Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub...
11:07 29.08.2026
0
0
0
NAXÇIVAN :
29 Avqust 2026, Şənbə
"Bildiyiniz kimi, Böyük Zəfər türk tarixində mühüm yer tutur və Türkiyənin İstiqlal savaşının əsas mərhələlərindən biridir. Bu zəfərdən sonra türk ordusu İzmirə qədər irəliləmiş və Türkiyə ərazisini düşmən işğalından azad etmişdir.
Türkiyənin İstiqlal savaşı zamanı bir çox ölkədən dəstək alındı. Lakin ən böyük dəstəklərdən biri azərbaycanlı qardaşlarımız tərəfindən göstərildi. Həmin dövrdə Azərbaycan hökuməti tərəfindən, xüsusilə neft və yanacaq təminatı, eləcə də iqtisadi sahədə mühüm yardımlar göstərildi. Buna görə Azərbaycan xalqına hər zaman minnətdarlığımızı bildiririk.
Həmin dövrdə Türkiyə Böyük Millət Məclisi ilə Azərbaycan hökuməti arasında sıx əlaqələr quruldu. Azərbaycan Ankarada səfirlik açdı. Bütün bu dəstəyi biz hər zaman minnətdarlıq hissi ilə xatırlayırıq".
"Şərq qapısı" xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya deyib.
O qeyd edib ki, Türkiyənin İstiqlal savaşı, eyni zamanda müstəmləkəçilik altında yaşayan xalqların milli oyanışına da mühüm təsir göstərdi. Türkiyə bu mübarizəni qələbə ilə başa vurduqdan sonra bir çox ölkələrdə oxşar müstəqillik mübarizələri başladı və xalqlar öz azadlıqlarına qovuşdular. Bu baxımdan, 30 avqust Zəfər bayramı yalnız türk xalqı üçün deyil, bir çox xalqlar üçün də böyük əhəmiyyət daşıyan tarixi gündür.
Baş konsul bu sevinci onlarla bölüşən bütün qonaqlara təşəkkür edərək deyib: “İnşallah, belə gözəl və özəl günlər vəsiləsiylə bir araya gəlməyə davam edəcəyik. Bu mənim Naxçıvandakı son tədbirimdir. Təxminən, dörd ildir, burada fəaliyyət göstərirəm. Gəldiyim gündən etibarən Türkiyənin Naxçıvanla münasibətlərinin bütün sahələrdə daha da inkişaf etdirilməsi üçün çalışdım. Düşünürəm ki, mühüm məsafə qət etdik və münasibətlərimizi yaxşı bir səviyyəyə gətirdik. İnşallah, məndən sonra bu vəzifəyə gələcək həmkarım da bu bayrağı daha irəliyə aparacaq. Mən İğdırdanam, bu bölgənin insanıyam. Naxçıvanda fəaliyyət göstərmək mənim üçün çox xüsusi idi və hər zaman bununla qürur duydum. Buradan fiziki olaraq ayrılacağam, amma qəlbim hər zaman burada olacaq. Naxçıvandakı inkişafı və baş verənləri mütləq izləyəcəyəm”.
"Çıxışımda da qeyd etdiyim kimi, təəssüf ki, Zəngəzur dəhlizinin açılışını burada görə bilmədim. Amma inşallah, həmin dəhliz açıldığında dünyanın harasında olmağımdan asılı olmayaraq, gəlib oradan ilk keçənlərdən biri olmaq istəyirəm. Sizə bununla bağlı söz də verirəm. İnşallah, yaxın zamanda bu tarixi hadisəni birlikdə görəcəyik. Bir daha bütün naxçıvanlı qardaşlarımıza, burada fəaliyyət göstərən bütün dövlət qurumlarının və digər təşkilatların rəhbərlərinə və əməkdaşlarına bu dörd il ərzində mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm",– deyə Baş konsul əlavə edib.
Digər xəbərlər