NAXÇIVAN :

08 Sentyabr 2026, Çərşənbə axşamı

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026”da kənd təsərrüfatında süni intellektin rolu müzakirə olunub

...

“Bakı İqlim Fəaliyyəti Həftəsi 2026” ikinci günündə panel sessiyalarla davam edir.

"Şərq qapısı" xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) təbii sərvətlər üzrə mütəxəssisi Evetta Zeninanın moderatorluğu ilə keçirilən panel sessiyada “Rəqəmsal transformasiya və süni intellekt: İqlimədavamlı kənd təsərrüfatının qurulması” mövzusunda müzakirələr aparılıb.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq departamentinin rəhbəri Tolqaxan Bəxtiyar bildirib ki, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirlərinin azaldılması üçün ölkələr arasında təcrübə mübadiləsi və beynəlxalq əməkdaşlıq gücləndirilməlidir. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar fermerlərin iqlim risklərinə daha çevik uyğunlaşmasına imkan yaradır.

Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin süni intellekt layihələri üzrə rəhbəri Surxay Novruzov qeyd edib ki, süni intellekt kənd təsərrüfatında məhsuldarlığın artırılması, resurslardan səmərəli istifadə və fermerlərin qərarvermə imkanlarının genişləndirilməsi üçün mühüm alətə çevrilə bilər.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Proqramlar üzrə rəhbəri Aynur Seyidyusif süni intellekt və məlumatlara əsaslanan həllərin iqlimədavamlı kənd təsərrüfatının formalaşdırılmasında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, bu texnologiyaların tətbiqi fermerlərə daha düzgün və vaxtında qərarlar qəbul etməyə kömək göstərir.

Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Şahin Əliyev rəqəmsal transformasiyanın kənd təsərrüfatında innovasiyaların tətbiqini sürətləndirdiyini diqqətə çatdırıb. O qeyd edib ki, süni intellekt kənd təsərrüfatının daha dayanıqlı və səmərəli inkişafına şərait yaradır.

Asiya İnkişaf Bankının İnsan və Sosial İnkişaf Sektoru üzrə layihə əməkdaşı Sabina Yusifova isə rəqəmsal texnologiyaların sosial və iqtisadi inkişafı dəstəklədiyini bildirib. Onun sözlərinə görə, innovativ həllərin əlçatanlığının artırılması fermerlərin imkanlarını genişləndirə və iqlim risklərinə davamlılığı gücləndirə bilər.

Sessiyada, həmçinin kənd təsərrüfatının iqlim dəyişmələrinə davamlılığının gücləndirilməsi, fermerlərə göstərilən dəstək xidmətlərinin təkmilləşdirilməsi və innovativ yanaşmaların geniş tətbiqi məsələləri müzakirə edilib.

Azərbaycanın iqlim dəyişmələrinə uyğunlaşma istiqamətində süni intellektdən və sübutlara əsaslanan kənd təsərrüfatı siyasətindən istifadə təcrübəsi də diqqət mərkəzində olub.

Bildirilib ki, rəqəmsal transformasiya kənd təsərrüfatının daha dayanıqlı və səmərəli inkişafına, eyni zamanda, iqlim dəyişmələrinin yaratdığı risklərə çevik reaksiya verilməsinə imkan yaradır.

Sessiyada bu istiqamətdə beynəlxalq əməkdaşlığın və qabaqcıl texnologiyaların kənd təsərrüfatında tətbiqinin genişləndirilməsinin vacibliyi vurğulanıb.

Nəşr edilib : 08.09.2026 15:58