökəlməkdən ifrat qorxu, arıq, hətta kaxeksiya vəziyyətində olmasına baxmayaraq, kök olduğunu düşünmə, həyatının əksər hissəsini müxtəlif diyetlər saxlamaqla keçirmək, müxtəlif qarınişlədici dərmanlar atmaq, mineral çatışmazlığına görə əzələlərdə spazmlar və sair daxildir. Bütün bunlardan başqa bu şəxslərdə depressiya və həyəcan pozuntusunun da əlamətləri müşahidə olunur. Nəticə olaraq isə ölümlə sonlanır.
Müsahibim bildirdi ki, bu xəstəliyin əlamətləri təzahür etdiyi halda psixiatra müraciət etmək tibbi göstərişdir. Müalicəyə başlamazdan əvvəl həkim müxtəlif analizlər istəyə bilər. Boy, çəki indeksi mütəmadi yoxlanılmalıdır. Anoreksiya nervoza psixoloji problemlə bərabər uzun müddət az qida qəbuluna bağlı orqanizmdə müxtəlif əlavə xəstəliklər də yaradır. Müalicə prosesində bu, mütləq nəzərə alınır. Xəstəliyin müalicəsi bir çox hallarda ümumi profilli xəstəxanalarda yataraq həyata keçirilir.
Xəstəliyin müalicəsində ilkin seçim olaraq antidepressant müalicəsi tövsiyə olunsa da, paralel psixoterapiya əvəzedilməzdir.
Xəyalə xanım məsləhət görür ki, əgər uşağınızda və ya hər hansı digər ailə üzvündə özünəinamın aşağı olması, qeyri-real yemək vərdişləri, daimi mükəmməl görünmək istəyi və xarici görünüşündən narazılıq kimi anoreksiya əlamətlərinin olduğunu görsəniz, onlarla danışın. Düzgün qidalanmanın vacibliyini, insanların bir-birindən fərqliliyini və bunun gözəl bir şey olduğunu anlamasına kömək edin. Psixoloji dəstək, qidalanma üzrə məsləhət və lazım gələrsə, tibbi müalicə paralel şəkildə aparılmalıdır. Bu prosesə xəstə ilə yanaşı ailə də daxil edilməlidir. Valideynlər tənqid etmək yerinə övladlarının həyatında emosional iştirak etməli, dəstək olmalı, uşaqlarını psixoloji sağlam mühitdə böyütməlidirlər.
Türkanə ƏSƏDOVA
Digər xəbərlər