Beynəlxalq arenalarda qazanılan bu uğurlu nəticələ...
19:58 29.04.2026
0
0
0
NAXÇIVAN :
29 Aprel 2026, Çərşənbə
Azərbaycan Respublikasının son illərdə beynəlxalq arenada qazandığı uğurlar bir daha sübut edir ki, ölkəmiz dünya siyasətində nüfuzlu, söz sahibi olan dövlətlər sırasına daxil olub. Bu gün Azərbaycan dünyada öz sözünü deyən, suveren siyasət yürüdən, beynəlxalq əməkdaşlığa və sülhə töhfə verən güclü dövlətdir. Bu nailiyyətlərin əsasında isə Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam və inkişaf etdirən müdrik lider, Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial diplomatiya dayanır.
Prezident İlham Əliyevin düşünülmüş və milli maraqlara əsaslanan xarici siyasəti, ardıcıl diplomatik strategiyası, həmçinin beynəlxalq tribunalardakı cəsarətli çıxışları nəticəsində Azərbaycan regionda və dünyada aparıcı siyasi oyunçulardan birinə çevrilib. Ölkə Prezidenti yalnız regionda deyil, dünyada sülh, təhlükəsizlik, enerji sabitliyi və əməkdaşlıq kimi önəmli sahələrdə aparıcı aktorlardan biri kimi qəbul olunur. Həmçinin dünya liderləri ilə ikitərəfli görüşlərdə nümayiş etdirdiyi dövlətçilik mövqeyi, diplomatik çevikliyi və aydın strateji baxışı sayəsində Azərbaycan etibarlı tərəfdaş kimi tanınır.
Təbii ki, Azərbaycanın xarici siyasətində balans prinsipinə əsaslanması dövlətin maraqlarını qorumaqla yanaşı, regionda və beynəlxalq aləmdə sabitliyin təmin olunmasına da töhfə verir. Son dövrlərdə Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu, Qoşulmama Hərəkatına uğurlu sədrliyi, Avropa İttifaqı ilə davamlı dialoqu və eyni zamanda ABŞ, Çin və Rusiya kimi böyük güclərlə konstruktiv münasibətləri ölkənin çoxşaxəli diplomatiyasının göstəricisidir. Azərbaycan həm Qərb, həm də Şərqlə uğurlu əməkdaşlıq quraraq enerji, nəqliyyat, təhlükəsizlik və humanitar sahələrdə mühüm təşəbbüslərlə çıxış edir.
2020-ci il Vətən müharibəsindən sonra yaranmış yeni geosiyasi reallıqda isə Azərbaycan diplomatik meydanda da öz sözünü deməyi bacardı. Qarabağın işğaldan azad olunması yalnız hərbi Zəfər deyil, eyni zamanda diplomatik uğurdur. Beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan bu Zəfər Azərbaycanın haqlı mövqeyini dünyaya qəbul etdirdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm siyasi, həm də diplomatik müstəvidə yeni bir dövrə qədəm qoydu. Bu gün Azərbaycan yalnız Cənubi Qafqazda deyil, bütövlükdə, Avrasiya məkanında sabitliyin və inkişafın aparıcı qüvvələrindən birinə çevrilib.
Vaşinqton razılaşması və Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni mərhələsi
Hazırda Azərbaycanın dövlət siyasətində prioritet məsələlərdən biri də Zəngəzur dəhlizinin, digər adı ilə desək, Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) açılmasıdır. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ondan ibarətdir ki, ölkənin digər bölgələri ilə Naxçıvan arasında maneəsiz əlaqə təmin olunmalıdır. Bu tələb tarixi reallığa, beynəlxalq hüquq və ədalət prinsiplərinə əsaslanır.
Bu istiqamətdə atılan əsas addımlardan biri də Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında tarixi əhəmiyyətli üçtərəfli görüş oldu. Vaşinqton görüşü, əslində, 30 ilə yaxın davam edən gərginlik və müharibələr dövründən sonra yeni geosiyasi reallığın rəsmiləşdirilməsidir. ABŞ-nin vasitəçi qismində çıxış etməsi isə Cənubi Qafqazın beynəlxalq gündəmdəki çəkisini, şübhəsiz, artırır. Zəngəzur dəhlizi ilə bağlı açıq və qəti mövqenin Vaşinqton sənədinə salınması artıq bu layihənin təkcə regional deyil, beynəlxalq status qazandığını göstərir.
Təbiidir ki, bu razılaşmanın Naxçıvan üçün konkret strateji üstünlükləri danılmaz və çoxşaxəlidir. Zəngəzur dəhlizinin açılması Naxçıvanı ölkənin əsas hissəsi ilə birləşdirərək onu regionun nəqliyyat və logistika qovşağına çevirəcək. İqtisadi baxımdan bu, ixrac və idxal imkanlarını genişləndirmək, xarici sərmayəni cəlb etmək deməkdir. Siyasi baxımdan isə Naxçıvan Azərbaycan dövlətçiliyinin, Qərb və Şərq arasında körpü rolunun canlı nümunəsi olacaq. Bu, Naxçıvanın artıq təkcə regional deyil, həm də qlobal səviyyədə tanınan strateji aktora çevrilməsi deməkdir.
Ermənistanın isə bu razılaşmanı imzalaması onu göstərir ki, artıq onlar da tarixi reallığı qəbul ediblər. İndi gündəmdə qarşılıqlı iqtisadi fayda və sərhəd təhlükəsizliyi məsələləri dayanır. Bu isə regionda uzunmüddətli sülhün əsas şərtidir.
Zəngəzur dəhlizinin regional və qlobal əhəmiyyəti, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin
inkişafında rolu
Zəngəzur dəhlizi Azərbaycan üçün tarixi, iqtisadi və geosiyasi baxımdan strateji əhəmiyyətə malik bir layihədir. O həm Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin təbii kəsişmə nöqtəsini formalaşdıracaq, həm Azərbaycanın tranzit imkanlarını maksimum dərəcədə genişləndirəcək, həm regionda iqtisadi sabitlik və əməkdaşlığı təşviq edəcək, həm də Türk dünyası və Avrasiya məkanında inteqrasiyanın yeni mərhələsinin başlanğıcı olacaq. Bu, XXI əsrdə Azərbaycanın Avrasiya nəqliyyat sistemində mərkəzi qovşaq kimi rolunu möhkəmləndirən və ölkəni regionun iqtisadi güc mərkəzinə çevirən mühüm strateji layihədir. Bu baxımdan, Zəngəzur dəhlizinin yaradılması ideyası yalnız regional deyil, həm də qlobal əhəmiyyət kəsb edən layihə kimi dəyərləndirilir.
Zəngəzur dəhlizi, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin təbii davamıdır. Bu layihənin reallaşması nəticəsində Bakı-Tbilisi-Qars xəttinə alternativ və daha qısa marşrut yaranacaq, Naxçıvan üzərindən Türkiyəyə birbaşa dəmir yolu əlaqəsi təmin ediləcək, Azərbaycan yük daşımalarında vaxt və xərc baxımından əlavə üstünlüklər qazanacaq və regionda Orta Dəhlizin (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) tranzit potensialı əhəmiyyətli dərəcədə artacaq.
Zəngəzur dəhlizinin əhəmiyyəti təkcə Qərb istiqamətində deyil, həm də Şimal-Cənub dəhlizi ilə inteqrasiya nöqtəsi kimi özünü göstərir. Bu dəhliz sayəsində Rusiya və İran istiqamətindən gələn yüklər Zəngəzur xətti vasitəsilə Türkiyəyə və Aralıq dənizi limanlarına qısa zamanda daşına biləcək və Azərbaycan ərazisində “tranzit qovşağı modeli” formalaşacaq.
Həmçinin Zəngəzur dəhlizi geosiyasi və regional təhlükəsizlik baxımından türk dövlətləri arasında fiziki və iqtisadi inteqrasiyanı möhkəmləndirərək Mərkəzi Asiya ölkələrinin Türkiyə və Avropa bazarlarına birbaşa çıxışını təmin edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin ifadə etdiyi kimi: “Zəngəzur dəhlizi təkcə Azərbaycanın deyil, bütün regionun inkişafına xidmət edəcək. Bu, iqtisadi inteqrasiyanın, qarşılıqlı əlaqələrin və sülhün təminatıdır”.
Zəngəzur dəhlizi və Naxçıvanda sənayenin inkişafı
Ölkə iqtisadiyyatında yeni perspektivlər, Naxçıvanda yaradılmış olan Şərur Sənaye Məhəlləsi və ölkənin 13-cü sənaye zonası olacaq Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi inkişafında mühüm mərhələdir. Bu layihələr Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə inteqrasiyasını gücləndirəcək, eyni zamanda Zəngəzur dəhlizinin açılması ilə daha da strateji əhəmiyyət qazanacaq. Bunun nəticəsində isə bölgənin ticarət dövriyyəsi və tranzit gəlirlər artacaq ki, bu da ölkə iqtisadiyyatının inkişafına əsaslı təsir edəcək.
Naxçıvanın sənaye potensialının gücləndirilməsi həm də bölgədə yeni iş yerlərinin açılmasına, sahibkarlara güzəştli şəraitin təmin edilməsinə, investisiya imkanlarının ixrac yönümlü məhsul istehsalının artırılmasına, ixrac imkanlarının və investisiya cəlbediciliyinin genişlənməsinə şərait yaradacaq. Zəngəzur dəhlizi ilə muxtar respublikaya daha ucuz xammal gətirilməsi və istehsal olunan məhsulların geniş bazarlara çıxarılması mümkün olacaq.
İllərlə davam edən blokada və təcrid siyasəti artıq tarixə qovuşur. Qarşımızda böyük imkanlar var; İqtisadi inkişaf, sosial rifah, beynəlxalq əməkdaşlıq. Biz bu fürsətləri dəyərləndirmək üçün hazır olmalıyıq. Naxçıvan artıq regionun açarıdır və bu açar Azərbaycanın əlindədir.
Naxçıvan iqtisadiyyatında yeni dövr
Son dövrə nəzər saldıqda, muxtar respublika iqtisadiyyatında əsaslı dəyişikliyi görmüş oluruq. Əlbəttə, 2025-ci ilin yanvar-avqust aylarında ümumi daxili məhsulun (ÜDM) 5 faiz artması region iqtisadiyyatında davamlı inkişaf tendensiyasının göstəricisidir. Bu artım təkcə statistik rəqəm deyil, həm də sosial rifaha keçid mexanizminin formalaşdığını sübut edir.
Sənaye sektorunun inkişaf etdirilməsi nəticəsində sənaye məhsullarının 19,1 faiz artması, xüsusilə emal sənayesinin 76,6 faiz təşkil etməsi isə Naxçıvanın artıq xammal ixrac edən deyil, hazır məhsul istehsal edən iqtisadi model qurduğunu sübut edir. Enerji təminatının güclənməsi, mədənçıxarma və ekoloji balanslı siyasət isə iqtisadi sabitliyi möhkəmləndirən digər amillərdir.
Bu artım yalnız daxili bazarı idxaldan qismən azad etmir, həm də ixrac potensialını artırır. Əhalinin bank əmanətlərində bir ildə 54,4 faiz artım qeydə alınması isə muxtar respublikada maliyyə sisteminə güclü etimadın formalaşdığını göstərir.
2025-ci ilin ilk səkkiz ayında ixracın 24,5 faiz artması, idxalın isə 11,7 faiz azalması, Naxçıvanın idxaldan asılı iqtisadi modeldən ixracyönümlü iqtisadi modelə keçdiyini göstərir. Ən önəmlisi isə odur ki, ixrac artıq xammal deyil, daha çox emal məhsullarına əsaslanır.
Zəngəzur dəhlizinin açılması Naxçıvanın iqtisadi xəritəsini tamamilə dəyişdirərək Naxçıvanı birbaşa Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək, ixrac potensialı artacaq, sənaye məhsulları daha sərfəli marşrutlarla Avropa və Asiya bazarlarına çıxarılacaq. Logistika, sənaye və xidmət sektorlarında iş imkanlarının genişlənməsi regional inkişafı sürətləndirəcək. Digər tərəfdən, turizm və xidmət sektorunda Naxçıvanın əlçatanlığı artdıqca, bölgəyə turist axını güclənəcək. Otelçilik, iaşə və xidmət sektorunda yeni iş yerləri açılacaq.
Regional üstünlüklərə gəldikdə isə Naxçıvan yalnız Azərbaycan üçün deyil, həm də region üçün mühüm tranzit mərkəzə çevriləcək. Bu mövqe həm iqtisadi, həm də siyasi çəkini artıracaq. Həyata keçirilən bu tədbirlərlə paralel olaraq “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edəcək, Naxçıvanın iqtisadi dayanıqlılığının daha da güclənməsi və öz daxili resursları hesabına maliyyələşməsi təmin olunacaq.
Bunu ümumi fikirlə ifadə etsək, Naxçıvanın iqtisadiyyatı təcrid modelindən tranzit modelinə keçid edir və bu keçid regionun gələcəyini daha da parlaq göstərəcək.
Canməmməd CANMƏMMƏDOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
Digər xəbərlər