Bakıda Çin Xalq Azadlıq Ordusunun yaranmasının 99-...
21:06 28.07.2026
0
0
0
NAXÇIVAN :
28 Iyul 2026, Çərşənbə axşamı
Çin və Azərbaycan arasında qarşılıqlı hörmət və qarşılıqlı fayda prinsiplərinə əsaslanan tərəfdaşlıq uğurla inkişaf edir. Hərbi mübadilə və əməkdaşlıq isə ikitərəfli münasibətlərin mühüm tərkib hissəsini təşkil edir.
“Şərq qapısı” xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı hərbi attaşesi, polkovnik Sun Çjun Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 99-cu ildönümü münasibətilə keçirilən tədbirdə çıxışı zamanı səsləndirib.
Polkovnik bildirib ki, Çin Xalq Azadlıq Ordusu ölkə tarixinin taleyüklü dövründə formalaşıb və ötən illər ərzində Çinin müstəqilliyinin möhkəmləndirilməsinə, milli inkişafına və davamlı sülhün təmin olunmasına mühüm töhfələr verib.
Onun sözlərinə görə, bu gün Çin Xalq Azadlıq Ordusu modernləşmənin yeni mərhələsinə qədəm qoyub və əsas missiyası ölkənin suverenliyini, təhlükəsizliyini və inkişaf maraqlarını qorumaqla yanaşı, regional və qlobal sülhün möhkəmləndirilməsinə töhfə verməkdir.
Sun Çjun qeyd edib ki, son illərdə Çin ordusu dünyanın müxtəlif ölkələrinin silahlı qüvvələri ilə əməkdaşlığı genişləndirib, BMT-nin sülhməramlı əməliyyatlarında, dəniz quldurluğuna qarşı beynəlxalq missiyalarda, humanitar yardım və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması tədbirlərində fəal iştirak edib.
“Bu fəaliyyət Çinin digər ölkələrlə birlikdə ümumi təhlükəsizlik çağırışlarının həllinə töhfə vermək əzmini nümayiş etdirir”, – deyə hərbi attaşe vurğulayıb.
Polkovnik bildirib ki, Çin və Azərbaycan arasında hərbi əməkdaşlıq yüksəksəviyyəli qarşılıqlı səfərlər, peşəkar dialoq, hərbi kadrların hazırlanması və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq vasitəsilə ardıcıl şəkildə inkişaf edir.
“Bu mübadilə qarşılıqlı anlaşmanı daha da möhkəmləndirib və gələcək əməkdaşlıq üçün etibarlı zəmin yaradıb”, – deyə o qeyd edib.
Sun Çjun, həmçinin Azərbaycanın regional bağlantının və beynəlxalq əməkdaşlığın təşviqində oynadığı rolu yüksək qiymətləndirib.
“Avropa ilə Asiyanın kəsişməsində yerləşən mühüm ölkə kimi Azərbaycan regional inkişaf və sabitliyə dəyərli töhfələr verir. Biz əməkdaşlığımızı daha da dərinləşdirmək, regionda və dünyada sülhə və rifaha yeni töhfələr vermək üçün Azərbaycanla birgə işləməyi səbirsizliklə gözləyirik”, – deyə hərbi attaşe bildirib.
O vurğulayıb ki, gələn il Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 100 illiyi qeyd olunacaq və Çin bundan sonra da bütün ölkələrlə sülh, qarşılıqlı hörmət və ümumi inkişaf prinsipləri əsasında əməkdaşlığı davam etdirəcək.
Çıxışının sonunda Sun Çjun qonaqları Çin səfirliyi tərəfindən hazırlanmış qısametrajlı videoçarxa baxmağa dəvət edərək bildirib ki, video iştirakçılara Çin Xalq Azadlıq Ordusunun hazırlıq sistemi haqqında ümumi təsəvvür formalaşdıracaq.
Digər xəbərlər