NAXÇIVAN :

22 Sentyabr 2026, Çərşənbə axşamı

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

...

Azərbaycan “ICT WEEK UZBEKISTAN 2026” çərçivəsində Daşkənddə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Texnologiya Forumunda təmsil olunacaq.
"Şərq qapısı" xəbər verir ki, forumda Azərbaycanın innovasiya və startap ekosisteminin inkişafı, texnoparkların fəaliyyəti, innovasiyanın təşviqi istiqamətində həyata keçirilən təşəbbüslər və əldə olunan nəticələr barədə məlumat veriləcək.
Sentyabrın 23-də keçiriləcək panel sessiyasında Azərbaycan İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyəti sədrinin müavini Şahin Əliyev çıxış edəcək. O, ölkəmizdə innovasiya ekosisteminin inkişafı, startapların dəstəklənməsi, texnoparkların fəaliyyəti və innovativ sahibkarlığın təşviqi istiqamətində görülən işlərdən danışacaq.
Texnologiya Forumu Türk dünyasında texnologiya və innovasiya sahəsində əməkdaşlığın genişləndirilməsi, qabaqcıl təcrübə və bilik mübadiləsinin gücləndirilməsi, eləcə də yeni tərəfdaşlıqların qurulması imkanlarının müzakirəsi baxımından mühüm platforma kimi çıxış edir.
Forum çərçivəsində iştirakçı ölkələrin innovasiya və texnologiya ekosistemləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, birgə təşəbbüslərin və yeni tərəfdaşlıq imkanlarının müzakirəsi nəzərdə tutulur.

Nəşr edilib : 22.09.2026 19:09