NAXÇIVAN :

30 Iyul 2026, Cümə axşamı

Azərbaycan və İran gömrük xidmətləri tranzit daşımalarının sürətləndirilməsi ilə bağlı razılığa gəliblər

...

İyulun 30-da İran İslam Respublikasının Biləsuvar şəhərində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırovun və İran İslam Respublikası iqtisadiyyat və maliyyə nazirinin müavini, İran Gömrük Administrasiyasının rəhbəri Forod Asqarinin rəhbərlik etdikləri nümayəndə heyətləri arasında görüş keçirilib.
DGK-dən "Şərq qapısı" na bildirilib ki, görüşdə iki ölkə arasında gömrük sahəsində praktiki əməkdaşlığın genişləndirilməsi, sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin sinxron buraxılması, elektron məlumat mübadiləsinin təşkili, əməliyyatların operativliyinin artırılması və gələcək əməkdaşlığın əlaqələndirilmiş şəkildə inkişaf etdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər tranzit prosedurlarının təkmilləşdirilməsi, o cümlədən Azərbaycandan İran ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına və əks istiqamətdə hərəkət edən yük nəqliyyat vasitələrinin sərhəddən daha sürətli keçidinin təmin olunması üçün hərəkət intensivliyinin artırılmasına dair məsələləri müzakirə edib, bu istiqamətdə görüləcək tədbirləri müəyyənləşdiriblər.
Görüşün yekununda tərəflər arasında əməkdaşlığın inkişafına dair protokol imzalanıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti İran İslam Respublikasının Biləsuvar gömrük postunun fəaliyyəti ilə tanış olub. İran nümayəndə heyəti isə Azərbaycan Respublikasının Biləsuvar dövlət sərhədindən buraxılış məntəqəsində yaradılan şərait və həyata keçirilən gömrük prosedurları ilə tanışlıq keçirib.

Nəşr edilib : 30.07.2026 18:25