NAXÇIVAN :

20 May 2025, Çərşənbə axşamı

Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır

...

Xalqımızın milli yaddaşında əbədilik hüququ qazanmış dünya miqyaslı ictimai-siyasi xadim, böyük dövlət adamı, müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı misilsiz xidmətləri hər zaman böyük minnətdarlıq hissi ilə yad olunur. Müasir Azərbaycanın otuz ildən artıq müddətdə bütün sahələrdə böyük uğurlarla müşayiət olunan bütöv bir epoxası Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Onun fəaliyyəti zəngin təcrübə xəzinəsi, böyük dövlət idarəçiliyi məktəbidir. Yüksək intellektinə, səriştəli liderlik qabiliyyətinə, mükəmməl idarəetmə bacarığına görə Ulu Öndər Heydər Əliyev dünyanın ən güclü tarixi şəxsiyyətləri sırasındadır.

Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycan xalqının, ölkəmizin inkişafı üçün çalışmışdır. O bütün mənalı ömrünü öz varlığı qədər sevdiyi Azərbaycan xalqına, onun inkişafına, dünya xalqları arasında layiqli yer tutmasına həsr etmişdir. İki fərqli ictimai quruluşda Azərbaycana rəhbərlik edən Ulu Öndər Heydər Əliyev dövrün şərtlərinin, sistemlərin fərqli olmasına baxmayaraq, xalqımızı böyük bəlalardan xilas etmiş, ölkəmizi inamla irəli aparmışdır.

Bu böyük şəxsiyyətin zəngin irsini araşdırarkən məlum olur ki, Onun ölkə üçün gördüyü nəhəng işləri, dəyərli ideyalarının həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, bunun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycanın müstəqilliyi ərzində sosial-iqtisadi həyatımızın ayrı-ayrı istiqamətlərində əldə olunmuş uğurlar Ümummilli Lider Heydər Əliyevin milli inkişaf strategiyasının və onun icrası sahəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi sürətli islahatların məntiqi nəticəsidir. Bu mənada Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin əldə etdiyi böyük uğurların təməlində Ulu Öndərin zəngin siyasi-mənəvi irsi və dövlətçilik məktəbi dayanır. Bu qalibiyyət yolu, Heydər Əliyev yoludur.

Ümummilli Lider Heydər Əliyev çox çətin, mübarizə və qələbələrlə dolu bir ömür yaşadı. Tarixin Onun üzərinə qoyduğu şərəfli missiyanı – Azərbaycanı parçalanmaqdan və bir dövlət kimi məhv olmaqdan qurtararaq müstəqilliyimizin qorunub saxlanılması və əbədiliyə çevrilməsi vəzifəsini yerinə yetirdi. Bu yolda gördüyü işlərlə – iqtisadi islahatlar, hüquqi, demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki fəaliyyəti nəticəsində Azərbaycanın xilaskarı kimi dünya tarixinə düşdü. Ən böyük xoşbəxtlik isə Heydər Əliyevin müəyyən etdiyi yolun bu gün də uğurla davam etdirilməsidir.

Ulu Öndər Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar artıq Azərbaycanın gerçəkliyinə çevrilmişdir. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Heydər Əliyev, eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan vermişdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaratmışdır.

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan  daha da qüdrətlənərək dünya miqyasında öz layiqli yerini möhkəmləndirmişdir. Prezident İlham Əliyevin böyük inam və qətiyyətlə söylədiyi kimi, bu gün Azərbaycan özünü dünyaya sürətlə inkişaf edən ölkə kimi təqdim edir. Ölkəmizdə sabitlik təmin edilir, möhkəmlənir. Hər bir ölkə üçün sabitlik başlıca şərtdir. Xalq tərəfindən dövlətin siyasətinə verilən dəstək ölkəmizdə gözəl ab-hava yaratmaqla yanaşı, yeni-yeni hədəflərin gerçəkləşdirilməsini sürətləndirir.

Artıq hər zaman arzusunda olduğumuz hədəfimiz də reallığa çevrilib. Azərbaycanın ərazi bütövlüyü təmin edilib. 44 günlük İkinci Qarabağ müharibəsi 30 ilin işğal son qoydu. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində bu gün qalib ölkənin qalib vətəndaşlarıyıq. İşğaldan azad edilmiş torpaqlarımızda bərpa və quruculuq işləri geniş vüsət alıb. Artıq 2030-cu ilə qədərki dövrü əhatə edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənib. Bu sənədlə yanaşı, iqtisadi rayonların yeni bölgüsü həyata keçirilərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri Böyük Qayıdışa doğru atılan addımlardır.

Ötən illərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsində də böyük işlər görülmüşdür. Məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatı gücləndirilmiş, ordumuzun arsenalına ən müasir silahlar və texnikalar cəlb edilmiş, Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti artırılmışdır. Azərbaycan Ordusu dünya miqyasında ən güclü ordular sırasına daxil olmuşdur. Çox böyük fəxrlə vurğulayırıq ki, qüdrətli Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə öz gücünü bütün dünyaya nümayiş etdirərək, 30 ilə yaxın işğal altında olan əzəli Azərbaycan torpaqlarını azad edərək öz adını tarixə qızıl hərflərlə yazdırmışdır. Şübhə yoxdur ki, Vətən müharibəsində əldə etdiyimiz böyük qələbə xalqımızın və dövlətimizin tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm də diplomatiya cəbhəsində düşmən üzərində qazandığımız zəfərlər qürur mənbəyi, tariximizin şanlı səhifəsidir. Bununla da Azərbaycan dövlətinin, onun ordusunun, diplomatiyasının qarşısında duran vəzifə Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə uğurla yerinə yetirilmiş və tarixi ədalət bərpa olunmuşdur.

Artıq müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ruhu şaddır. Prezident İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss edir, qürurludur. Bu gün müasir Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə Heydər Əliyev ideyalarına, onun əsasını qoyduğu siyasi kursa sadiq qalaraq inamla və uğurlu inkişaf edərək ən uca zirvələr fəth edir.

Turan MƏMMƏDLİ

Nəşr edilib : 20.05.2025 15:04