MİQ iştirakçıları imtahan yeri və vaxtını sabah öy...
23:07 09.07.2026
0
0
0
NAXÇIVAN :
09 Iyul 2026, Cümə axşamı
Bədii oyma dekorativ-tətbiqi sənətin ən qədim və zəngin növlərindən biridir. Daş, ağac və ya sümük – materialından asılı olmayaraq, bu sənət müxtəlif materiallara həyat və məna qazandırmaq bacarığıdır. Ölkəmizdə oyma, yonma və cızma üsulu ilə sənət nümunələrinin yaradılması ənənəsi minilliklərə söykənən tarixə malikdir. Qobustan və Naxçıvandakı Gəmiqaya qayaüstü təsvirləri bu sənətin qədim köklərini yaşadan ən qiymətli nümunələridir.
Bu gün həmin ənənəni çiyinlərində daşıyan, ağaca və daşa yeni nəfəs bəxş edən ustad sənətkarlarımızdan biri də Füzuli Xəlilovdur. Onunla emalatxanasında – yonqar qoxusunun və səssizliyin sehrli dünyasında görüşüb, 30 ildən artıq davam edən sənət yoluna nəzər saldıq.
Füzuli Xəlilov Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil alıb. Gənc yaşlarından bu sənətin sehrinə düşən ustad üçün ilham mənbəyi doğma yurdun abidələri olub: “Bu sənətə olan sevgim gənclik illərimdən başlayıb. Dahi memar Əcəmi Naxçıvani yaradıcılığına hər zaman böyük rəğbət bəsləmişəm. Möminə xatun türbəsi qarşısında hər dəfə dayananda heyrətlənirəm. Əsrlər keçməsinə baxmayaraq, o abidənin üzərindəki incə işləmələr, memarlıq dəqiqliyi məni valeh edir. Hər dəfə baxanda düşünürəm: insan əli və zəkası necə bu qədər möhtəşəm sənət əsəri yarada bilib?!”
Füzuli müəllim sənətdə ustad məktəbinin əvəzsiz rolunu xüsusi vurğulayır. O, mərhum müəllimi Akif müəllimi dərin ehtiramla xatırlayır: “Ustadım mənə yalnız işin texniki tərəflərini deyil, sənətə sevgi ilə yanaşmağı öyrətdi. Bu gün əldə etdiyim uğurlarda onun əməyi əvəzsizdir”.
Hər bir sənət əsərinin yaranması böyük bir səbir tələb edir. Ustad deyir ki, oyma sənəti, ilk növbədə, riyazi dəqiqlik, sonsuz səbir və yüksək zövq dialoqudur. Hər şey kağız üzərindəki eskizlə başlayır, ölçülər götürülür, kompozisiya materiala köçürülür və ən çətin mərhələ – oyma başlayır. Son cilalama ilə əsər tamamlanır. Bəzən saatlarla işləyirsən, amma istədiyin nəticə dərhal alınmır. Amma sənət sevgisi elə bir hissdir ki, yeni bir əsər ortaya çıxan kimi bütün yorğunluğunluq unudulur”.
Füzuli müəllimin əl işləri təkcə ölkəmizdə deyil, Türkiyə və İranda keçirilən bir sıra beynəlxalq sərgilərdə nümayiş olunub, böyük maraqla qarşılanıb. O, sifarişlə hazırladığı işlərlə yanaşı, daxili dünyasını ifadə edən müəllif əsərləri də yaradır. Ustad bildirir ki, bəzən materiala baxanda onun içində gizlənən formanı görür. Sanki o əsər artıq oradadır, sadəcə, kənardakı artıq hissələri təmizləyib onu üzə çıxarmaq qalır. Onun üçün emalatxana təkcə iş yeri deyil, yaradıcılıq düşüncələrinin formalaşdığı, yeni ideyaların həyata vəsiqə qazandığı məkandır.
Söhbətimizin ən düşündürücü məqamı isə bu sənətin gələcəyi ilə bağlı oldu. Müasir dövrdə lazer oyma avadanlıqlarının geniş yayılmasına baxmayaraq, Füzuli Xəlilov hesab edir ki, texnologiya işi sürətləndirsə də, insan əlinin yaratdığı sənət əsərinin ruhunu əvəz edə bilməz.
Füzuli Xəlilov sənətdə sərhəd tanımayan, yenilikləri sevən bir yaradıcıdır. O təkcə ağac və daş üzərində deyil, işlənməsi xüsusi ustalıq və həssaslıq tələb edən bərk qaya duzundan da maraqlı sənət nümunələri hazırlayır.. Daş duzunu yonaraq ərsəyə gətirdiyi dekorativ əşyalar və çıraqlar həm estetik görünüşü, həm də təbii xüsusiyyətləri ilə diqqət çəkir. Kövrək və çətin emal olunan bu material üzərində işləmək isə onun peşəkarlığının növbəti göstəricisidir.
Ustad milli kimliyimizin bir parçası olan bu sənətin yaşaması üçün gənclərin ona daha şox maraq göstərməsini arzulayır. Yazını sənət yoluna yeni qədəm qoyan gənclərə ünvanladığı tövsiyə ilə yekunlaşdırırıq: “Əlinə ilk dəfə oyma aləti alan gəncə ən böyük məsləhətim – səbirli olmaqdır. Heç bir sənət bir günə öyrənilmir. Daim çalışmaq, oxumaq və öz üzərində işləmək lazımdır. Əgər ürəyində sənət sevgisi varsa, qarşına çıxan heç bir çətinlik səni yolundan döndərə bilməyəcək...”
Səmayə RƏSULOVA
Digər xəbərlər