NAXÇIVAN :

27 Oktyabr 2026, Çərşənbə axşamı

Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib

...

Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) dövlət naziri Lana Zəki Nusseibehin BMT Baş katibi vəzifəsinə namizədliyini irəli sürmək təşəbbüsünü alqışlayır.

"Şərq qapısı" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə medianın sualını cavablandırarkən bildirib.

Onun sözlərinə görə, Azərbaycan namizədlərin peşəkar keyfiyyətlərinə, diplomatik təcrübəsinə, qərəzsizliyinə və üzv dövlətlər arasında konsensusun formalaşdırılması bacarığına əsaslanan, BMT Nizamnaməsinin rəhbər tutulduğu seçim prosesinin vacibliyini vurğulayır:

"Ümid edirik ki, bu proses daha güclü, səmərəli və müasir çağırışlara çevik reaksiya verən BMT-nin formalaşmasına töhfə verəcək nəticə ilə yekunlaşacaq".

Nəşr edilib : 27.10.2026 11:26