NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

Avropadan Şərura 3 medal gətirən yeniyetmə

...

Kosovonun Priştina şəhərində keçirilən ağırlıqqaldırma üzrə U-15 və yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub.

Qitə birinciliyində mübarizə aparan Azərbaycan idmançıları uğurlu nəticələr əldə ediblər. Yarışda millimizin heyətində çıxış edən Şərur rayon Uşaq-Gənclər İdman Məktəbinin yetirməsi Fəxrəddin Allahverdiyev Avropa birinciliyində üç medal qazanıb.

85 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız birdən qaldırma hərəkətində 122, təkanla qaldırmada isə 150 kiloqram nəticə göstərərək hər iki hərəkətdə gümüş medal qazanıb. İki hərəkətin cəmində 272 kiloqram nəticə göstərən Fəxrəddin Allahverdiyev bu nəticə ilə yekun sıralamada da ikinci olub.

Avropa birinciliyində qazandığı uğurlarını “Şərq qapısı” qəzeti ilə bölüşən Fəxrəddin Allahverdiyev deyir ki, qitə birinciliyinə ciddi hazırlıq keçərək yollanıb: “Əsas məqsədim öz nəticəmi yaxşılaşdırmaq, Azərbaycanı, doğma Naxçıvanımızı layiqincə təmsil etmək idi. Yarış mənim üçün həm məsuliyyətli, həm də yaddaqalan oldu. Gərgin mübarizə şəraitində keçən birincilikdə yüksək nəticə göstərərək üç gümüş medal qazanmağım məni çox sevindirdi. Bu nəticə mənə qarşıdakı yarışlarda daha böyük uğurlar qazanmaq üçün əlavə motivasiya verdi. Bu uğurun əldə olunmasında mənə dəstək olan şəxsi məşqçim Şəfi müəllimə xüsusi təşəkkür edirəm. Onun məşqlərdə verdiyi tapşırıqlar və tövsiyələr mənim üçün çox önəmlidir. Bu nəticə həm mənim, həm də məşqçimin əziyyətinin bəhrəsidir”.

Yeniyetmə idmançı əldə etdiyi nəticəni qarşıdakı yarışlar üçün mühüm təcrübə hesab edir. O, bundan sonra məşqlərini daha da gücləndirərək beynəlxalq arenada daha yüksək nəticələr qazanmağı və Azərbaycan Bayrağını ən yüksək zirvədə dalğalandırmağı qarşısına məqsəd qoyub.

Avropa birinciliyində yetirməsinin uğur qazanması ən çox Azərbaycanın Əməkdar məşqçisi, idman ustası Şəfi Hüseynovu sevindirib: “Uzun müddətdir, Fəxrəddin məşq prosesini intensivləşdirib. Onun beynəlxalq arenalarda uğur qazanacağına əmin idim. Çünki bir idmançının perspektivi onun məşqlərə yanaşmasından, məsuliyyətindən və seçdiyi idmanı sevməsindən hiss olunur. Fəxrəddin zala gəldiyi gündən hər zaman öz istedadı ilə seçilib. Tələbəmin belə uğur qazanması bir məşqçi kimi məni çox sevindirdi. Məşqçilər hər zaman yetirmələrinin uğurları ilə bəhrələnir. Düşünürəm ki, Fəxrəddinin böyük uğurları hələ qabaqdadır, onu mən böyüklər arasında dünya və Avropa çempionu kimi görürəm. İnanıram ki, o, gələcəkdə Azərbaycan bayrağını daim yüksəklərdə dalğalandıracaq”.

Qeyd edək ki, Azərbaycanın ağırlıqqaldırma üzrə yığma komandası Avropa birinciliyini 3 qızıl, 5 gümüş və 7 bürünc olmaqla, ümumilikdə, 15 medalla başa vurub. Fəxrəddin Allahverdiyev isə bu uğurlu nəticələrə üç gümüş medalla töhfə verib.

Elnurə CƏFƏROVA

Nəşr edilib : 08.09.2026 15:24