NAXÇIVAN :

14 May 2026, Cümə axşamı

Azərbaycan-İtaliya münasibətləri: strateji enerji tərəfdaşlığı və çoxşaxəli əməkdaşlıq

...

Azərbaycan ilə İtaliya arasında münasibətlər dinamik inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və çoxşaxəli əməkdaşlıq modeli kimi formalaşıb. Siyasi dialoqun intensivləşməsi, enerji sahəsində qarşılıqlı asılılığın artması, ticarət dövriyyəsinin genişlənməsi və humanitar əlaqələrin möhkəmlənməsi bu münasibətlərin dayanıqlı və uzunmüddətli xarakter daşıdığını göstərir.

Bu kontekstdə 2026-cı il mayın 4-də Bakıda Prezident İlham Əliyev ilə Ciorcia Meloni arasında keçirilən görüşlər və səsləndirilən bəyanatlar Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında formalaşmış münasibətlərin mahiyyətcə yeni mərhələyə daxil olduğunu göstərir. Bu münasibətlər artıq klassik diplomatik çərçivəni aşaraq strateji tərəfdaşlıq modelinə çevrilmiş və özündə siyasi dialoq, enerji təhlükəsizliyi, iqtisadi inteqrasiya və humanitar əməkdaşlıq kimi bir-birini tamamlayan istiqamətləri ehtiva edən kompleks sistem yaradıb.

Azərbaycan-İtaliya əlaqələrinin institusional əsası 2014 və 2020-ci illərdə imzalanmış strateji tərəfdaşlıq haqqında bəyannamələr ilə qoyulmuşdur. Bu sənədlər yalnız formal əməkdaşlıq niyyətlərini deyil, konkret fəaliyyət istiqamətlərini və qarşılıqlı öhdəlikləri müəyyənləşdirərək tərəflər arasında uzunmüddətli və dayanıqlı əlaqələrin qurulmasına xidmət etmişdir. Sözügedən sənədlərin praktik müstəvidə reallaşması isə müşahidə olunan intensiv siyasi təmaslar və yüksək səviyyəli qarşılıqlı səfərlər fonunda öz təsdiqini tapır. Xüsusilə İtaliya Nazirlər Şurasının sədrinin region səfəri çərçivəsində əvvəlcə Ermənistana, daha sonra Azərbaycana gəlməsi rəsmi Bakı tərəfindən yalnız diplomatik protokol hadisəsi kimi deyil, eyni zamanda Azərbaycanın regionda artan siyasi çəkisinin və beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin göstəricisi kimi qiymətləndirilmişdir.

İkitərəfli münasibətlərin ən mühüm komponentlərindən biri iqtisadi əməkdaşlıqdır ki, bu da konkret statistik göstəricilərlə öz ifadəsini tapır. 2025-ci ilin yekunlarına əsasən Azərbaycan ilə İtaliya arasında ticarət dövriyyəsinin, təxminən, 12 milyard ABŞ dollarına çatması bu əlaqələrin miqyasını aydın şəkildə nümayiş etdirir. İtaliyanın Azərbaycanın bir nömrəli ticarət tərəfdaşı olması isə bu ölkənin Azərbaycan iqtisadiyyatında tutduğu xüsusi mövqeni təsdiqləyir. Bu göstəricilər təkcə enerji sektorunun dominantlığı ilə izah olunmur, eyni zamanda sənaye, tikinti, logistika və xidmət sahələrində də əməkdaşlığın genişlənməsi ilə bağlıdır.

Enerji sahəsi Azərbaycan-İtaliya münasibətlərinin strateji əsasını təşkil edir və bu istiqamətdə əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi kontekstində xüsusi aktuallıq kəsb edir. Azərbaycan Respublikası uzun illərdir ki, İtaliyanın əsas enerji tərəfdaşlarından biri kimi çıxış edir. Statistik məlumatlara əsasən Azərbaycan İtaliyanın neft və qaz təchizatında ikinci yeri tutur. 2025-ci ildə Azərbaycanın ümumi qaz ixracı 25 milyard kubmetr təşkil etmiş, bunun 9,5 milyard kubmetri məhz İtaliya bazarına yönəldilmişdir. Bu fakt İtaliyanın Azərbaycan qazının əsas istehlakçılarından biri olduğunu və enerji əməkdaşlığının qarşılıqlı asılılıq prinsipi əsasında inkişaf etdiyini göstərir.

Bu əməkdaşlığın infrastruktur əsasını Cənub Qaz Dəhlizi təşkil edir ki, bu da Avropanın enerji marşrutlarının şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Dəhlizin mühüm seqmentlərindən biri olan TAP layihəsi vasitəsilə Azərbaycan qazı birbaşa İtaliya bazarına nəql olunur. Hazırda tərəflər TAP-ın genişləndirilməsi imkanlarını müzakirə edir ki, bu da gələcəkdə ixrac həcmlərinin artırılması və Avropanın enerji təhlükəsizliyinə daha böyük töhfə verilməsi baxımından mühüm perspektivlər vəd edir.

Digər diqqətçəkən məqamlardan biri də əməkdaşlığın yeni istiqamətlər üzrə şaxələndirilməsidir. Xüsusilə hərbi-texniki əməkdaşlıq sahəsində aparılan müzakirələr tərəfdaşlığın yalnız iqtisadi deyil, həm də təhlükəsizlik və sənaye aspektlərini əhatə etdiyini göstərir. İtaliya texnologiyalarının Azərbaycan maliyyə resursları ilə birləşdirilməsi yolu ilə birgə istehsalın təşkili perspektivi bu sahədə qarşılıqlı faydalı modelin formalaşdırılmasına zəmin yaradır.

İnvestisiya əməkdaşlığı da münasibətlərin mühüm istiqamətlərindən biridir. Azərbaycan Dövlət Neft Fondu tərəfindən son illərdə İtaliya iqtisadiyyatına, təxminən, 3 milyard ABŞ dolları həcmində sərmayə yatırılması Azərbaycanın qlobal investisiya siyasətində İtaliyaya verilən önəmin göstəricisidir. Bu investisiyaların gələcəkdə yeni layihələrə yönəldilməsi məsələsinin gündəmdə olması isə iqtisadi əlaqələrin daha da genişlənəcəyinə işarə edir.

Eyni zamanda İtaliya şirkətlərinin Azərbaycandakı fəaliyyəti də xüsusi qeyd olunmalıdır. Hazırda ölkədə 130-a yaxın İtaliya şirkətinin fəaliyyət göstərməsi bu əməkdaşlığın institusional səviyyədə möhkəmləndiyini göstərir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən 23 layihə İtaliyanın Azərbaycanın post-münaqişə dövründə bərpa və yenidənqurma prosesində fəal iştirakını nümayiş etdirir. Bu fakt həm də İtaliya biznesinin Azərbaycan bazarına olan uzunmüddətli marağını və etimadını təsdiqləyir.

Humanitar və təhsil sahəsində əməkdaşlıq isə münasibətlərin sosial-mədəni ölçüsünü formalaşdırır. Bakıda İtaliya-Azərbaycan Universitetinin yaradılması bu istiqamətdə mühüm institusional addım kimi qiymətləndirilə bilər. Artıq 500-dən çox tələbənin bu universitetdə təhsil alması gələcəkdə iki ölkə arasında intellektual və peşəkar əlaqələrin daha da möhkəmlənəcəyinə zəmin yaradır. Bu məzunların həm Azərbaycanın İtaliyada, həm də İtaliyanın Azərbaycanda qeyri-rəsmi “insani körpü” rolunu oynayacağı gözlənilir.

Beləliklə, təqdim olunan faktlar göstərir ki, Azərbaycan ilə İtaliya arasında münasibətlər təkcə iqtisadi və ya siyasi əməkdaşlıq çərçivəsində məhdudlaşmır, əksinə, çoxsəviyyəli və qarşılıqlı asılılıq prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq modelinə çevrilmişdir. Bu model özündə enerji təhlükəsizliyi, investisiya axınları, sənaye əməkdaşlığı, regional inkişaf və humanitar əlaqələr kimi müxtəlif komponentləri birləşdirərək həm ikitərəfli, həm də daha geniş geosiyasi müstəvidə mühüm rol oynayır.

Bəhruz Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

Nəşr edilib : 07.05.2026 10:24