NAXÇIVAN :

08 Mart 2026, Bazar

Azərbaycanı gələcəyə aparan qoşa addımlar

...

Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətənə xidmət fəlsəfəsinin təməlində xalqına sonsuz sevgi, Ulu Öndər Heydər Əliyev ideyalarına sarsılmaz inam və Prezident İlham Əliyevin müstəqil siyasətinə yüksək sədaqət hissləri dayanır. Xeyirxahlığına, yüksək bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban xanım Əliyevanın ­ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır.

O, Azərbaycan naminə gördüyü bütün işlərə qəlbinin sevgisini qoyur, nəcib əməllərində, nail olduğu xoş nəticələrdə bu sevgi görünür, duyulur, hiss edilir. Ona görə də apardığı işlər bu qədər uğurlu alınır. Azərbaycan vətəndaşı ona ailəsinin yaxın bir üzvü kimi yanaşır və bu yanaşmasında haqlıdır, çünki hər bir Azərbaycan vətəndaşının evində, ocağında Mehriban xanımın sevgisinin, qayğısının, bu yurdun insanlarına həssas münasibətinin işığı var. Mehriban Əliyeva köməyə ehtiyacı olan insanlara doğmalarından artıq həyan, kimsəsizlərə arxa-dayaq, yaşlısına qayğıkeş övladdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva ömrünün hər bir məqamında Azərbaycan qadını adına sadiqdir, ömür-gün yoldaşına dövlətimiz naminə gördüyü işlərdə ardıcıl dəstəyi, fədakarlığı, Vətən üçün böyüyüb boya-başa çatdırdığı xeyirli övladları ilə də nümunədir. “İnsan doğularkən verilən ad onun bütün taleyinə təsir göstərir. Deyə bilmərəm, bu nəzəriyyə real həyatda özünü nə dərəcədə doğruldur, amma yaxşılıq, mərhəmət kimi anlayışlar mənim üçün, həqiqətən, ümdə anlayışlardır. Hər zaman öz fəaliyyətimdə çalışmışam ki, bir neçə amala əsaslanım. Bunlar vətənpərvərlik, insansevərlik və mərhəmətdir” deyən Heydər  Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ulularımızdan bizə miras qalan ali mənəvi dəyərləri öz fəaliyyətində yaşatmaqla həyatını xalqına həsr edən insanların, ziyalıların yolunu uğurla davam etdirir. 
Hazırda dünyanın nüfuzlu mətbuat orqanlarında fondun reallaşdırdığı layihələrlə bağlı tez-tez dərc olunan materiallar Mehriban xanım Əliyevanın fəaliyyətinin beynəlxalq aləmdə nə qədər diqqətlə izləndiyini və böyük rəğbətlə qarşılandığını göstərir. Azərbaycanın birinci xanımı bütün dəyərli vaxtını, enerjisini məhz insanların nicatına, rifahına, firavanlığına xidmət edən layihələrə yönəldir. Çünki insan amilinin yüksəlişinə hesablanmış bu layihələr, ilk növbədə, Heydər   Əliyev ideyalarına sədaqətin, Azərbaycan Prezidenti İlham Əliyevin vətən, xalq naminə apardığı məqsədyönlü siyasətə dəstək vermək istəyinin ­təzahürüdür. 
Azərbaycan xalqı Prezident İlham Əliyevi və Mehriban Əliyevanı uzun illər müxtəlif ictimai situasiyalarda daim bir yerdə görməyə adət edib. Bu birliyin dərin qatlarında mənəvi və siyasi baxışlar ayrılmaz vəhdət təşkil edir. Prezident İlham Əliyevin və Mehriban xanımın daim yanaşı olması, dövlət tədbirlərində birlikdə iştirak etməsi, sadəcə olaraq, mədəni dünyanın qəbul etdiyi davranış modelinə hörmət əlaməti kimi başa düşülmür. Onun daha böyük mənası və ictimai dəyəri dərin birlik, həmrəylik nümunəsi rolunu oynamasında, sarsılmaz etibar və etimadı ifadə etməsindədir. Xalqın düşüncəsində qoşa addımlamaq vahid məqsəd naminə əqidə birliyi, dərin həmrəylik ifadəsi sayılır. Azərbaycan vətəndaşları Prezident İlham Əliyevin və Mehriban Əliyevanın qoşa addımlarını firavan gələcəyin, əmin-amanlığın və növbəti uğurların əlaməti olaraq yüksək qiymətləndirir. 
Mehriban xanım Əliyevanın həyat amalı, tarixi missiyası Ulu Öndər Heydər Əliyevin qurduğu, Prezident İlham Əliyevin uğurla bugünkü yüksəkliklərə ucaltdığı Azərbaycanın xoşbəxt gələcəyi naminə təmənnasız xidmətlər göstərməkdən ibarətdir. Onun dövlətə və Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən sədaqəti, humanizmi və insanpərvərliyi, ölkəmizin beynəlxalq təbliğatı sahəsində titanik fəaliyyəti Azərbaycanın uğur formulunun ayrılmaz hissəsidir. Xalqımız onun xidmətlərini minnətdarlıq hissi ilə dəyərləndirir, Azərbaycanın birinci xanımına və Birinci vitse-prezidentinə hörmət və ehtiramlarını ifadə edir. 

Təvazökarlıq insanın ən ali mənəvi xarakterlərindəndir. “Ailə mənim üçün düşünürəm ki, elə hər kəs üçün istənilən şəraitdə həyatın əsas mənası və stimulu, istinad nöqtəsi və güc mənbəyidir”, – deyən Mehriban xanım Əliyeva olduqca təva­zökar xanımdır. Müsahibələrinin birində birinci xanım deyib: “...Həyatım elə gətirib ki, mən ictimai şəxsiyyətəm, lakin heç vaxt tanınmağa, məşhur olmağa can atmamışam. Əgər hansısa nəticələr əldə etməyə nail oluramsa, fəaliyyətim fayda gətirirsə, ölkəyə və insanlara xidmət edirəmsə, yardıma ehtiyacı olanlara kömək etməyi bacarıramsa – bu, mənim üçün ən yüksək mükafatdır...” Bu kəlmələr Vətən üçün, dövlətçilik üçün yaşayan böyük ürəkli, praqmatik təfəkkürlü bir insanın həyat, ömür fəlsəfəsinin tərkib hissələrindəndir, onun yaşam manifestidir. 
“Türkiye” qəzetinin jurnalisti Yücel Koç “Qardaş ölkədə nələr olur? Mehriban Əliyeva ilə Azərbaycanda dəyişiklik rüzgarı” məqaləsində yazır ki, Mehriban xanım “...son dərəcə çətin yolda nədən güc alır? İlk növbədə, öz xalqının dəstəyindən, inamından və sevgisindən”. Jurnalistin qənaəti isə gerçəkdir. Mehriban xanım xalqını sevir. Xalq Prezident cənab İlham Əliyevə inandığı kimi, Birinci vitse-prezidentə də inanır. Xalq dövlət başçısını, Birinci vitse-prezidenti dəstəkləyir. Türkiyəli jurnalist bu qənaətdə də haqlıdır: “Mehriban xanımın başlıca missiyası hər zaman və hər yerdə Vətənimizin maraqlarını qorumaqdır”.
Mehriban xanımın fəaliyyətində ölkə başçısı, cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində, əldə edilən Böyük Zəfərin nəticələrinin möhkəmləndirilməsi, Qarabağda ədalətin bərpa olunması işini və bu siyasi xətti dəstəkləyən missiyası təşkil edir. O, xüsusilə işğaldan azad olunan ərazilərdə tarixi abidələrimizin, misilsiz memarlıq nümunələrimizin yenidənqurma və bərpası, şəhər və kəndlərimizin müasir simasının formalaşdırılması, infrastrukturun inkişafı üçün yorulmadan çalışır. Qarabağın incisi Şuşa şəhərində gedən abadlıq və quruculuq işlərində yaxından iştirak edir, bu müqəddəs məkanın dünyanın mədəniyyət paytaxtlarından biri kimi tanınması üçün əzmlə səy göstərir, mədəniyyət diplomatiyası vasitəsilə ölkənin xarici siyasətində əhəmiyyətli rola malik fəaliyyət sərgiləyir.
Təsadüfi deyildir ki, zəngin mənəvi keyfiyyətlərinə, insanpərvərlik, şəfqət və mərhəmət rəmzinə çevrilmiş fəaliyyətinə, yüksək ideallar naminə müxtəlif təbəqələrin nümayəndələrini səfərbər etmək bacarığına və yorulmaz əməyinə görə həm ölkəmizdə, həm də beynəlxalq aləmdə yüksək titullara və mükafatlara layiq görülməkdədir. Bütün bunlara rəğmən ən böyük mükafatı xalqının sevgisi, inamı və etimadı olan bir şəxsiyyət kimi Mehriban xanım bu gün hər zaman olduğundan daha çox bu etimadı doğrultmağa çalışır. 
Mehriban xanım qalib ölkənin qalib sərkərdəsi, Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ömür-gün, həyat yoldaşı olmaqla bərabər, onun məslək, qayə yoldaşı, həyat yolunu birlikdə addımlayan sədaqətli silahdaşıdır. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın Zəfər müjdəsini ilk olaraq sosial şəbəkə hesablarında “Sizin Mehriban” imzası ilə paylaşması, Prezidentlə birlikdə hospitallarda müalicə olunan hərbçiləri ziyarət etməsi, şəhid analarının yanında olarkən göz  yaşlarını  gizlətməyə çalışması, qələbədən sonra dəfələrlə işğaldan azad olunmuş rayonlara səfəri Mehriban Əliyevanın həm vətənpərvər, cəsarətli, güclü, eyni zamanda mərhəmətli və şəfqətli olmasını göstərir, həm də bu təyinatın çox doğru olduğunu sübut edir. Prezident İlham Əliyev birinci xanımın Birinci vitse-prezident kimi fəaliyyəti haqqında xarici jurnalistin verdiyi sualı belə cavablandırır: “Onun azərbaycanlılar arasında güclü dəstəyi var. Siz küçədə istənilən şəxsdən soruşa, vətəndaşların onu necə sevdiyini və dəstəklədiyini görə bilərsiniz. O, tamamilə sosial və humanitar məsələlərlə məşğuldur və on minlərlə insana yardım edir. Lakin o bunu hər hansı bir   piarsız, reklamsız və elansız edir. Beləliklə, o, xalqımızın qürur duyduğu bir şəxsdir”.
Dövlət başçısı cənab İlham Əliyevlə birgə Mehriban xanımın ölkənin inkişaf strategiyasının hazırlanmasında, həyata keçirilməsində, həmçinin sosial, humanitar və iqtisadi layihələrin gerçəkləşməsində böyük əməyi var. Onun siyasi fəaliyyətinin kökündə humanizm dayanır. Birinci vitse-prezident ölkənin sosial problemlərinin həllinə daha çox diqqət ayırır. O, hər zaman həssas əhali qruplarına qayğı ilə yanaşır, onların sosial ehtiyaclarının ödənilməsi üçün müxtəlif təşəbbüslər irəli sürür, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara sovqatlar, hədiyyələr göndərir. Bundan başqa, şəhid ailələri və qazilər də Mehriban xanımın diqqətindən kənarda qalmır. Onların, demək olar ki, bütün problemlərinin həllinə şəxsən dəstək göstərir, evlə, avtomobillə təmin olunmasında yaxından iştirak edir. Həmçinin biz şahidi oluruq ki, Mehriban xanıma səhhəti, təhsili və digər sosial problemləri ilə yüzlərlə insan müraciət edir. Bütün bunlara dərhal reaksiya verilir, qarşılaşdıqları problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Xalq onu sevir və ona inanır. Ona görə ki, Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik ənənələri canlanıb. Birinci vitse-prezident insanlara xeyirxahlığa meyil, başqasının dərdinə şərik olmaq, köməyə ehtiyacı olana yardım əlini uzatmaq kimi hiss və bacarıqları aşılayıb. Onun “Xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər boyu formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətlərdən biridir və biz bu gün Heydər Əliyev Fondu olaraq ənənələri davam etdirməyə çalışırıq” sözləri xeyriyyəçiliyin həyatının kredosuna çevrildiyini bir daha təsdiqləyir.
Mehriban xanım Əliyevanın ötən illərdə göstərdiyi fəaliyyət, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın çoxşaxəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafı içərisində çox böyük çəkiyə malikdir. Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi islahatların, daxili və xarici siyasətin ən böyük dəstəkçisi və dövlət başçısının ən sadiq silahdaşıdır. Onun uğurlu, səmərəli və nümunəvi fəaliyyəti həm ölkəmizdə, həm də beynəlxalq müstəvidə olduqca yüksək qiymətləndirilir. Dünya miqyasında elm xadimləri, ziyalılar, ictimai-siyasi xadimlər, dövlət adamları Azərbaycanın birinci xanımının tarixi missiya yerinə yetirdiyini, bəşəriyyətin bugünkü inkişafına və gələcəyinə layiqli töhfə verdiyini ifadə edirlər. 
Mehriban xanımın fəaliyyəti Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla tamamlayır və həmçinin ölkənin birinci xanımı fədakarlığı, mədəniyyətimizə, tariximizə, adət-ənənələrimizə bağlılığı ilə ən böyük mükafat olan ümumxalq sevgisinə layiq olduğunu sübut edir. Mehriban xanım Əliyeva əzmkar və genişmiqyaslı fəaliyyəti ilə Heydər Əliyev ideyalarının gerçəkləşdirilməsində, Ulu Öndərin zəngin dövlətçilik irsinin yaşadılmasında əvəzsiz rol oynayır. Prezidentin müvafiq sərəncamları ilə Mehriban Əliyevanın ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsi onun Ulu Öndərin zəngin dövlətçilik irsinə əsaslanan çoxşaxəli fəaliyyətinin bariz nümunəsidir. Mehriban xanım Əliyeva Prezident İlham Əliyevin silahdaşı olaraq birgə dövlətin daha da yüksəlişi istiqamətində hələ çox işlər görəcəklər.
Bütün bunları ümumiləşdirsək görərik ki, Birinci vitse-prezidentin gördüyü işlər yalnız və yalnız xalqa xidmət missiyasından ibarətdir. Ən əsası isə odur ki, bu fəaliyyət Prezident İlham Əliyevin həyata keçirdiyi siyasi xətti uğurla və layiqincə tamamlayır. Şübhə yoxdur ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev ideyaları əsasında görülən işlər bundan sonra da müstəqilliyimizin möhkəmləndirilməsinə, milli həmrəyliyin və tarixi Zəfərimizin əsaslarının gücləndirilməsinə və yeni mərhələdə ardıcıl uğurların, o cümlədən yeni qələbələrin qazanılmasına müstəsna töhfə olacaqdır. Mehriban xanım Əliyevanın dediyi kimi: “Gərəkli və faydalı olmaq, insanların sənə inanması və səni dəstəkləməsi xoşbəxtlikdir. Xoşbəxtlik vicdan və niyyətin təmiz olması, sevgi və xeyirxahlığın həyatın əsas qayəsinə çevrilməsidir”.

Məhəbbət MİRZƏYEVA
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti

Nəşr edilib : 25.08.2025 23:51