NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

Atəş altında çap olunan ümid...

...

Ötən əsrin 80-ci illərinin sonları... Ölkənin üzərində qara buludlar dolaşır, xalqın sabaha olan ümidləri sınağa çevrilirdi. Ermənilərin torpaqlarımıza qarşı ərazi iddialarının açıq şəkildə səsləndirildiyi, Sədərəkdə qanlı hadisələrin yaşandığı, Qarabağın üzük qaşı kimi mühasirəyə alındığı çətin illər... Belə bir zamanda ona olduqca ağır və məsuliyyətli bir vəzifə tapşırıldı. Muxtar respublikanın güzgüsü sayılan “Şərq qapısı” qəzetinə rəhbərlik etmək. Sözün, qələmin və mətbuatın böyük əhəmiyyət daşıdığı həmin tarixi məqamda bu təklifi geri çevirmək mümkün deyildi. Çünki xalqın səsinə çevriləcək, dövrün reallıqlarını cəsarətlə qələmə alacaq peşəkar söz adamlarına böyük ehtiyac vardı. 
Haqqında danışdığımız şəxs 1986-1990-cı illərdə “Şərq qapısı” qəzetinin baş redaktoru olmuş yazıçı-publisist, jurnalist Akif Axundovdur. O, 1943-cü ildə Şərur rayonunun Qışlaqabbas kəndində anadan olub. Azərbaycan Dövlət Universitetində təhsil alıb. Müxtəlif illərdə indiki “Xalq qəzeti”nin Qarabağ-Laçın və Şəki-Zaqatala bölgələri üzrə xüsusi müxbiri, “Sovet Naxçıvanı” və “Şərq qapısı” qəzetlərinin baş redaktoru kimi məsul vəzifələrdə çalışıb. 
Akif müəllimin yaradıcılığı ilə uzun illərdir, tanış olsam da, paytaxta səfərlərim zamanı onunla görüşüb söhbətləşmək imkanım olmamışdı. Nəhayət, “Şərq qapısı” qəzetinin 105 illik yubileyi ərəfəsində telefon vasitəsilə əlaqə saxladıq. Akif müəllimin jurnalistika ilə ilk tanışlığı 1967-ci ildə Naxçıvan televiziyasında çalışdığı dövrə təsadüf edir. Akif müəllim həmin günləri belə xatırlayır: “O zaman televiziyanın sədri Fərman Tağıyev məni televiziyaya, kiçik redaktor vəzifəsinə qəbul etdi. Həmin illərdə televiziyada işləmək olduqca çətin və məsuliyyətli idi. O dövrdə Naxçıvan televiziyasında cəmi üç şöbə fəaliyyət göstərirdi. Mən əmək   fəaliyyətimə “İctimai əlaqələr şöbəsi”ndə başladım. Burada qazandığım təcrübə sonrakı yaradıcılıq   yoluma mühüm təsir göstərdi”. 
Akif müəllim təhsilini davam etdirmək üçün bir müddət sonra  Bakıya – Ali Partiya Məktəbinə yollansa da, jurnalistikadan uzaqlaşmadı. 
Sonrakı illərdə onun fəaliyyəti “Xalq qəzeti” ilə (o zamanlar “Kommunist”) bütünləşdi. 1978-ci ildə Ali Partiya Məktəbində təhsil aldığı müddətdə Qarabağ-Laçın və Şəki-Zaqatala bölgələri üzrə xüsusi müxbir kimi çalışmağa başladı. Həmin dövrü xatırlayan Akif müəllim redaksiyanın özünəməxsus yaradıcılıq məktəbi olduğunu vurğulayır: “Həmin illərdə qəzetin baş redaktoru Rəşid Mahmudov idi. O məni qəbul edib müəyyən tapşırıqlar verdi ki, sən bölgə müxbiri kimi maraqlı yazılarla, operativ xəbərlərlə çıxış etməli, təyin olunduğun bölgənin ictimai-siyasi, sosial və mədəni həyatını işıqlandırmalısan. Həmin dövrlərdə qəzet, sözün əsl mənasında, yaradıcılıq məktəbi idi”. Belə bir məktəbdə formalaşan jurnalistin qarşısına bir neçə il sonra daha çətin sınaq çıxacaqdı. Bu dəfə söhbət ayrı-ayrı bölgələrdə baş verən hadisələri, işıqlandırmaqdan deyil, bütöv bir xalqın taleyinin həll olunduğu mürəkkəb dövrdə muxtar respublikanın əsas qəzetinə rəhbərlik etməkdən gedir.
Akif müəllim “Şərq qapısı” qəzetinə gəldiyi illəri xatırlayarkən həmin dövrün ölkənin ən mürəkkəb və çətin vaxtlarına təsadüf etdiyini deyir. Ötən əsrin 80-ci illərinin sonlarından etibarən ittifaqın müxtəlif guşələrində cərəyan edən siyasi proseslər, o cümlədən Azərbaycanda baş verən hadisələr mətbuatdan da yan keçmirdi: “Mənə qəzetin baş redaktoru vəzifəsi təklif olunanda getmək istəməmişdim. İlk vaxtlar müxtəlif bəhanələr gətirərək özümü qəzetdən uzaqlaşdırmağa çalışdım. Ancaq – 1986-cı ildə artıq bu bəhanələr də məni vəziyyətdən çıxara bilmədi. Təsəvvür edin, həmin illərdə Azərbaycan SSR-in birinci katibi Kamran Bağırov məni qəbul edərək “Şərq qapısı” qəzetinin baş redaktoru olmağımı təklif etdi. O dövrdə rəhbərliyin təklifini geri çevirmək yaxşı qarşılanmadığı üçün məcbur olub qəbul etdim”.
Müsahibimiz deyir ki, həmin illərdə ölkənin siyasi gündəmi də sürətlə dəyişirdi. Ermənilər Qarabağda fəallaşmağa başlamış, azərbaycanlılara qarşı düşmənçilik mövqeyi nümayiş etdirir, müxtəlif terror aktları törədirdilər. Bu hadisələr, təbii ki, mətbuatın da diqqətindən kənarda qalmırdı. Akif Axundov həmin illəri yada salaraq deyir: “Həmin dövrlərdə Azərbaycanda mövcud hakimiyyətə qarşı etiraz dalğası yaranmadığından mətbuat bu barədə yazılara yer vermirdi. Hətta qəzetlərin baş redaktorlarına tapşırıq verilmişdi ki, belə çətin dövrlərdə biz yenə qardaşlığa, dostluğa tərəf addım atmalıyıq. Bu istiqamətdə yazılar yazmalı, ittifaq daxilində xalqlar arasında düşmənçilik yaratmamalıyıq. Bizdən tələb olunan bu olsa da, reallıq tamam başqa idi. Bilirdik ki, azərbaycanlılara qarşı vəziyyət ürəkaçan deyil. Belə bir zamanda insanları ermənilərlə dostluğa çağırmaq, xalqın gözündə nüfuzunu itirmək, həqiqətin üzünə pərdə çəkmək idi”.
Akif müəllim deyir ki, həmin illərdə qəzetdə çap etdirdiyi yazılara görə dəfələrlə rəhbərlik tərəfindən tənqid olunub. Hətta təzyiqlərdən sonra istefa ərizəsi də yazıb. Lakin müəyyən bəhanələrlə onun bu istəyini reallaşdırmayıblar. Akif müəllim həmin illərdə baş vermiş bir görüşü belə xatırlayır: “1989-cu ilin sonları idi. Dostum Əli Şamilov bir gün gəlib dedi ki, Akif müəllim, bir nəfər qadın gəlib sizinlə görüşmək istəyir. Qəbul etdim. Həmin qadın erməni əlində zülm görmüş minlərlə soydaşımızdan biri idi. Adını, təəssüf ki, unutmuşam. Ancaq üzünü, gözlərindəki o dəhşəti əsla unutmuram. Qadın danışırdı ki, yaşadığımız rayonda ermənilər körpə balalarımız, soydaşlarımız olmazın əzab-əziyyətlərini verirlər, körpə uşaqları, hamilə qadınları xüsusi amansızlıqla qətlə yetirirlər. Belə bir zamanda mətbuatımız nə üçün susub? Bu hadisə mənə o qədər təsir etdi ki... Qəzetin növbəti sayında dördüncü səhifəyə heç bir materialın verilməməsini tapşırdım. Çünki qabaqcadan etiraz xarakterli yazıları qəzetdə versəydik, qarşısı rəhbərlik tərəfindən alına bilərdi. Buna görə qəzetin çapına az qalmış Naxçıvanın tanınmış şair və jurnalistlərinə müraciət edərək soydaşlarımıza qarşı törədilən vəhşilikləri əks etdirən yazılar və şeirlər hazırlamağı xahiş etdim”.
Akif müəllimin sözlərinə görə, həmin nömrə ertəsi gün Naxçıvanda hətta ölkə miqyasında böyük əks-səda doğurdu. Çünki qəzetin səhifələrində yalnız ayrı-ayrı müəlliflərin yazıları deyil, uzun müddət dilə gətirilməsi çətin olan həqiqətlər öz əksini    tapmışdı. 
Bəlkə də, “Atəş altında çap olunan ümid” ifadəsinin əsl mənası elə həmin dördüncü səhifədən başlandı. Mətbuatın hər cümləsinin nəzarətdən keçirildiyi, hər cəsarətli addımın nəticələrinin əvvəlcədən hesablanmalı olduğu bir dövrdə qəzetin səhifələrini həqiqətə açmaq möhkəm iradə, məsuliyyət və Vətən qarşısında mənəvi borc hissi tələb edirdi.
Akif Axundovun “Şərq qapısı”na rəhbərlik etdiyi illər həm də qəzetin adının bərpası ilə yadda qalıb. Bir müddət “Sovet Naxçıvanı” adı ilə nəşr olunan qəzetin tarixi adı yenidən özünə qaytarılıb. 
Akif müəllimin xatirələrini dinlədikcə anlayırsan ki, həmin illər onun üçün təkcə gərgin iş günləri, mübahisələr və təzyiqlərdən ibarət olmayıb. Bu xatirələrin içində bir də danışılmamış sözlər yarımçıq qalmış söhbətlər, zamanın sərtliyi qarşısında ürəkdə saxlanılan duyğular var. Bəzi hadisələri təfərrüatı ilə danışmağa ehtiyac duymur. Bəzən bir cümləsi, bəzən də səsində yaranan qısa fasilə yaşananların ağırlığını ifadə etməyə kifayət edir.
Akif müəllim danışdıqca nədənsə gözlərim önündə bir qəzetin saralmış səhifələri canlanır. Bu qəzetin hər sətrində bir dövrün ağrısı, hər yazısında həqiqəti çatdırmaq cəhdi, hər nömrəsində sabaha ünvanlanan bir ümid var.
Akif müəllimlə sağollaşıb dəstəyi asarkən istər-istəməz öz-özümə pıçıldayıram: Ümidimiz heç vaxt tükənməsin...

Məcid RƏŞADƏTOĞLU

Nəşr edilib : 28.10.2026 14:44