Fərid Şəfiyevin "The Guardian"a məktubu: Ermənista...
15:17 05.09.2026
0
0
0
NAXÇIVAN :
05 Sentyabr 2026, Şənbə
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Aşağı Saksoniya federal əyalətinə səfər edib.
“Şərq qapısı” xəbər verir ki, səfər çərçivəsində Aşağı Saksoniyanın siyasi və iqtisadi rəhbərliyinin təmsilçiləri, Hannover şəhər administrasiyası, işgüzar dairələr və Azərbaycan icmasının üzvləri ilə bir sıra görüşlər keçirilib. Səfər münasibətilə Azərbaycan Respublikasının Dövlət Bayrağı Aşağı Saksoniya əyalət parlamentinin (Landtaq) binası və Hannover şəhər meriyası qarşısında dalğalandırılıb.
Aşağı Saksoniya Landtaqının sədri Hanna Naber ilə görüşdə parlamentlərarası əlaqələrin inkişafı, eləcə də iki ölkənin qanunvericilik orqanları arasında təmasların genişləndirilməsi imkanları müzakirə olunub. Səfir Nəsimi Ağayev regionda baş verən son proseslər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar, habelə regional iqtisadi, ticarət və nəqliyyat layihələri barədə ətraflı məlumat verib.
Hannover şəhərinin vitse-meri Tomas Herman ilə keçirilən görüşdə şəhərlərarası əlaqələrin qurulması, iqtisadiyyat, mədəniyyət, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Hannover Sənaye və Ticarət Palatasında (IHK Hannover) Palatanın baş icraçı direktoru Mayke Bilfeldt və əyalətin aparıcı şirkətlərinin nümayəndələri ilə keçirilən görüşdə Aşağı Saksoniyanın iqtisadi və sənaye potensialı, Azərbaycanla ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri müzakirə edilib. “Rossmann” və “GP Günter Papenburg” kimi Aşağı Saksoniya şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti nümunə göstərilərək, Almaniya şirkətləri üçün Azərbaycan iqtisadiyyatının təqdim etdiyi imkanlar diqqətə çatdırılıb.
Bu xüsusda Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin iyulunda Almaniyaya rəsmi səfəri çərçivəsində imzalanmış “İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”nin, eləcə də Azərbaycan-Almaniya Biznes Şurasının yaradılmasının iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından önəmi xüsusi vurğulanıb.
Səfər çərçivəsində səfir Nəsimi Ağayev, həmçinin Aşağı Saksoniyanın Avropa və regional əməkdaşlıq naziri Melani Valter və iqtisadiyyat naziri Qrant Hendrik Tonne ilə görüşüb. Görüşlərdə Azərbaycanla Aşağı Saksoniya arasında iqtisadi və işgüzar əlaqələrin daha da canlandırılması yolları müzakirə edilib. Bu məqsədlə Hannoverdə hər iki tərəfin işgüzar dairələrinin iştirakı ilə Azərbaycan-Aşağı Saksoniya iqtisadi forumunun keçirilməsi imkanları nəzərdən keçirilib.
Nəsimi Ağayev Hannoverdə yaşayan Azərbaycan icmasının fəalları ilə də görüşüb. Sevda Yunusovanın rəhbərliyi ilə 10 ildir uğurla fəaliyyət göstərən Alman-Azərbaycan Dostluq Cəmiyyətinin təşkil etdiyi görüşdə diasporumuzun Azərbaycan mədəniyyətinin, milli-mənəvi dəyərlərinin və ölkəmiz haqqında həqiqətlərin Almaniya ictimaiyyətinə çatdırılmasında oynadığı rolun önəmi qeyd olunub, əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər xəbərlər