Naxçıvan-İğdır-Qars dəmir yolu: Naxçıvanın iqtisa...
18:40 19.04.2026
0
0
1
NAXÇIVAN :
19 Aprel 2026, Bazar
Qışın soyuq nəfəsi yavaş-yavaş geri çəkildikcə təbiət sanki yeni bir başlanğıca hazırlaşır. Bu dəyişimin ən gözəl müjdəçilərindən biri isə xalqımızın qədim ənənələrindən olan İlaxır çərşənbədir. Bu gecə, sadəcə, bir bayram günü deyil, həm də insanların qəlbində ümidlərin yenidən canlandığı, baharın gəlişinə sevinc və inamla qapı açdığı xüsusi bir zamandır. Sanki hər ocaq alovu, hər yanan tonqal qışın ağırlığını arxada qoyaraq yeni bir fəslin doğulduğunu xəbər verir.
Bu gecə köhnə incikliklər unudulur, ürəklərdə yeni arzular yaranır. Hər kəs sanki həyatında yeni bir səhifə açmağa hazırlaşır. Tonqalın alovu, süfrələrin bərəkəti və insanların bir araya gəlməsi baharın gəlişini daha da mənalı edir.
İlaxır çərşənbə təkcə təqvimdə qeyd olunan bir gün deyil, xalqımızın yaddaşında əsrlərdir yaşayan ənənələrin, ümidlərin və yenilənmənin rəmzidir. Qışın uzun və soyuq günlərindən sonra insanlar bu gecəni sanki böyük bir səbirsizliklə gözləyir. Çünki İlaxır çərşənbə baharın artıq qapıda olduğunu, təbiətin yenidən canlanacağını müjdələyən xüsusi bir gecədir
İlaxır çərşənbə əsrlərdir xalqımızın yaddaşında yaşayan adət-ənənələrlə zəngindir. Bu gecə evlərdə süfrələr açılır, ailə üzvləri bir araya toplaşır, tonqallar qalanır. Bayramın ən yaddaqalan ənənələrindən biri tonqal qalamaqdır. Axşam düşən kimi həyətlərdə və məhəllələrdə tonqallar alovlanır, insanlar onun ətrafına toplaşaraq tonqalın üzərindən tullanırlar. Bu adət köhnə ilin ağırlıqlarından, çətinliklərindən və mənfi enerjisindən arınmaq mənasını daşıyır. Tonqalın alovu sanki insanların qəlbindəki ümidləri daha da işıqlandırır və baharın gəlişinə olan sevinci artırır.
Həmin gecə uşaqların sevinc dolu səsi küçələri bürüyür. Məhlələrdə insanlar bir araya toplanırlar. Çalıb-oynayanlar, yumurta toqquşduranlar, papaq atanlar, maraqlı, şən söhbətlər edənlər gecəyə xüsusi rəng qatır. Gənc, subay qızlar qulaq falına çıxırlar. Onlar eşitdikləri sözləri diləklərinə uyğun yozurlar. Buna görə də bayram günü hər kəsin evində maraqlı, şən söhbətlər edilməlidir. İnsanlar bir-birlərinə qonaq gedirlər, bir araya toplaşıb gözəl günləri yad edirlər. Bu ənənələr təkcə əyləncə deyil, həm də nəsildən-nəslə ötürülən milli kimliyin, birlik və paylaşma ruhunun bir parçasıdır. İlaxır çərşənbə insanları bir araya gətirir, ailə bağlarını daha da möhkəmləndirir.
Bayramın sehrli ab-havası insanlara bir həqiqəti xatırladır: hər qaranlıq qışın sonunda mütləq bir bahar var. Tonqalın işığında isinəndə, bayram süfrəsi ətrafında sevdiklərimizlə bir araya gələndə anlayırıq ki, bu ənənələr, sadəcə, keçmişdən qalan adətlər deyil, həm də bizi bir-birimizə bağlayan mənəvi körpüdür.
Baharın qapısını açan bu gecə insanlara yalnız bayram sevinci yox, həm də ümid bəxş edir. Çünki hər İlaxır çərşənbə bizə pıçıldayır ki, həyat da fəsillər kimi dəyişir – çətin günlərin ardından mütləq yeni bir başlanğıc, yeni bir bahar gəlir.
Ayşən ADIGÖZƏLOVA
Digər xəbərlər