NAXÇIVAN :

29 Oktyabr 2026, Cümə axşamı

“Carçı” jurnalının baş redaktoru: Hüseyn Cavidin xatirəsini yad etməkdən böyük şərəf duyuram

...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin xatirəsinə həsr olunmuş tədbir keçirilir. Tədbirdə iştirak etmək üçün paytaxt Bakıdan Naxçıvana bir sıra qonaqlar səfər edib. “Carçı” jurnalının baş redaktoru Gülnarə Əmirquliyeva dahi dramaturq və Naxçıvana səfəri barədə fikirlərini “Şərq qapısı” ilə bölüşüb: “Hüseyn Cavidin xatirəsini yad etmək üçün Naxçıvana gəlməkdən böyük şərəf duyuram. Jurnalımızın bu sayında görkəmli dramaturqun həyat və yaradıcılığına yer vermişik”.

O qeyd etdi ki, Hüseyn Cavid elə böyük şəxsiyyətdir ki, onun yaradıcılığı bütün yaş qrupları üçün əhəmiyyət daşıyır, əsərləri bu gün də oxunur və öyrənilir. Gülnarə Əmirquliyeva böyük dramaturqun hər bir sözünün, hər bir kəlməsinin insanlar üçün örnək olduğunu bildirərək ruhuna rəhmət dilədi.

İlk dəfə Naxçıvana gəldiyini deyən müsahibim bu səfərin onun üçün xüsusi əhəmiyyət daşıdığını qeyd etdi. Bildirdi ki, dünyanın bir çox yerlərini gəzməsinə baxmayaraq, Naxçıvana ilk səfəri həyatının unudulmaz xatirələrindən biri olacaq. O bu gözəl torpaqda olmaqdan qürur və məmnunluq duyduğunu ifadə etdi.

Zəhra VƏLİYEVA

Nəşr edilib : 23.10.2026 10:58