NAXÇIVAN :

20 Aprel 2026, Bazar ertəsi

Belçika Baş nazirinin müavini İran ərazisindən Naxçıvana dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib

...

Martın 31-də Belçika Krallığının Baş nazirinin müavini, xarici işlər, Avropa işləri və inkişaf sahəsində əməkdaşlıq naziri Maksim Prevo Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

"Şərq qapısı" xəbər verir ki, Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idaarəsindən bildiriblər ki, telefon danışığı zamanı Yaxın Şərqdə cari təhlükəsizlik vəziyyəti, Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlər, habelə Avropa İttifaqı çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Nazirlər Yaxın Şərqdə mövcud hərbi eskalasiyadan dərin narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik yolla həllinin vacibliyini vurğulayıblar. Belçika naziri bununla yanaşı, İran ərazisindən Naxçıvan istiqamətinə dron hücumu ilə əlaqədar ölkəmizlə həmrəyliyini ifadə edib. Eyni zamanda, Belçika vətəndaşlarının İrandan təxliyəsinin təmin olunmasına yaradılmış şəraitə görə ölkəmizə təşəkkür bildirilib.

Nazirlər o cümlədən, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ətrafında fikir mübadiləsi aparıblar. Nazir Ceyhun Bayramov qarşı tərəfi bölgədə davamlı sülh və sabitliyin təmin edilməsi istiqamətində görülən tədbirlər barədə məlumatlandırıb.

Tərəflər Azərbaycanla Belçika arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün konstruktiv dialoqun və siyasi məsləhətləşmələr kimi mövcud mexanizmlərin, qarşılıqlı səfərlərin və yüksək səviyyəli təmasların əhəmiyyətini vurğulayıblar.

Nəşr edilib : 31.03.2026 19:39