Azərbaycan güləşçisi Qazaxıstanda keçirilən dünya ...
18:21 31.10.2026
0
0
0
NAXÇIVAN :
31 Oktyabr 2026, Şənbə
Almaniyanın nüfuzlu nəşrlərindən olan “Berliner Zeitung” qəzetində Azərbaycanın zəngin multikulrualizm mühitindən bəhs edən geniş məqalə dərc olunub.
"Şərq qapısı" xəbər verir ki, Almaniya Müsəlmanları Mərkəzi Şurasının sabiq sədri Ayman Mazyekin müəllifi olduğu məqalədə Azərbaycanın İslam dünyasında özünəməxsus dövlət-din münasibətləri modeli və multikulturalizm təcrübəsindən ətraflı söhbət açılıb.
Məqalədə vurğulanıb ki, Yaxın Şərqdə və Körfəz regionunda sünnilər və şiələr arasında tarixi ayrılıqlardan siyasi məqsədlər üçün istifadə edildiyi bir vaxtda Cənubi Qafqazda yerləşən Azərbaycan tamamilə fərqli model nümayiş etdirir. Müəllif yazır ki, Azərbaycan son onilliklərdə İslam dünyasında analoqu olmayan unikal dini-siyasi mühit və dinc yanaşı yaşama nümunəsi formalaşdırıb.
Nəşrdə diqqətə çatdırılır ki, Bakıda cümə namazlarında məscidlərin sünni və ya şiə məscidi olması soruşulmur. Hər iki məzhəbin nümayəndələri bir məsciddə eyni sırada duraraq birlikdə ibadət edirlər. Xüsusilə qeyd edilib ki, Bağdad, Beyrut və ya Sənada siyasi qarşıdurma vasitəsinə çevrilən bu məsələ Azərbaycanda gündəlik həyat normasıdır. Ölkə əhalisinin təxminən 70 faizini şiələr, qalan hissəsini isə sünnilər təşkil etsə də, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) bütün müsəlmanların vahid təmsilçisi kimi çıxış edir. Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi bu qurumda onun müavininin sünni müfti Salman Musayev olması bu birliyin müvəqqəti güzəşt deyil, köklü bir sistem olduğunu göstərir.
Azərbaycana səfərləri zamanı bu modelin şahidi olduğunu bildirən müəllif qeyd edib ki, ölkədə yalnız İslam məzhəbləri deyil, yəhudi, katolik, protestant və rus pravoslav icmaları da dərin hörmət və dinc şəraitdə yaşayırlar. Xüsusilə Aşura günündə Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi ilə bütün dini icma rəhbərlərinin bir araya gələrək qanvermə aksiyasında iştirak etməsi, şiə kimliyi ilə assosiasiya olunan bir günün sünnilər, yəhudilər və xristianlar üçün vahid həmrəylik gününə çevrilməsinin bariz nümunəsidir.
Məqalədə Azərbaycanın multikulturalizm siyasətinin dövlət səviyyəsində dəstəkləndiyi vurğulanır. Müəllif Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildən start götürən “Bakı Prosesi”ni və 2011-ci ildən keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu xüsusi qeyd edir. UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı və ICESCO ilə tərəfdaşlıq çərçivəsində təşkil olunan bu forumların Azərbaycanın qlobal dialoqa töhfələrinin bariz göstəricisi olduğu diqqətə çatdırılıb. Eyni zamanda, müəllif əlavə edir ki, Azərbaycanın əsl sərvəti təkcə beynəlxalq konfranslar deyil, ailələrdə, qonşuluqda və məscidlərdə təbii şəkildə yaşanan konfessiyalararası dostluqdur.
Yazıda Azərbaycanın nümayiş etdirdiyi bu unikal modelin müxtəlif istiqamətlərdən gələn radikal təhdidlər və ideoloji təzyiqlərlə üzləşdiyi vurğulanıb. Qeyd olunur ki, xaricdən ixracına cəhd göstərilən dini ekstremizmə, ideoloji təxribatlara və saxta dezinformasiya kampaniyalarına baxmayaraq, ölkədə məzhəblərarası həmrəylik sabit qalır. Tədqiqatlara istinadən vurğulanır ki, radikallaşmanın və ideoloji təhdidlərin qarşısını alan ən effektiv vasitə inzibati tədbirlər deyil, məhz cəmiyyətdə heç bir məzhəbin təcrid olunmaması və hamıya bərabər münasibət bəslənməsidir.
Qeyd olunur ki, Azərbaycan regional münaqişələrin və xarici təzyiqlərin dini-məzhəbi müstəviyə keçməsinə imkan verməyərək təmkinli, müdrik və sülhpərvər daxili və xarici siyasət yürüdür. Dövlətin nümayiş etdirdiyi bu müstəqil duruş daxili dini sabitliyin və konfessiyalararası sülhün başlıca təminatçısı kimi qiymətləndirilir.
Müəllif Ayman Mazyek vurğulayır ki, Azərbaycanın nümayiş etdirdiyi bu model bütün İslam dünyası üçün ümid işığıdır. Tarixi təcrübələr göstərir ki, müxtəlif məzhəblərin dinc yanaşı yaşaması mümkün və alternativsizdir. Bu gün Azərbaycanda yaşanan məzhəblərarası qardaşlıq və qarşılıqlı hörmət mühiti regionda və dünyada sülhün, dialoqun bərqərar olması üçün mühüm bir nümunədir.
Digər xəbərlər