NAXÇIVAN :

28 Oktyabr 2026, Çərşənbə

Cari ildə Naxçıvan Muxtar Respublikasında tikinti-quraşdırma işlərinə investisiya qoyuluşu əhəmiyyətli dərəcədə artıb

...

İstehsal-iqtisadi əlaqələrinin yenidən formalaşdığı müasir mərhələdə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafı istiqamətində əsas vəzifələrdən biri uzunmüddətli və dinamik iqtisadi artıma nail olmaq üçün mövcud resursları iqtisadi dövriyyəyə cəlb etməkdir. Bu baxımdan, tikinti-quraşdırma işlərinə yönəldilən investisiyalar dayanıqlı iqtisadi artım üçün yeni imkanlar yaratmaqla yanaşı, yerli resurslardan səmərəli istifadəni, məşğulluğun genişləndirilməsini və yeni istehsal güclərinin işə salınmasını da stimullaşdırır.

Naxçıvanda müşahidə olunan iqtisadi fəallıq bu baxımdan diqqətəlayiq göstəricilərlə səciyyələnir. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəsmi məlumatına əsasən 2026-cı ilin yanvar-sentyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələri hesabına əsas kapitala 238 milyon 196 min 500 manat investisiya yönəldilib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 37,4 faiz çoxdur.

İnvestisiyaların 198 milyon 484 min 300 manatı və ya 83,3 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub. Bu göstərici də əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41,9 faiz artıb. Rəqəmlər göstərir ki, cari ilin ilk doqquz ayında yeni əsas kapitalın yaradılması və mövcud infrastrukturun yenilənməsi istiqamətində investisiya fəallığı əhəmiyyətli dərəcədə yüksəlib. Bu prosesin davamlı xarakter alması gələcəkdə istehsal və xidmət həcminin artmasına, yeni iş yerlərinin açılmasına, sahibkarlıq gəlirlərinin yüksəlməsinə və vergi daxilolmalarının genişlənməsinə şərait yarada bilər.

Naxçıvanda mövcud istehsal və əmək resurslarından istifadənin səmərəliliyi baxımından investisiyaların real iqtisadi fəaliyyətə vaxtında cəlb edilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, əsas kapitala yönəldilən vəsaitlərin düzgün istiqamətləndirilməsi, onların iqtisadi səmərəsinin artırılması və yeni istehsal imkanlarının formalaşdırılması regionda iqtisadi fəallığın davamlılığını təmin edən əsas şərtlərdəndir.

İnvestisiyaların strukturuna nəzər saldıqda qeyri-dövlət sektorunun payının daha yüksək olduğu görünür. Belə ki, 2026-cı ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilən investisiyaların 100 milyon 758 min 100 manatı və ya 42,3 faizi dövlət sektorunun, 137 milyon 438 min 400 manatı və ya 57,7 faizi isə qeyri-dövlət sektorunun payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə dövlət sektorunda investisiyalar 30,9 faiz, qeyri-dövlət sektorunda isə 42,7 faiz artıb. Bu dinamika özəl təşəbbüslərin və sahibkarlıq fəaliyyətinin investisiya prosesindəki rolunun artdığını göstərir.

İnvestisiya qoyuluşlarının sahələr üzrə bölgüsü də diqqətəlayiqdir. Hesabat dövründə vəsaitlərin 116 milyon 367 min 700 manatı və ya 48,9 faizi məhsul istehsalı sahələrinə, 27 milyon 152 min 700 manatı və ya 11,4 faizi xidmət sahələrinə, 94 milyon 676 min 100 manatı və ya 39,7 faizi isə yaşayış evlərinin tikintisinə yönəldilib.

Muxtar respublikada yeni yaşayış binalarının inşası, istehsal müəssisələrinin yaradılması, elektrik enerjisi təsərrüfatının yenidən qurulması, kənd təsərrüfatında su təminatının yaxşılaşdırılması və nəqliyyat sahəsinə ayrılan vəsaitlər investisiya fəallığının artmasına təsir göstərən əsas istiqamətlər sırasındadır. Bu layihələr bir tərəfdən infrastrukturun yenilənməsinə, digər tərəfdən isə istehsal və xidmət fəaliyyətinin genişlənməsi üçün zəruri şəraitin yaradılmasına xidmət edir.

Ümumilikdə, cari ilin doqquz ayında yönəldilən investisiyaların həcmi və strukturuna nəzər saldıqda, onların Naxçıvan iqtisadiyyatının şaxələndirilməsi üçün əhəmiyyətli imkanlar yaratdığını görmək mümkündür.  Xüsusilə məhsul istehsalı sahələrinə yönəldilən vəsaitlər gələcəkdə emal sənayesi, turizm və logistika kimi sahələrdə əlavə dəyərin yaradılmasına, iqtisadi fəaliyyətin genişlənməsinə təkan verə bilər. Bu baxımdan, investisiyalara yalnız cari iqtisadi göstərici kimi deyil, regionun uzunmüddətli inkişaf potensialına yönəldilən sərmayə kimi yanaşmaq vacibdir.

Bununla yanaşı, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların həcmi də diqqət çəkir. Bu istiqamətdəki vəsaitlərin ümumi investisiyalarda 39,7 faizlik paya malik olması tikinti sektorunun iqtisadi fəallıqda mühüm yer tutduğunu göstərir. Yaşayış tikintisinin genişlənməsi əhalinin mənzil təminatının yaxşılaşdırılması baxımından əhəmiyyətli olmaqla yanaşı, tikinti materialları istehsalı, nəqliyyat və digər əlaqəli sahələrdə də iqtisadi fəallığa müsbət təsir göstərə bilər.

Beləliklə, 2026-cı ilin yanvar-sentyabr aylarında Naxçıvanda əsas kapitala və xüsusilə tikinti-quraşdırma işlərinə investisiya qoyuluşunun əhəmiyyətli dərəcədə artması regionun iqtisadi inkişafı baxımından müsbət tendensiyadır. Bununla belə, investisiya artımının uzunmüddətli nəticələri həmin vəsaitlərin nə dərəcədə səmərəli istifadə olunmasından, yeni istehsal güclərinin yaradılmasından, məşğulluğun genişləndirilməsindən və qeyri-neft sektorunda əlavə dəyərin artırılmasından asılı olacaqdır. Əsas məqsəd investisiya artımını davamlı iqtisadi inkişafla uzlaşdırmaq, mövcud potensialı real istehsal və xidmət nəticələrinə çevirməkdir.

Əli CABBAROV

 

Nəşr edilib : 28.10.2026 10:27