Xankəndidə keçiriləcək növbəti əmək yarmarkasında ...
18:16 09.09.2026
0
0
0
Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində “Təsir dialoqu - Özəl sektor” mövzusunda dəyirmi masa keçirilib.
"Şərq qapısı" xəbər verir ki, tədbirdə iqlim dəyişmələri ilə mübarizədə özəl sektorun rolu, biznesin yaşıl transformasiyaya keçidi, dayanıqlı investisiyaların təşviqi və şirkətlərin ekoloji məsuliyyətinin artırılması məsələləri müzakirə olunub.
Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev çıxışında iqlim gündəliyinin həyata keçirilməsində özəl sektorun fəal iştirakının vacibliyini vurğulayıb. O qeyd edib ki, iqlim dəyişmələri ilə mübarizə yalnız dövlətlərin səyləri ilə məhdudlaşmamalı, özəl sektor nümayəndələri də bu prosesə fəal şəkildə cəlb olunmalıdırlar.
COP29-un yüksək səviyyəli iqlim çempionu, Milli Məclisin deputatı Nigar Arpadarai özəl sektorun iqlim fəaliyyətində iştirakının əhəmiyyətindən danışıb. O bildirib ki, şirkətlərin iqlim öhdəliklərini biznes strategiyalarına inteqrasiya etməsi və emissiyaların azaldılması istiqamətində konkret addımlar atması vacibdir.
Birləşmiş Millətlər Təşkilatının Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitro Şlapaçenko isə çıxışında iqlim dəyişmələrinin qlobal miqyasda yaratdığı çağırışlara toxunub. O, bu istiqamətdə beynəlxalq əməkdaşlığın, dövlət, özəl sektor və vətəndaş cəmiyyəti arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib.
Dəyirmi masa çərçivəsində, həmçinin yaşıl maliyyələşdirmə mexanizmləri, bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi, enerji səmərəliliyinin artırılması və özəl şirkətlərin iqlim məqsədlərinə töhfəsinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Tədbir iştirakçıların mövzu ətrafında müzakirələri və fikir mübadiləsi ilə davam edib.
Digər xəbərlər