Zelenski ilə Tramp arasında telefon danışığı olub...
19:30 14.06.2026
0
0
0
NAXÇIVAN :
14 Iyun 2026, Bazar
"Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidməti vardır. Ulu Öndər hakimiyyətə gəldiyi vaxtlardan etibarən daim Naxçıvanı diqqətdə saxlamış, muxtar respublikanın gələcəyi ilə bağlı ən vacib qərarların təşəbbüskarı olmuşdur".
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bir yerdə yaşadıq, bir yerdə vuruşduq
“Elə olurdu aylarla elektrik olmurdu, neft lampasından istifadə edirdik, onunla işləyirdik, onunla yaşayırdıq, qışda isitmə olmurdu. Camaat donurdu. Ağacların çoxunu kəsdilər ki, uşaqları xilas etsinlər. Mən o vaxt o ağır vəziyyətdə xalqla bir yerdə oldum. Və muxtar respublikanın əhalisinə dəfələrə dedim, biz bir yerdə yaşayacağıq, bir yerdə vuruşacağıq. Və bir yerdə bu vəziyyətdən çıxacağıq”.
Ulu Öndərin sözləridir, 90-cı illərdə Naxçıvanda yaşadığı günləri yada salarkən demişdi. Onun mübarizəsi və Azərbaycanı qurub-yaratmaq missiyası 1969-cu ildən başlasa da, ən çətin və keşməkeşli günlər 1990-cı ilin soyuq, qarlı yanvar gecəsinə təsadüf etdi. Yenidən doğulmaq və yaranmaq, illərdir, arzusunda olduğumuz müstəqil Azərbaycanı qurmaq bizə nəsib oldu həmin ildə. Bu həm də yaşamaq və yaratmaq mübarizəsi idi. Ən böyük mübarizə meydanı isə bura idi – qədim Naxçıvan. Həmin illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin ətrafında sıx birləşən muxtar respublika sakinləri gələcəyə böyük ümidlə baxır, bütün məsələlərin öz həllini tapacağına inanırdılar. Hər qaranlıq gecənin bir işıqlı sabahı var, – deyirlər. Bizim nurlu sabahımız isə dahi rəhbərin gəlişi ilə açıldı.
Sovetlər birliyi son nəfəsini verir, gücü çatdığı qədər müqavimət göstərir, əsarət zəncirini daha da bərk sıxmaq üçün müstəqilliyə can atan azərbaycanlıların üstünə zirehli texnikalar, ağır silahlarla hücum edirdi. Bütün bunlardan cəsarətlənən ermənilər isə sərhədlərimizə hücum edir, torpaqlarımızı işğal etməklə insanlarımıza amansız divan tuturdu. Azərbaycanın digər bölgələrindən fərqli olaraq, Naxçıvanda vəziyyət tamam başqa idi. Erməni silahlılarının hücumlarına əliyalın sinə gərən oğullarımız düşmənə bir qarış belə torpaq vermirdi. Həmin vaxtlarda Moskvadan Bakıya qayıdıb, mərkəzi hakimiyyətin soyuq münasibətilə qarşılaşan Ulu Öndər öz yurduna – Naxçıvana gəlmişdi. Naxçıvanlıların dahi rəhbəri qurbanlar kəsərək qarşıladıqları həmin günlərdə mərkəzi hakimiyyətin gözü Ümummilli Lideri götürmədi. Çünki onlar Vətəni yox, öz mənafelərini düşünürdülər. Yurdumuza qayıdan dahi rəhbərin gəlişi ilə sanki Günəş doğuldu Vətənimizin başı üstündə. Bu həmin Günəş idi ki, onun şəfəqləri illər sonra da hər tərəfi nura qərq edəcəkdi. Bəli, Naxçıvanda buranın mərd insanları ilə bərabər soyuq, şaxtalı günlərdə, işıqsız, qazsız yaşayan əbədiyaşar liderin həmin illərdə burada çıraq işığında imzaladığı sərəncam və fərmanlar, xarici dövlətlərlə qurduğu diplomatik əlaqələr qədim Naxçıvanı işğaldan, yox olmaq təhlükəsindən qorudu.
Ulu Öndərimizin yurduna qayıtması hamıda – səngərdə döyüşən əsgərdə də, çörək növbəsində dayanan sakinlərdə də böyük ruh yüksəkliyi yaratdı. Bol-bəhərli günlərə isə çətin günlərdən sonra gəldik. Dərin zəkası, uzaqgörənliyi, tükənməz enerjisi və təhlil bacarığı görkəmli dövlət xadiminə imkan verirdi ki, ən çətin və çıxılmaz vəziyyətlərdə öz xalqı və Vətəni üçün mümkün variantın ən düzgününü seçib gərginliyi aradan qaldırsın. İlk olaraq düşmən hücumlarının qarşısı alındı, nizamlı ordu yaradıldı, qonşu dövlətlərlə diplomatik əlaqələr bərpa edildi. Ümummilli Liderimiz Naxçıvanda Ali Məclisin Sədri vəzifəsində çalışdığı illərdə mühüm siyasi və ideoloji amilə çevrilən tarixi qərarlar qəbul edib. O gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim diyarı dirçəltməyə başladı. Burada müasir Azərbaycanın təməli atıldı. Təkcə muxtar respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail olundu. Dahi rəhbər bu diyarda mübarizə aparan insanlarla birlikdə düşmənə sinə gərəndə Qarabağda, ümumilikdə, Azərbaycanın digər bölgələrində xaos vəziyyəti yaranmışdı. Xocalı soyqırımı, ardınca cənnət Şuşa və Laçın düşmənə peşkəş verilirdi. Bacarıqsız rəhbərlər düşmən hücumunun qarşısını almaq əvəzinə qeyri-qanuni silahlı birləşmələrlə üz-üzə gəlir, qardaş qırğınına yol açırdı. Bütün bunlar Birinci Qarabağ müharibəsində məğlubiyyəti qaçınılmaz edirdi. Çünki tarixboyu heç bir anti-milli hakimiyyət müharibədə qələbə qazana bilməmişdi. Azərbaycanda da eyni mənzərə müşahidə olundu. Xalq isə mətanətini itirməməyə çalışır, yenicə əldə etdiyi müstəqilliyi və torpaqlarımızı qorumaq üçün səylərini davam etdirirdi.
Dövlətçiliyin xilas günü
Naxçıvanda baş verənləri yaxından izləyənlər, xalqın düşünən beyinləri bu çətin və xaos vəziyyətindən çıxış yolunu Ulu Öndərin hakimiyyətə qayıdışında görürdü. Elə məhz buna görə də insanlar qəzet və televiziya vasitəsilə Ona müraciətlər edir, Naxçıvana gəlirdilər. Hətta Qarabağda döyüşlərdə əsir düşənlərin valideynləri Naxçıvana üz tutur, dahi rəhbərdən onlara kömək etməsini istəyirdilər. Xalqın səsinə, çağırışlarına, Vətənin düşdüyü vəziyyətə biganə qala bilməyən dahi rəhbər Bakıya qayıtdı və xalqın təkidli tələbi və səs çoxluğu ilə ölkə Prezidenti seçildi. Xalq öz oğlunu bağrına basıb Onu qorudu. Çünki yaxşı bilirdik ki, sovetlər dövründə belə erməni xainlərini susdurmağı bacaran insan idi Heydər Əliyev. Xalqın inamı və dəstəyi, dahi rəhbərin siyasi gücü, dərin zəkası, çətin vəziyyətlərdə verdiyi düzgün qərarlar günəş kimi nur saçdı yurdumuzun səmasına. Sonralar Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin bu mərhələsini belə xarakterizə edirdi: “Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyununda hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Naxçıvandan Şuşaya
Həmin illərdə Naxçıvandan başlanan yol Bakıdan keçib Şuşaya, Xankəndiyə uzandı. Bu xalq müasir Azərbaycanın təməlinin atılmasına şahid oldu, sonra daşların bir-bir necə yerinə qoyulduğunu gördük. Nə xoşbəxt bir nəsilik ki, 1990-cı ildə Naxçıvanda düyünlənən yumruğun dəmir kimi bərkiyib Vətən savaşında düşmənin başında şimşək kimi çaxmasına şahid olduq. Zaman bir daha böyük Heydər Əliyevin – o siyasət dahisinin bütün bəlalardan xilas edərək ayağa qaldırdığı Azərbaycanı əmin əllərə təslim etdiyini təsdiqlədi. Xalqına arxalanan Müzəffər Sərkərdə dünyaya qüdrətli ordusu, yenilməz siyasi-diplomatik gücü ilə meydan oxudu. Ulu Öndərimizin əsasını qoyduğu siyasətin, nurlu yolun uğurla davam etdirilməsi bizə Vətən müharibəsində Böyük Qələbəni bəxş etdi, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, ərazi bütövlüyümüz bərpa olundu.
Prezident İlham Əliyev 2020-ci il noyabrın 10-da imzalanmış birgə Bəyanata qədim diyarla bağlı xüsusi bir maddəni – 9-cu bəndi salmaqla önümüzdəki illərdə muxtar respublikanın beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevrilməsinə şərait yaratdı. Zəngilandan Naxçıvana dəmir yolu xəttinin və avtomobil magistrallarının tikintisi muxtar respublikada transmilli nəqliyyat proqramlarının və layihələrinin reallaşdırılmasına şərait yaradacaq. Bu da qədim diyarın geostrateji əhəmiyyətini daha da artırmaqla yanaşı, bir sıra mühüm məsələlərdə böyük nailiyyətlər qazanmağa imkan verəcəkdir. Zəngəzur dəhlizinin açılması ilə Naxçıvan həm də bizim üçün Avropaya qapı, Türk dünyası üçün isə ümid bağına çevriləcək. Bütün bunlar Ali Baş Komandanımızın dəmir iradə nümayiş etdirməsinin nəticəsidir.
Ramiyə ƏKBƏROVA
Digər xəbərlər