NAXÇIVAN :

03 Noyabr 2026, Çərşənbə axşamı

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

...

Rumıniyanın paytaxtı Buxarestdə Azərbaycanın 8 Noyabr – Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil olunub.
“Şərq qapısı” xəbər verir ki, Azərbaycanın Rumıniyadakı səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə “Club Diplomatic” sarayında keçirilən tədbirdə Rumıniya Senatının sədri Mirça Abrudyan, hökumət nümayəndələri, deputatlar, senatorlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ictimai-siyasi xadimlər, elm və mədəniyyət nümayəndələri, media təmsilçiləri, türk və tatar icmalarının, eləcə də Rumıniyada yaşayan və təhsil alan azərbaycanlıların nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan və Rumıniyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən danışıb. Diplomat bildirib ki, Azərbaycan torpaqları təxminən 30 il işğal altında qalıb, bir milyondan çox azərbaycanlı doğma yurdlarından didərgin düşüb, şəhər və kəndlər dağıdılıb.
Səfir vurğulayıb ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycan Ordusu Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb.
Qüdsi Osmanov müharibədən sonrakı dövrdə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işlərindən də bəhs edib. O, bölgədə yeni infrastruktur layihələrinin reallaşdırıldığını, yaşayış məntəqələrinin yenidən qurulduğunu və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının davam etdiyini diqqətə çatdırıb.
Tədbirin əsas qonağı, Rumıniya Senatının sədri Mirça Abrudyan çıxışında 8 Noyabr tarixinin Azərbaycan üçün xüsusi əhəmiyyət daşıdığını bildirib. O, bu tarixin Cənubi Qafqazın inkişafında yeni mərhələnin başlanğıcı olduğunu qeyd edib.
Senatın sədri Rumıniyanın Azərbaycanın etibarlı dostu və strateji tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında münasibətlərin qarşılıqlı etimada və ortaq strateji maraqlara əsaslandığını söyləyib.
Mirça Abrudyan müasir beynəlxalq münasibətlər sistemində regional və qlobal təhlükəsizliyə təhdidlərin artdığını diqqətə çatdırıb. O, belə bir şəraitdə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmətin, mübahisələrin diplomatik vasitələrlə həllinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
Rumıniya Senatının sədri Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlandığını qeyd edərək, regionun gələcəkdə iqtisadi, enerji və nəqliyyat layihələri ilə daha çox tanınacağına ümidvar olduğunu ifadə edib.
Tədbirdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qonaqlar, həmçinin Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbəni, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərini və mina problemini əks etdirən fotosərgi ilə tanış olublar.
Rəsmi qəbulun sonunda iştirakçılara Azərbaycan milli mətbəxinin nümunələri təqdim edilib.

Nəşr edilib : 03.11.2026 18:51