NAXÇIVAN :

26 Iyul 2026, Bazar

Bülövqaya yaşayış yerində aparılan arxeoloji tədqiqatlara baxış keçirilib

...

Naxçıvan Muxtar Respublikasının Babək rayonu, Göynük kəndi yaxınlığında yerləşən Bülövqaya yaşayış yerində aparılan tədqiqat işlərinə baxış keçirilib.
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Şərq qapısı”na bildirilib ki, baxışda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, bölmə əməkdaşları və Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin əməkdaşı iştirak edib.
Qeyd edək ki, Bülövqaya yaşayış yerində tədqiqat işləri AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevin rəhbərliyi ilə Bülövqaya arxeoloji ekspedisiyası tərəfindən aparılır.
Baxış zamanı ekspedisiyanın rəhbəri Vəli Baxşəliyev Bülövqaya yaşayış yeri və orada aparılan qazıntılar barədə ətraflı məlumat verib. Professor bildirib ki, Sarısu çayının sol sahilində, strateji cəhətdən əlverişli mövqedə yerləşən bu məskən Erkən Eneolit dövrünün (eramızdan əvvəl VI-V minillik) regional xüsusiyyətlərini öyrənmək üçün unikal abidədir. Yaşayış yeri Naxçıvanın qədim tarixinin, köçmə maldarlıqla məşğul olan tayfaların mədəniyyətinin və regionun Yaxın Şərqlə, xüsusilə Urmiya hövzəsi və Şimali Mesopotamiya ilə iqtisadi-mədəni əlaqələrinin öyrənilməsi baxımından böyük elmi əhəmiyyət daşıyır.
Aparılan tədqiqatlar göstərir ki, Bülövqaya yaşayış yerinin mədəni təbəqəsi relyefə uyğun olaraq fərqli qalınlıqda toplanmışdır. Arxeoloji qazıntılar zamanı buradan Erkən Eneolit dövrü üçün xarakterik saman qarışıqlı və boyalı keramika nümunələri, dəvəgözü (obsidian) və çaxmaqdaşından hazırlanan əmək alətləri, eləcə də sümük alətlər aşkarlanıb. Bu tapıntılar Naxçıvanın Cənubi Qafqazın ən qədim mədəniyyət mərkəzlərindən biri olduğunu sübut edir.
Akademik İsmayıl Hacıyev ərazidə aparılan tədqiqat işlərinin gedişatını yüksək qiymətləndirib.
Sonda abidənin gələcək tədqiqat perspektivləri müzakirə olunub və bu istiqamətdə müvafiq tapşırıqlar verilib.

Nəşr edilib : 08.07.2026 15:58