Ceyhun Bayramov ilə Hakan Fidan arasında telefon d...
19:42 27.06.2026
0
0
0
NAXÇIVAN :
28 Iyun 2026, Bazar
Müasir çağırışlar və qlobal iqtisadi proseslər aqrar sektorun daha dayanıqlı, rəqabətqabiliyyətli və innovativ əsaslar üzərində inkişafını vacib sayır. Bu baxımdan, Prezident İlham Əliyevin cari il mayın 25-də imzaladığı Sərəncamla qəbul edilən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sahənin gələcək inkişaf prioritetlərini müəyyən edən mühüm strateji sənəd kimi çıxış edir. Xatırlatmaq yerinə düşər ki, ötən illərdə dövlət dəstəyi nəticəsində kənd təsərrüfatı həm iqtisadi artımın, həm də ərzaq təhlükəsizliyinin əsas sütunlarından birinə çevrilib. 2025-ci ildə kənd təsərrüfatının ümumi məhsul istehsalı 14,2 milyard manata çatıb, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sektorunun ÜDM-də payı 5,9 faiz olub. Bu göstəricilər aqrar sektorun ölkə iqtisadiyyatında strateji rolunu daha da aydın şəkildə göstərir. Eyni zamanda 2024-cü illə müqayisədə 2025-ci ildə aqrar məhsulların ixracı 18,5 faiz artaraq qeyri-neft ixracına mühüm töhfə verib, sektorun xarici bazarlarda mövqeyini gücləndirib. Pomidor, fındıq və xurma kimi məhsullar üzrə ixtisaslaşma ixrac strukturunda müsbət tendensiya yaradır, xüsusilə fındıq Azərbaycanın dünya bazarında tanınan əsas kənd təsərrüfatı məhsullarından birinə çevrilib.
Aqrar sektorun inkişafında dövlət dəstəyinin rolu xüsusi əhəmiyyət daşıyır. Son illərdə həyata keçirilən məqsədyönlü islahatlar, subsidiyaların genişləndirilməsi və fermerlərə göstərilən maliyyə dəstəyi kənd təsərrüfatında istehsalın artmasına mühüm töhfə verib. Belə ki, 2025-ci ildə fermerlərə 285 milyon manat əkin subsidiyasının ödənilməsi istehsalın stimullaşdırılmasına, təsərrüfatların dayanıqlılığının möhkəmlənməsinə və kənd yerlərində iqtisadi fəallığın yüksəlməsinə xidmət edib. Görülən tədbirlərin nəticəsi olaraq meyvə-tərəvəz, bostan məhsulları və yumurta üzrə ölkənin özünütəminetmə səviyyəsi 100 faizi ötüb ki, bu da ərzaq təhlükəsizliyinin təmin olunması və idxaldan asılılığın azaldılması baxımından mühüm nailiyyət hesab olunur. Eyni zamanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələri ümumi məşğulluğun, təxminən, 35 faizini təmin edərək regionların sosial-iqtisadi inkişafında, əhalinin gəlirlərinin artırılmasında və kənd yerlərində rifahın yüksəldilməsində əsas dayaqlardan birinə çevrilib. Dövlət tərəfindən həyata keçirilən dəstək mexanizmləri aqrar sektorun rəqabət qabiliyyətinin yüksəldilməsinə, məhsuldarlığın artırılmasına və davamlı inkişafın təmin edilməsinə geniş imkanlar yaradır.
Əldə olunan müsbət nəticələrin davamlılığını təmin etmək və aqrar sektorun yeni inkişaf mərhələsinə keçidini sürətləndirmək məqsədilə qəbul edilmiş yeni Dövlət Proqramı qarşıdakı illər üçün əsas strateji istiqamətləri müəyyənləşdirir. Dövlət Proqramı aqrar sahədə dayanıqlı inkişaf modelinə keçidi sürətləndirməyi, intensiv və rəqabətqabiliyyətli istehsalın formalaşdırılmasını, dəyər zəncirlərinin genişləndirilməsini və fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının artırılmasını əsas məqsəd kimi müəyyən edir. Bu yanaşma balıqçılıq və akvakultura sahələrinin inkişafını da əhatə edərək sektorun strukturunun diversifikasiyasını gücləndirir. Sənəddə aqrar sahənin resurs təminatının yaxşılaşdırılması, su və torpaq ehtiyatlarından səmərəli istifadənin təşviqi, aqrar təhsil və elmin inkişafı, innovasiya və rəqəmsallaşmanın genişləndirilməsi, aqrar emal və logistika infrastrukturunun modernləşdirilməsi kimi istiqamətlər geniş yer alır. Eyni zamanda subsidiya və dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsi, institusional islahatların dərinləşdirilməsi və qanunvericilik bazasının yenilənməsi də prioritet məsələlərdəndir. Dövlət Proqramının icrası nəticəsində kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində yaradılan ümumi daxili məhsulun 2026-2030-cu illər üzrə ortaillik artımı ən azı 2 faiz təşkil edəcəyi, eyni zamanda kənd təsərrüfatı, balıqçılıq və emal məhsullarının ixracının həcminin ortaillik 6 faiz artacağı gözlənilir.
Dövlət Proqramında bitkiçilik sahəsinin inkişafına xüsusi diqqət yetirilir. Aqrar istehsalın əsas istiqamətlərindən biri olan bitkiçilik üzrə məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqi və rəqabətqabiliyyətli istehsalın formalaşdırılması prioritet vəzifələr kimi müəyyənləşdirilib. Bu sahədə əsas məqsədlərdən biri taxılçılığın inkişafıdır. İxtisaslaşmış rayonlarda buğda üzrə məhsuldarlığın 2030-cu ilədək 50 sentnerə çatdırılması və istehsalda, təxminən, 20 faiz artıma nail olmaqla özünütəminetmə səviyyəsinin yüksəldilməsi hədəflənir. Pambıqçılıqda məhsuldarlığın artırılması ilə yanaşı, emal sənayesinin genişləndirilməsi və klaster yanaşmasının tətbiqi nəzərdə tutulur. Həmçinin suvarma sistemlərinin modernləşdirilməsi proqramın əsas istiqamətlərindən biridir. Müasir suvarma texnologiyalarının tətbiq olunduğu sahələrin 130 min hektardan 300 min hektara çatdırılması planlaşdırılır ki, bu da məhsuldarlığın artırılması və su resurslarından səmərəli istifadə baxımından mühüm əhəmiyyət daşıyır.
İntensiv və superintensiv bağçılığın genişləndirilməsi, istixana təsərrüfatlarının inkişafı və aqroparkların yaradılması ixrac potensialının artırılmasına xidmət edir. Logistika infrastrukturunun gücləndirilməsi məqsədilə soyuducu anbarların və müasir taxıl silolarının yaradılması məhsul itkilərinin azaldılmasına və bazarlara çıxışın yaxşılaşdırılmasına şərait yaradır. Bu məqsədlə 2030-cu ilədək əlavə 100 min tonluq soyuducu anbar infrastrukturunun yaradılması, 150 min ton tutumlu müasir taxıl silolarının qurulmasının dəstəklənməsi hədəflənir. Dövlət Proqramında, həmçinin heyvandarlıq sektorunun inkişafı ilə bağlı fundamental tədbirlər nəzərdə tutulub. Heyvandarlıq sektorunda məhsuldarlığın artırılması, cins heyvanların payının yüksəldilməsi və özünütəminetmə səviyyəsinin gücləndirilməsi prioritetlərdəndir. 2030-cu ilədək yüksək məhsuldar cins heyvanların ümumi sürüdə payının faktiki 2,5 faizdən artırılaraq 10 faizə çatdırılması hədəflənir. Süd istehsalının, təqribən, 10 faiz, mal əti istehsalının 20 faiz artırılması, bununla da özünütəminetmənin yaxşılaşdırılması, o cümlədən mal əti ilə təminata nail olunması əsas məqsədlərdəndir. Quşçuluq sektorunun inkişafı istiqamətində müasir quşçuluq damlarının qurulması və mövcud damların modernləşdirilməsi, modern kəsimxanaların yaradılması, torpaq təyinatı ilə bağlı mövcud çətinliklərin aradan qaldırılması, damazlıq işinin təşviq edilməsi, həmçinin quşçuluq müəssisələrinin kommunal xidmətlərə (elektrik, qaz) qoşulma xərclərinin subsidiyalaşdırılması kimi tədbirlər nəzərdə tutulub. Bununla da 2030-cu ilədək istehsalın, təqribən, 30 faiz artırılması hesabına quş əti ilə özünütəminetmənin yaxşılaşdırılması hədəflənir. Balıqçılıq və akvakultura sahəsində istehsalın 7,7 min tona çatdırılması, qanunvericiliyin təkmilləşdirilməsi və dövlət dəstəyi mexanizmlərinin gücləndirilməsi nəzərdə tutulur.
Aqrar sektorun inkişafında xüsusi diqqətçəkən mühüm istiqamətlərdən biri də Qarabağ və Şərqi Zəngəzurun yeni aqrar inkişaf mərkəzinə çevrilməsidir. İşğaldan azad edilmiş ərazilər geniş torpaq ehtiyatları, münbit iqlim və su resursları ilə böyük istehsal potensialına malikdir. Bu bölgələrdə kənd təsərrüfatının inkişafı Böyük Qayıdış prosesinin əsas iqtisadi sütunlarından biri kimi çıxış edir. Burada “Ağıllı kənd” konsepsiyası, müasir aqroparklar, pivot suvarma sistemləri və yeni infrastruktur layihələri tətbiq olunur. Üzümçülük, heyvandarlıq, taxılçılıq, bağçılıq və arıçılıq ənənələrinin bərpası nəzərdə tutulur ki, bu regionun iqtisadi dirçəlişini sürətləndirəcək və kənd yerlərində məşğulluğun artmasına şərait yaradacaq.
Ümumilikdə, onu vurğulamaq olar ki, “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” aqrar sektorun qarşıdakı dövrdə inkişaf istiqamətlərini müəyyən edən mühüm strateji sənəddir. Proqramın həyata keçirilməsi kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsinə, innovativ texnologiyaların tətbiqinin genişlənməsinə, ərzaq təhlükəsizliyinin daha da möhkəmlənməsinə və ixrac potensialının artırılmasına əhəmiyyətli töhfə verəcək. Eyni zamanda regionların sosial-iqtisadi inkişafının sürətlənməsinə, yeni iş yerlərinin yaradılmasına və kənd əhalisinin rifahının yüksəldilməsinə xidmət edəcək. Dövlət dəstəyi, müasir idarəetmə yanaşmaları və innovativ həllərin tətbiqi sayəsində Azərbaycanın aqrar sektoru daha dayanıqlı, rəqabətqabiliyyətli və yüksək əlavə dəyər yaradan sahəyə çevrilərək ölkənin iqtisadi inkişafında strateji rolunu daha da gücləndirəcək.
Nail ƏSGƏROV
Digər xəbərlər